Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:11

Ünvanlı sosial yardıma görə 1 illik get-gəl, boş vədlər...


Arxiv fotosu
Arxiv fotosu

-

Cəlilabad sakini Yusif Cavadov 10 aydır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayon Sosial Müdafiə Mərkəzinə ayaq döyür. O, sosial rifahını yaxşılaşdırmaq üçün dövlətin yardımından yararlanmaq istəyir.​

«ÖZ HESABLAMALARI İLƏ BİZƏ SOSİAL YARDIM DÜŞÜR»

«1 ildir ki, Mərkəzin işçiləri məni ələ salır. Hər dəfə aylıq gəlirimi hesablayırlar, vururlar-çıxırlar, deyirlər, bəli, sənə ünvanlı sosial yardım düşür. Mənim aylıq gəlirim 244 manat 31 qəpikdir. Ailədə 4 nəfərik. Özlərinin hesablamalarına görə, bizim ailəyə 91 manat 69 qəpik ünvanlı sosial yardım, ikinci uşağım 1 yaşına çatmadığına görə isə əlavə 40 manat da ona görə verilməlidir. Ancaq mən sənədlərimi təqdim edəndə deyirlər göstəriş var ki, vətəndaşlardan sənəd qəbul etməyək. Başa düşə bilmirəm, əgər bu yardım mənə düşürsə niyə sənədlərimi qəbul etmirlər? Bu göstəriş haradan, kimdən gəlir? Bunu aydınlaşdırmağa çalışanda deyirlər çıx bayıra, səs-küy salıb idarənin işinə mane olma».

Şikayətçi deyir ki, Ombudsman Aparatına üç dəfə şikayət yazıb. İki şikayət məktubuna cavab gəlib ki, məktubu səhv yazıb göndərib. Üçüncü məktubuna isə hələ cavab almayıb.

«SƏNƏDLƏRİNİ MƏRKƏZƏ POÇTLA GÖNDƏRSİN»

Cəlilabad rayon Sosial Müdafiə Mərkəzindən «Qaynar xətt»ə bildirdilər ki, Yusif Cavadov Mərkəzə tez-tez gəlib gedir. Həqiqətən də onun sənədləri qəbul edilməyib və bildirilib ki, o, sənədlərini Mərkəzə poçt vasitəsi ilə göndərməlidir. Əgər belə etsə, ona ünvanlı sosial yardım düşüb-düşmədiyi araşdırılandan sonra sənədlərini ya qəbul edəcəklər, ya da yox.

Vəkil Fuad Hüseynov deyir, qanunda belə bir müddəa yoxdur ki, vətəndaş ünvanlı sosial yardım üçün yalnız poçt vasitəsilə müraciət etməlidir:

«Vətəndaş Ərazi üzrə Sosial Müdafiə Mərkəzinə yaxınlaşıb ünvanlı sosial yardım təyinatı üçün topladığı sənədləri müvafiq şöbəyə təqdim etməlidir. Sənədlər araşdırılır və vətəndaşa qısa müddət ərzində ya müsbət, ya da mənfi cavab verilir. Ancaq vətəndaş sənədlərini poçtla da göndərə bilər. Vətəndaş sənədlərini poçt vasitəsilə göndərərsə, özünə xeyirdir ki, əgər ona imtina edilərsə Mərkəz işçilərinin hərəkətlərindən məhkəməyə daha rahat müraciət edə bilər».

Vəkil Yusif Cavadova Rayon Sosial Müdafiə Mərkəzinə poçt vasitəsi ilə müraciət etməyi, mənfi cavab alarsa həmin cavab məktubundan məhkəməyə şikayət verməyi məsləhət görür. Vəkil deyir ki, şikayətçi hesab edirsə aylıq gəlirlərinə görə ona sosial yardım düşür, məhkəmə iddiasında ünvanlı sosial yardımın ayrılmasını yerli Sosial Müdafiə Mərkəzinin üzərinə vəzifə kimi qoyulmasını xahiş etməlidir.

XS
SM
MD
LG