Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:49

«Parlament müxalifəti» Milli Şuranın sabahkı mitinqini bugündən tənqid edib


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev

Deputat Qüdrət Həsənquliyev Milli Şuranın "deputat ola bilməyən" sədri Cəmil Həsənlini mövqeyini dəyişməkdə ittiham edir.

-

“Azərbaycan xalqını qorxaqlıqda, cəsarətsizlikdə təhqir edənlər, insanları mitinqə gəlməməkdə, ləyaqətsizlikdə ittiham edənlərə üzümü tutub demək istəyirəm ki, siz öz ləyaqətinizi qoruyun və başınızı qaldırıb, görün kimin ətrafındasınız”.

Bu fikirləri mayın 29-da deputat Qüdrət Həsənquliyev parlamentdəki çıxışı zamanı səsləndirib. O, bildirib ki, Milli Şuranın sədri Cəmil Həsənli deputat olduğu dönəmlərdə hakimiyyəti dəstəkləyib, amma deputat seçilməyəndən sonra da öz mövqeyini dəyişib.

MİLLİ ŞURANIN TƏLƏBİ…

Demokratik Qüvvələrinin “Milli Şura”sı mayın 30-da “Talana Son!” şüarı ilə mitinq keçirəcək. Mitinq qərarı Milli Şuranın Koordinasiya Mərkəzinin mayın 26-da keçirilən toplantısında qəbul olunub.

Mitinqə mayın 19-da Bakıdakı binada 15 nəfərin ölümü, onlarla adamın yaranlanması ilə nəticələnmiş yanğından sonra qərar verilib. Milli Şura hesab edir ki, dövlət büdcəsindən vəsaitlərin silinməsi üçün müxtəlif vasitələrdən biri də Bakıdakı binaların fasadlarının dəyişdirilməsidir. Ucuz və keyfiyyətsiz, yanğına qarşı yoxlamadan keçirilmədən binaların üzlənməsi nəticəsində insanlar öz yaxınlarını itirib, evləri əşyaları ilə birlikdə yanıb.

Ölkədə baş verənlərin məhz korrupsiya, talanla bağlı olduğunu bildiriən Milli Şura mayın 31-də «Məhsul» stadionunda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. BŞİH bu müraciətə müsbət cavab verib, amma mitinqi mayın 30-unda keçirməyi tövsiyə edib.

“MİLLİ ŞURA NEKROLOQ KOMİTƏSİDİR…”

Deputat Zahid Oruc parlamentdə Milli Şuranı və onu rəhbərliyini baş vermiş faciədən öz xeyirlərinə istifadə etməkdə ittiham edib:

“30 may aksiyasını 19 mayda törənmiş hadisə üzərində qurmaq riyakarlıqdır. Bu, vətəndaşların yanğısı deyil. Onların yanğısının nə olduğunu isə bütün ictimaiyyət yaxşı bilir. Facebook və digər sosial şəbəkələrlə “mitinqə bu gün də çıxmayıb, nə vaxt çıxacaqsınız” tipli çağırışlar edilir. Mən o vaxt debatlardan birində Cəmil Həsənlinin özünə bildirmişdim ki, siz nekroloq komitəsisiz və faciələr üzərindən öz mübarizənizi qurursunuz”.

BU BİZİM KONSTİTUSİYA HAQQIMIZDIR

Milli Şuranın sədri Cəmil Həsənli isə AzadlıqRadiosuna bildirib ki, onlar öz konstitusyon haqlarından istifadə edib mitinq keçirir, çağırış edirlər:

Azərbaycanda bu böyüklükdə binanın yanması kimi müsibət olur. İnsanlar baş verən hadisəyə öz münasibətini bildirməməlidir? Deməliyik ki, çox yaxşı bir hadisə baş verib?

“Bu bizim, Azərbaycan vətəndaşlarının konstitusiya haqqıdır. Milli Məclisdə səslənən fikirlər isə tənqid yox, aşağı səviyyəli fikirlərdir. Azərbaycanda bu böyüklükdə binanın yanması kimi müsibət olur. İnsanlar baş verən hadisəyə öz münasibətini bildirməməlidir? Deməliyik ki, çox yaxşı bir hadisə baş verib?”

Mayın 19-da Bakıda 16 mərtəbli bina fasadından alışaraq yanıb. Bununla bağlı prezident İlham Əliyevin tapşırığı ilə yanğınla əlaqədar Dövlət Komissiyası yaradılıb. Həmin komissiyanın iclasında baş prokuror Zakir Qaralov bildirib ki, poliuretan materiallı üzlüklərin binalara od sala biləcəyi siqnalı onda 2012-ci ildən var.

Həmin yanğından sonra Bakıda poliuretan materialla üzlənən binaların fasadlarının sökülməsinə başlanıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG