Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:37

«Əslində o milyardlar demokratiyaya işlədi»


Hikmət Hacızadə
Hikmət Hacızadə

.

Gözlə

No media source currently available

0:00 0:05:24 0:00
Direct-ə keçid

17 günlük Avropa Oyunları bitsə də, onun ölkə üçün önəmi, faydası haqda müzakirələr hələ də davam edir. Politoloq Hikmət Hacızadənin bu haqda fikirlərini öyrənmək istədik.

- Avropa Oyunları başa çatdı. Sizcə, bunun Azərbaycan üçün önəmi, faydası nə oldu?

- Prinsipcə, mən bu idman konsepsiyasının qəti əleyhinəyəm. Ümumən bu yarıprofessional, ya professional idman konsepsiyasını cəmiyyət üçün zərərli hesab edirəm. Gənclər ömrünü idmana sərf edir. Sonra da bir hissəsi şikəst olur, idman ömürləri qurtarır. Ya polisə getməlidirlər adam döyməyə, ya da kriminala. Mən bunu qəbul etmirəm. Ona görə belə mərasimləri bəyənmirəm, baxmıram, acığım gəlir.

- Siz Azərbaycan hökumətinin idman siyasətini, onun müəyyən etdiyi konsepsiyanı bəyənmirsiniz, yoxsa ümumən dünyanın idman konsepsiyasını?

Dünyada iki cür fərqlənən xalq var - biri fişənglərə, şara, dondurmaya, gözəl maşına sevinir, o biri tamam başqa cür yaşayır, insanı düşünür.

- Azərbaycan hökuməti də mən deyən konsepsiyaya qoşulub. Bu, Azərbaycan hökumətinin konsepsiyası deyil ki. Dünyada XX əsrin ortalarından formalaşmış belə bir konsepsiya var. Mən onu qəbul etmirəm. Düşünürəm ki, sadə vətəndaşlara o, heç bir xeyir gətirmir. O ki qaldı bizim hökumətin ora milyardlar tökməsinə, onun da əleyhinəyəm. Çünki daha böyük problemlərimiz var. Bəlkə mən başqa bir adamam. Amma o fişənglərin alovundan çox sevinmirəm. Amma görürəm ki, bulvarda adamlar sevinir, hoppanır, fit çalır: «Ura, salyut!». Amma bu fişəng məni heyrətə salmır, sevinə bilmirəm.

- Bəs o pulları hara xərcləmək lazım idi, sizcə?

- Min dənə yer var. Xəstəxana tikmək olar, məktəb təmir etmək, xaricdə tələbə oxutmaq, qəzetlərə kömək etmək... Azərbaycanın min dənə problemi var. İndiyə kimi səhiyyə sistemimiz sığortasız qalıb. Xəstələnən bilmir hara getsin. Camaat Azərbaycanda müalicə olunmaqdan qaçır. Kasıb İrana qaçır, bir az varlı Türkiyəyə qaçır, oliqarxlar Avropaya, Amerikaya gedir. Bəlkə bununla məşğul olaq? Nəsə, ümumən bu formada idman xoşuma gəlmir. Azərbaycanda da ora pul tökməyin əleyhinəyəm. Bax, o Hollandiya ikinci Avropa Oyunlarını keçirməkdən imtina etdi, görünür, onlar elə mən deyənlə razılaşırlar. Mənasızdır bu. Halbuki Hollandiyada buna milyardlar lazım deyildi, cəmi 100 milyon pul lazımıydı. Amma bunu da çox gördülər. Nəsə dəyişməlidir. Dünya oyanmalıdır.

- Siyasi hakimiyyətin arqumenti budur ki, bu cür idman tədbirlərində ölkə tanınır, onun haqqında dünyada müsbət imic formalaşır.

Avropa Oyunlarının bağlanış mərasimi
Avropa Oyunlarının bağlanış mərasimi

- Bu, səhv fikirdir. Kimin yanında təbliğat aparılır? Bu planetdə iki cür millət yaranıb. Birincisi, salyuta sevinənlər, qlamur adamlar, 600 nəfərlik toy keçirənlər və belələri dünyada da çoxdur, Avropada da var.

Onların yanında bəlkə də Azərbaycanın imici qalxdı. Ancaq başqa millət də var bu planetdə! İnsanı düşünən, gələcəyi düşünən, hər şeyi ölçüb-biçən, həqiqət axtaran. Onlar arasında bizim Oyunlarımız tamam başqa cür yadda qaldı. Bu Oyunlar onlardan ötrü siyasi dustaqlarla birgə şənlənmək, toy keçirməkdi. Faktiki olaraq bizim Avropa Oyunlarına xərclədiyimiz o milyard var, – milyardlardır bəlkə də, rəqəmi dəqiq bilmirəm, – bu pul guya rejimin böyük PR-na xərclənmişdi. Ancaq o, əksinə demokratiyaya işlədi. Demokratik dünyanın diqqəti Azərbaycandakı acınacaqlı vəziyyətə yönəldi. Bizə işlədi, sənə, mənə... Ona sevinmək olar. Zarafatsız deyirəm, dünyada iki cür fərqlənən xalq var - biri fişənglərə, şara, dondurmaya, gözəl maşına sevinir, o biri tamam başqa cür yaşayır, insanı düşünür. Onlar arasında mənfi fikir yarandı, milyardlar demokratiyaya işlədi.

- Avropa Oyunları bitdi. Bundan sonra ölkədə ictimai-siyasi durum necə olacaq? Siyasi yumşalma gedəcək, ya təzyiqlər davam edəcək?

- Təzyiqlər davam edəcək, bəli. Ola bilsin, bizim hamımızı ya burda tutsunlar, ya ölkədən çıxmağa qoymasınlar. Hər şey ola bilər.

- Yəni hesab edirsiniz ki, siyasi mühit daha da sərtləşəcək?

Həbsdə olan jurnalist, ictimai fəal və siyasətçilər
Həbsdə olan jurnalist, ictimai fəal və siyasətçilər

- Bilmirəm sərtləşəcək, ya yox. Amma belə ehtimal var. Əslində sərtləşməyə ehtiyac da qalmayıb. Hamını doldurublar içəriyə. Kim qalıb?

- Amma ümid edənlər vardı ki, Oyunlar bitəndən sonra yumşalma olacaq, siyasi məhbuslar azad ediləcək... Amma bu gün – iyunun 30-da Meydan TV-nin əməkdaşları Gürcüstana buraxılmayıblar. Deyəsən, ümidlər puç oldu?

- Yox, onu da demək olmaz. Bəlkə də əfv oldu. Mən bunların ağlıyla düşünə bilmirəm. Bilmirəm qafalarında nə baş verir. Bəlkə də Oyunlardan sonra deyəcəklər: «Gördünüz, nə istədik etdik, siz dediniz buraxmadıq, demədiniz buraxdıq». Hər şey ola bilər. Qəribə bir hakimiyyətimiz var bizim.

- Siyasi hakimiyyətin ovqatını necə dəyərləndirirsiniz? Bəzi müşahidəçilərə görə, Azərbaycan iqtidarı Oyunlardan sonra sanki eyforiya yaşayır, bir-birini tərif edir, mükafatlandırır...

- Xəbərim yoxdur onların ovqatından. Ola bilər sevinirlər. Elə şeyi sevəndilər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG