Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 10:32

Bu insanlar hələ də dəyişməyiblər...


Azər Musaoğlu
Azər Musaoğlu

-

"Min illərdir Marsda yeni həyat başlayıb, bu uşaqlarsa Marsı tanımırlar"

Azər Musaoğlu

QURUD

(Fantastik hekayə)

7777-ci ilin isti yay aylarından biri idi. Tətili qalaktikanın harasında keçirmək haqqında fikirləşirdim.

Divardakı “highfeeltech”- yüksək hissetmə qabiliyyətli monitor fikirlərimdə çətinlik çəkdiyimi hiss edərək quruldu və mənə tətil istirahəti üçün bir neçə yer təklif etdi.

Monitor elə quraşdırılmışdı ki, çıxış yollarını, təklifləri insanın genetikası, fiziologiyası, psixologiyası və digər logiyalarına əsasən gəldiyi ortaq nəticəyə uyğun olaraq, göstərirdi.

Monitorda bir-bir planetlərin, ölkələrin, şəhərlərin adı yazılır, istirahət etmək üçün maraqlı yerlər haqqında fotolar, videolar, səsli məlumatlar gedirdi. Tarixi yerləri, muzeyləri, böyük şəhərləri gəzməyə həvəsim yox idi.

Şənlənmək, təbiət qoynunda istirahət etmək istəyirdim. Ona görə də monitordan milli bayramlar, karnavallar haqqında soruşdum.

O, mənə Yer planetinin Qafqaz adlanan ərazisi haqqında məlumat verməyə başladı və bildirdi ki, tezliklə el bayramı olan "Tale" bayramını qeyd etmək üçün insanlar təbiət qoynuna çıxacaqlar, çalıb-oxuyacaqlar, oynayacaqlar, yarışacaqlar və sair.

Ekrandakı şəkillər diqqətimi çəkdi, yeri bəyəndim. Yadıma bu yerlə bağlı Yer planetindəki əcdadlarımdan yadigar əşya düşdü.

Tez evi axtarıb onu tapdım. Vakum şüşənin içində yumruq boyda ağ, yarı kəsilmiş yumurtaya oxşayan bu əşyanın nə olduğunu bilmirdim.

Bircə onu bilirdim ki, əcdadlarım Yer planetindən Marsa köçəndə bunu özləri ilə gətiriblər və biz hamımız onu qoruyub gələcək nəsillərə ötürməliyik.

Şüşəni sındırıb içindəki bu ortasından kəsilmiş yumurtanın uc tərəfinə oxşayan əşyanı çıxarmaq istədim. Amma sonra “nəsillərin əmanəti olanı qorumaq andı” içdiyimə görə, qorxdum.

Şüşənin içindəkinin nə olduğunu monitordan soruşdum. O, bir neçə fotoşəkil göstərib, ağ, yumurtaya bənzər əşyanın adının "qurud" olduğunu dedi.

Artıq qərarlaşdırmışdım, tətili Yer planetində, əcdadlarımın yaşadığı torpaqda keçirəcəkdim. Sabah tezdən Planetlərarası Kosmik Stansiyaya gedib Yerə uçmağı planlaşdırdım.

Səhər məni monitor oyatdı. Əcdadlarımın yadigarı olan əşyanı da yol üçün xidmətçi robotumun hazırladığı çantama qoyub stansiyaya yollandım.

İki saat sonra Yer planetinə endik. Uçan taksiyə minib məni "Tale" bayramına aparmasını istədim.

Mən taksidən düşəndə şənlik artıq başlamışdı. Hər yerdən insanlar axışıb gəlir, çadırlar qurulur, heyvanlar kəsilir, ocaqlar qalanırdı; deyir, gülür, şənlənirdilər.

Bizim Marsda belə şeylər olmurdu. Gördüyüm hər şeylə maraqlanır, çoxlu suallar verir, insanlara qaynayıb-qarışmağa başlayırdım.

Məni çox yaxşı qarşıladılar. Marsdan olduğumu biləndə şərəfimə bir heyvan da kəsdilər. Bu dəhşətli mənzərə, heyvanın gözlərindəki qorxu və qanının fısqıraraq axıb yaşıl otların üzərinə tökülməsi məni sarsıtsa da, tez bir zamanda unutdum.

Bizdə heyvanı insanların gözləri önündə kəsmirlər. Burda isə demək olar ki, hamı əlinə bıcaq alır, uşaqların gözləri önündə heyvanları yıxıb boğazlaya bilir.

Havada otların xoş qoxusu üzürdü. Bu qoxunun nə olduğunu soruşanda kəkotu qoxusu olduğunu dedilər. Sonra mənə kəkotu çayı içirtdilər.

İnsanlar çox qonaqpərvər idilər. Kim məni görürdüsə, yeməyə, içməyə dəvət edirdi. Ətrafda insanlar qarışqa kimi qaynayıb-qarışırdı. Kimi at çapır, kimi güləşir, kimi ocaq üstündə fətir deyilən nazik çörək bişirir, samovar qaynadır, saz çalır, şeir deyirdi.

Məni də şeir deyənlərin yanına çağırdılar. Qoca şairlər sevgi haqqında şeirlər oxuyub bir-birini tərifləyir, qucaqlaşıb öpüşürdülər. Şeirlərin çoxunda nakam sevgi, ayrılıq, həsrət kimi sözlərlə yanaşı, bülbül, gül, dağ, çəmənlik, meşə, ağac, yarpaq və digər təbiət isimləri olduğundan onların biologiya mütəxəssisi olduğu qənaətinə gələrək, onlardan kəkotu haqqında soruşdum.

Heç monitorum bu qədər məlumat verə bilməzdi. Şairlər mənə kəkotunun faydalarından, istifadə qaydalarından, hansı xəstəliklərin müalicəsində istifadə edildiyindən nə qədər dəyərli bir bitki olduğundan xeyli danışdılar.

Hətta kəkotu haqqında bir neçə şeir də qoşdular. Soruşdum ki, bəs bu kəkotu harada bitir, göstərə bilərsinizmi. Hamısı yerə baxdı.

Bayaqdan mənə təriflədikləri bitki ayaqlarının altında əzik-əzik olmuşdu.

Bayaq şərəfimə heyvanı kəsən adam məni uzaqdan görüb çağırdı. Şairlərdən aralanıb ona tərəf getdim.

Məni yerdə sərilmiş süfrəyə dəvət etdi. Bayaq kəsdikləri erkək qoyunun ətini şişdən çıxarıb çiy-çiy mənə yedirtdi, balaca şüşə stəkana ağ su töküb mənə uzatdı. Soruşdum ki, bu nədir.

Gülüşdülər. Tut arağını dedikləri kimi, birnəfəsə başıma çəkdim. Üç bir litrlik şüşəni beş adama içib qurtardıq. Başım hərlənirdi. Özümü narahat hiss eləsəm də, halımdan xoşum gəlirdi.

Onlara Marsda belə şeylər yoxdu deyə, çiy ətin və spirtli içkilərin ziyanından danışdım. Gülüşdülər.

Əyilib bayaq məni çağırandan tualet soruşdum. Rəhmətliyin oğlu, hər yer tualetdi, gir kolluğa deyib, yenə gülüşdülər.

Ehtiyacımı ödəyərək buranın qəribə qaydaları haqqında düşünürdüm. İndi əlimi harada yuyum.Plastik qabda su gətirdilər.

Xeyli insanın dairəyə yığılıb qışqırdığını görəndə yaxınlaşdım. Mənim yerli olmadığımı görüb irəliləmək üçün yol verdilər. Taxta qırıntılarının üstündə iki nəfər güləşirdi. Güləşənlər tərin içində idilər, taxta qırıntıları bədənlərinə yapışmışdı.

Bir-birini yıxmaq üçün dəridən-qabıqdan çıxırdılar. Bizdə insanın bir-birinə xətər yetirəcəyi bütün döyüş idman növləri çoxdan ləğv edilib. Burda isə hələ də birinin başqasını döyməsinə mükafat verirlər.

Oradan aralaşıb bir-bir çörəklər və şirnilər bişən yerləri gəzir, hamısının dadına baxırdım.

Sonra at sürən 14-15 yaşlı oğlanların yanına getdim. Məni görəndə öz məharətlərini göstərmək üçün atlarının yüyənlərini sağa-sola dartır, atı şahə qaldırırdılar.

Məndən haradan gəldiyimi soruşdular. "Marsdan" - dedim. Marsın adını belə, eşitməmişdilər. Onları sorğu-suala tutdum.

Məlum oldu ki, uşaqlar məktəbə getmir, yazıb-oxumaq bilmirlər. Məktəb əvəzi dağlarda, yamaclarda qoyun-quzu otarmağa gedir, at sürür, it bəsləyirlər. Min illərdir Marsda yeni həyat başlayıb, bu uşaqlarsa Marsı tanımırlar.

Bu, məni çox kədərləndirdi.

Ucadan şeir deyib oxuyan musiqiçiləri görüb yaxınlaşdım. Saz dedikləri simli musiqi aləti qulağımı oxşayırdı. Xeyli dinlədikdən sonra aşığın tez-tez ifanı dayandırıb hansısa oğlanın hansısa qızın köynəyinin düymələrini aça bilməməyindən, düymələrin öz-özünə bağlandığından danışması mənə inandırıcı gəlmədi, məclisi tərk etdim.

İnsanlar yeyib-içir, çalıb-oynayır, bir-birinin şəninə sağlıqlar, təriflər deyir, güləşir, at çapır, kabab çəkir, fətir bişirirdilər. Bütün bunlardan kənarda hündür tribuna və səsgücləndirici mikrofonlar qurulmuşdu.

Sonra məni düzəldilmiş tribunada çıxış edib, söz söyləyən kostyum və qalstuklu kişilərin yanına dəvət etdilər. Bunlar şənlik, tarixi kökümüz, adət-ənənəmiz, milli dəyərlərimiz, əcdadlarımız kimi sözlərdən çox istifadə edərək özləri çıxış edir, özləri dinləyir, özləri də əl çalırdılar.

Onların uzun, bir-birinə oxşar çıxışını dinləməkdən yorulub aradan çıxmaq istəyirdim ki, dedilər indi qonaq kimi söz mənə veriləcək.

Tribunaya qalxıb, uzaq Mars planetindən bol-bol salamlarımı çatdırdım. Məni yaxşı qarşıladıqlarına görə təşəkkürümü bildirib, təbiətin gözəlliyindən, bir zamanlar əcdadlarımın da beləcə yığılıb, at çapıb, saz çalıb, söz dediklərindən danışdım.

Məni alqışlayıb stolda fərqli süfrəyə dəvət etdilər. Hamımız uzun stullarda oturduq. Qədəhlər araqla dolaraq sağlıq deyildi və bayaqkı çiy heyvan ətindən yeyib, tut arağından xeyli içdim.

Şənlik sona çatırdı. Mən ayaq üstə dura bilmirdim, başım hərlənir, ürəyim bulanırdı. Qalstuklu kişilərdən biri məni evinə qonaq dəvət elədi. Mehmanxanada qalaram, dedim.

Burda qonağı mehmanxanaya yola salana pis baxırlar, həm də axşam toya tək getmək istəmədiyini deyib, məni son model uçan maşınına mindirdi.

Toy məclisində məni alqışlayıb başda yer göstərdilər. Qalstuklu kişi məni tanımadığım adamların yanında qoyub yoxa çıxdı. Musiqi çalındı, qədəhlər doldu, sağlıqlar deyildi. Musiqinin və danışanların səs-küyündən başım ağrıdı.

Yuxarı başda xüsusi bəzədilmiş masa arxasında fərqli geyimdə qız və oğlan uşağı oturmuşdu. Onların toyu olanların evladları olduğunu, ya da gəlin və bəyin yoluna gül səpələyəcək uşaqlar olduğunu düşündüm. Yanımda oturandan gəlinlə bəyin nə zaman məclisə gələcəklərini soruşdum.

Mənə həmin uşaqları göstərib, yeni evlənənlərin onlar olduğunu dedi. Yaşlarını soruşdum. Oğlanın 17, qızın 15 yaşı vardı. Marsda bu cinayət sayılır. Belə bir cinayət məclisində oturub şənlənməyi özümə sığışdıra bilmədim, elə bildim Marsdayam və məni belə bir məclisdə iştirak etdiyimə görə həbs edəcəklər.

Birtəhər aradan çıxıb mehmanxanaya getdim. Başım bərk ağrıyırdı. Dərman qəbul edib yatdım. Səhər möhkəm baş ağrısıyla oyanıb Marsa yola düşməyə hazırlaşırdım ki, çantam yadıma düşdü. Çantanı yaylaqda unutmuşdum. Tez uçan taksiyə minib yaylağa yollandım.

Dünənki şənlikdən, səs-küydən əlamət yox idi, hər tərəf sakitçilik idi. Təbiət zibillikdə eşələnib yatan itə oxşayırdı. Hər tərəf sellofan və boş plastik qutularla, cırıq qəzet səhifələri, sür-sümük, çörək qırıqları, kəsilmiş heyvanların qarın-bağırsağı, pamidor, xiyar qabıqları ilə dolu idi.

Dünənki kəkotundan əsər-əlamət qalmamışdı, ayaqlar altında əzik-əzik olmuşdu. Ətrafına daş yığılmış sönmüş ocaqların yeri təbiətin dərisində qara yaralar kimi görünürdü. İnsanlar özündən sora zir-zibil qoyub getdikəri kimi, əcdadlarım da Marsa köçərkən özlərindən sonra bu cür zir-zibil qoyublar, düşündüm.

Neçə min il keçsə də, bu insanlar hələ də dəyişməyiblər. Əcdadlarım necə yaşayıblar, bunlar da elə yaşayırlar hələ də. Uzaqdan bir kişinin əl edib məni səsləməsinə düşüncələrimdən ayıldım.

O, qaça-qaça yanıma gəlib salamlaşdı, dünən burada unutduğum çantamı götürüb saxladığını dedi. Sevindim.

Onunla yaxınlıqda qurduğu dəyəyə getdik. Məni çox mehriban qarşıladılar. Çantamı səliqəyə salanda çoban qurudu şüşənin içində görüb təəccübləndi. Əcdadlarımın əmanəti olduğunu deyəndə mənə taxtaların üzərinə düzülmüş xeyli qurud göstərdi.

Sonra arvadına dedi ki, bir yaxşı kəsmə xəngəl bişirsin. Çantama müxtəlif şirnilərdən, bir neçə qurud və kəkotu qoydular.

Mən də şüşədəki qurudu onlara hədiyyə etdim. Qurudlu, yağ-soğanlı yarpaq xəngəlindən yeyib, kəkotu çayından içib Marsa uçmaq üçün stansiyaya getdim. İki saat sonra evimdə, çarpayımda rahat uzanıb dincələ biləcəkdim.

Yerdən gətirdiyim qurudları suvenir kimi dostlarıma payladım. Kəkotunu isə vakum şüşəyə saldırıb divardan asdım.

XS
SM
MD
LG