Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:02

Ilqar Məmmədov Türkiyə liderlərinə təbrik məktubu göndərib


REAL Hərəkatının sədri İlqar Məmmədov
REAL Hərəkatının sədri İlqar Məmmədov

REAL Hərəkatının hazırda həbsdə olan sədri İlqar Məmmədov Türkiyədə son parlament seçkisində mandat qazanmış partiyaların liderlərinə təbrik məktubu göndərib.

İyunun 9-da AK Parti Genel Başqanı Ahmet Davutoğluna, CHP Genel Başqanı Kemal Kılıçdaroğluna, MHP Genel Başqanı Devlet Bahçeliye və HDP Eş Genel Başqanları Selahettin Demirtaş və Figen Yüksekdağa göndərilən məktubda qeyd edilir ki, ötən bazar günü Türkiyədə keçirilən parlament seçkisi demokratiyanın Türkiyədə daha bir zəfəridir:

"Uzun illərdir Türkiyə Cümhuriyyəti dünya əhəmiyyətli demokratik təcrübə yaşayır və onu bütün bəşəriyyətin marağında zənginləşdirir. Çox ümid edirəm ki, Türkiyənin gözəl nümunəsi Azərbaycanda da demokratik tərəqqiyə lazım olan yeni nəfəs verəcək.

Fürsətdən istifadə edərək qeyd etmək istəyirəm ki, Türkiyə Cümhuriyyətinin Dağlıq Qarabağ münaqişəsinin həllində imkanlarını bu seçkilərin nəticələri genişləndirəcək. Xatırladım ki, 2009-cu ildə REAL Hərəkatı Türkiyə-Ermənistan sərhədlərin açılmasının dəstəkləyən Azərbaycanda yeganə siyasi təşkilat idi. O zaman sərhəd açılsaydı bu gün Ermənistanın mövqeyində çox ciddi dəyişikliklər artıq baş vermiş olardı və Qarabağ münaqişəsinin dinc yolla həllinə yeni, əvvəllər görünməmiş imkanlar açardı. Ümid edirəm, Türkiyədə qurulacaq yeni hökumət yeni dəyərləndirmə əsasında doğru qərarlar verərək Azərbaycanın ərazi bütövlüyünün bərpası və Güney Qafqazda sülhə doğru əməkdaşlığa yeni yollar açacaq."

Türkiyədə iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinə görə hakim Ədalət və İnkişaf Partiyası - AKP təkbaşına hökuməti formalaşdıra biləcək qədər mandat sayı qazana bilməyib. Hazırda bu ölkədə AKP-nin müxalifət partiyalarından biri ilə koalisiya hökuməti qurması imkanları müzakirə edilir. Bu alınmasa, Türkiyədə erkən parlament seçkisi keçiriləcək.

İlqar Məmmədov 2013-cu il fevralın 4-dən həbsdədir. O, həmin il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrə görə həbs olunub, 7 il müddətinə azadlıqdan məhrum edilib.

2014-cü ilin may ayında Avropa İnsan Hüquqları Məhkəməsi İlqar Məmmədovun azadlıq hüququnun və təqsirsizlik prezumpsiyasının pozulmasını tanıyıb. Məhkəmənin qərarına əsasən, Azərbaycan dövləti dəymiş mənəvi ziyana görə İlqar Məmmədova 22 min avro təzminat ödəməlidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG