Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:21

Günel Mövlud. Belə veterana nə deyəsən...


Günel Mövlud
Günel Mövlud

-

Bünyad kişi almanlara deyil, faşizmə qarşı vuruşduğunu, almanlara deyil, faşizmə qalib gəldiyini bilmirdi...

Günel Mövlud

BELƏ VETERANA NƏ DEYƏSƏN...

Bu yazını nasizm üzərində qələbə uğrunda canını vermiş milyonlarla insana hörmətlə yazıram. Amma müharibə veteranı adı ilə alver edənləri, nəyə qalib gəldiyini bilməyənləri də göstərməkdən çəkinməyərək...

Bizim tərəflərdə bir "Böyük Vətən Müharibəsi" veteranı vardı. Müharibədən bir xeyli orden-medalla qayıtmışdı. Bünyad kişi deyirdilər ona. Özünün dediyinə görə, düz Berlinə qədər getmişdi. Saysız alman əsgəri öldürmüş, azərbaycanlı silah yoldaşlarını aclıqdan qorumuş, yaralanmış, qospitalda bir rus qızı ilə sevişmiş, amma atasının qorxusundan onu kəndə gətirə bilməmişdi. Bunları Bünyad kişi özü danışırdı.

Amma Bünyad kişi veteran olmağından sui-istifadə də edərdi. Məsələn, onun evinə çəkilməli olan telefon gecikəndə, işığı sönəndə, suyu kəsiləndə, nəvəsini məktəbdə müəllim danlayanda, oğlunu müdiri işdən çıxaranda, qızını işə düzəltmək lazım olanda Bünyad kişi hərəkətə keçirdi. Bu hərəkət olduqca şablon, hamının artıq əzbərə bildiyi bir jest idi. O, qara kostyumunu geyinib, orden-medallarının hamısını sinəsinə taxaraq, lazımı idarənin qapılarını təpiyi ilə açırdı. Heç kimdən icazə-filan almadan, birbaşa müdirin, direktorun, rəisin otağına təpilir, məmurun yanında kiminsə olub-olmadığına zərrə qədər fikir verməyərək, heç vaxt ayrılmadığı əsasını o vaxtlar dəbdə olan qırmızı müşəmbəli masaya bərkdən döyəcləyir və qışqırırdı:

- Əclaf, sən bu gün burda dalını o kresloya rahat yayxayasan deyə, mən müharibədə qan tökmüşəm! Yaralanmışam, vuruşmuşam, ac qalmışam. Mən o boyda nemesə qalib gəlmişəm! Nəyə görə, ay əclaf?! İndi sənin kimi əclaflar müharibə veteranının oğlunu işdən çıxartsın?! Sən bilirsən, buna görə adama neyniyəllər?! Bilirsən, ay əclaf?!

Təbii ki, Bünyad kişinin bu monoloqu məmurun çapından asılı olaraq ya yumşalır, ya da sərtləşirdi. Məsələn, bu adam raykom idisə, Bünyad dayı “əclaf” ünvanını avtomatik olaraq, “filankəs yoldaş”la əvəz edir, həmçinin, digər ifadələrdə də lazımi redaktələr etməyi unutmurdu. Amma əsa ilə masanı döyəcləmək, otağa icazəsiz girmək kimi ərkyana hərəkətlər yerində qalırdı. Adətən, Bünyad kişi girdiyi otaqdan qalib kimi çıxırdı, çünki heç bir iri ya xırda çaplı məmur qalib sovet veteranını əliboş yola salmağa ürək eləmirdi. Bilmək olmazdı, bu "demaqoq kişi" burdan sonra hansı qapını döyəcək... nə olar, nə olmaz deyib, kişini yola veridilər.

Üzünə qarşı heç kim deməsə də, Bünyad kişinin Berlinə qədər getməyi də, rus qızı ilə sevişməyi də, yaralanmağı da, orden-medalları doğrudan da xidmətlərinə görə almağına da yerli camaat arasında böyük bir şübhə vardı.

Bu şübhə bəzən ona gətirib çıxarırdı ki, kişini aşkar lağa qoyur, bəzən də onun barəsində ağlasığmaz lətifələr qoşurdular. Məsələn, onun yaxın qohumlarından biri deyirdi ki, Bünyad kişi özü ona etiraf edib ki, heç vaxt döyüşüb eləməyib, elə oralara çatan kimi baldırını qaşıyıb, yaraya çirk yaxıb, bununla da infeksiya qazanıb, elə müharibənin sonuna kimi belə hoqqalarla o qospital sənin, bu qospital mənim, başını girləyib.

Başqa bir yerlimiz deyirdi ki, Bünyad kişi cəbhədə olmağına olub, amma bir dəfə də olsun, başını qaldırıb, güllə atmayıb. Dava olmayan vaxtlarda, sakitlik olanda silah yoldaşlarının paltarlarını yuyub, onlara yemək bişirib, bir sözlə, müharibədə əsgər kimi yox, təmizlikçi, aşpaz kimi fəaliyyət göstərib.

Başqa biri Bünyad kişi barədə daha ağlasığmaz bir şey nəql edirdi. Danışırdı ki, müharibə yoldaşlarının Bünyad kişi barədə dediklərinə görə, bir dəfə 3 özbək əsgər iri bir balıq tutubmuşlar. Ocaq qalayıb, balığı çubuğa keçirir və bişməsini gözləyirlər. Bünyad kişi bütün bu müddət ərzində kol dalında pusquda dayanır və balıq bişər-bişməz yerindən atılaraq, odun üstündəki balığı götürüb qaçır. Özbək əsgərlər onun ardınca götürülür, amma onlar yaxalayana qədər Bünyad kişi o balığı elə qaça-qaça yeyib qurtarıbmış.

Danışılan əfsanələrə, lətifələrə baxmayaraq, hamı Bünyad kişidən çəkinir, onun şikayət edə biləcəyi qapılardan bərk qorxurdular. Bünyad kişi də bütün bu çəkinmələrdən, qorxmalardan xəbardar idi. O öz qələbəsinin şirin meyvələrini yeməklə məşğul idi.

1993-cü ildə bütün rayon köçkün düşdü. Bünyad kişi və onun xeyli qohumu, qonşusu, Sabirabaddakı Qalaqayın köçkün düşərgəsində məskunlaşdı. Köçkünlüyün ilk illərində çadır düşərgəsinə humanitar yardımı İrandan gəlmiş humanitar təşkilatlar edirdilər. Həmçinin, bir çox dünya miqyaslı təşkilatlar ara-sıra düşərgəyə baş çəkir, ərzaq, paltar, pul paylayıb, geri qayıdırdılar.

Sovet əsgərləri, 1942
Sovet əsgərləri, 1942

Bir- iki ildən sonra Qalaqayındakı düşərgə tamamilə Almaniyadan gəlmiş bir humanitar təşkilatın himayəsinə keçdi. Almanlar çadır şəhərciyinin girişində öz səliqəli, təmiz, abad qərargahlarını qurdular. Qapının ağzında iki nəfər hündür, boy-buxunlu, təmiz və səliqəli, şux geyimli almanı qoruma qoydular. Nəsə bir istəyi, tələbi, problemi olan hər bir köçkün qərargaha çatır, almanlar onu qeydiyyata alır, növbəsi çatanda çağırıb sorğu-sual edir və imkandan asılı olaraq, bir kömək etməyə çalışırdılar.

Bünyad kişinin o vaxtlar artıq qulaqları ağır eşidirdi. Ona görə də düşərgənin alman himayəsinə keçməyini orda-burda gedən söhbətlərdən öyrənə bilmir. Oğul-uşaq, nəvələr də kişini almanların bura gəlişindən xəbardar eləmirlər. Günlərin bir günü kişi ərzağın, düşərgəyə gətirilən yardımların azaldığını fərq edir. Düşünür ki, yəqin “yuxarılar” göndərir, amma “yerli rəhbərlik” özü yeyir, camaata az verir. Bərk əsəbiləşir. Qalxıb yenə nimdaş kostyumu geyinir, orden-medallarını taxır və qərargaha tərəf gedir.

Bünyad kişi qərargaha çatanda, qapının ağzında dayanmış adamların duruşu, sifətlərinin, saçlarının, gözlərinin rənglərindən, danışıqlarından duruxur. Bu adamlar ona kimlərisə xatırladır. O, qərarsız halda yerində mıxlanıb qalır. Uzun-uzadı bu adamlara baxır. Kişinin duruxduğunu görən alman qorumalar da ona şübhə ilə baxırlar.

Kənardan mənzərəni seyr edən adam Bünyad kişinin qonşusu olur. Qonşu məsələnin nə yerdə olduğunu başa düşür və veteranla məzələnmək qaərarına gəlir. Bünyad kişiyə yaxınlaşıb deyir:

- Bünyad kişi, bilirəsən də bu adamlar kimdi? Nemesdilər!

- Nemesin nə işi var əəə, burda?

- Çadırları onlar götürüb himayəyə. Yardımı indi bunlar verəjək.

- Bıııııy....elə niyə...

- Bilmirəm. Özü də, bilirsən o nemes saa niyə əyri-əyri baxır?

-Niyə, əə?

- Sən öl, kimsə onlara xəbər çatdırıb ki, sən o vaxt bunnnara qarşı döyüşmüsən. Güllə atmısan bunlara. Çoxlu nemes öldürmüsən. Hamsın danışıflar. Nə bilmək olar, bəlkə bax elə bu alman gədənin babasın sən öldümüsən? Vallah, olar da...

-.....

Bünyad kişi, tələm-tələsik çadırına qayıdır. Orden-medallı kostyumunu soyunub, bürüb-bükərək, bir küncə soxur. Pərt halda ora-bura vurnuxub, yatağa girir.

Bir neçə aydan sonra Bünyad kişi dünyasını dəyişdi. Ölüm qocalıqdan da ola bilərdi, xəstəlikdən də. Amma deyirdilər ki, Bünyda kişi "nemeslər"in qorxusundan öldü. O hər gün düşünürdü ki, müharibədəki almanların nəvələri ondan qisas alacaqlar.

Bünyad kişi almanlara deyil, faşizmə qarşı vuruşduğunu, almanlara deyil, faşizmə qalib gəldiyini bilmirdi...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG