Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:03

Aytac Babayevanın qətlinə haqq qazandıranlar...


Günel Mövlud
Günel Mövlud

-

Polis öz bölgəsində ərə verilən 14 yaşlı qızın toyuna gedir.

Deputat verilişdə məktəblərdə seksual maarifləndirmənin əleyhinə çıxır ki, belə şeyləri məktəbdə öyrənən qızı kim alacaq?..

Günel Mövlud

SƏN JURNALİSTSƏN, ALLAH QOYMASA...

Orta məktəbdə, səkkizinci sinfidə oxuyanda bir ingilis dili müəlliməmiz vardı.

Bütün dərs boyu bizə gələcəkdə yaxşı gəlin olmağı, ev işlərini öyrənməyi, tikmə-biçmə sənətinə yiyələnməyi, qaynata-qaynanaya necə itaət etməyi öyrədirdi.

Özünün gəlinlik təcrübəsindən fəxrlə, iştahla danışırdı. Fəxrlə deyirdi ki, ingilis dili müəlliməsi olduğuna baxmayaraq yaxşı gəlin olub, yaxşı yuxa salıb, paltar yuyub, ev-eşiyi təmiz saxlayıb, ərini təmiz, ütülü geyindirib, 9 baş külfətə gəlinlik edib, xidmətlərində durub.

O bizə də belə bir həyatı rəva görür, bizi bu həyata hazırlayır və öz aləmində dəyərli məsləhətlər verirdi:

Əriniz işləməyə qoymasa, işləməyin, əsas ailədi. Qaynata-qaynanaya cavab qaytarmayın, siz lap oxuyub kim olsanız da, əsas ağsaqqal-ağbirçək yeri bilməkdir.

Günlərin bir günü bu arvad yenə ağzına gələni danışdı. Təsəvvür edin ki, ingilis dili öyrənmək əvəzinə hər gün bu monoloqa qulaq asırdıq. Bərk əsəbiləşmişdim.

Rusiyada mənə dərs deyən müəllimlərim, onların bizə öyrətdikəri, oxutduqları yadıma düşür və mən bu böyük, faciəvi fərqi görür, ingilsi dilini necəsə öyrənmiş bu arvada ikrah hiss edirdim. Qəfildən onun monoloqunun şirin yerində dözə bilmədim:

-Nüşabə müəllimə, siz ingilis dili müəlliməsisiniz, yoxsa yengə?

O sualdan sonra olanları danışmıram. Ağrılı və ağırdı mənim üçün.

Təxminən bir ay əvvəl yerli saytlardan birində “Arvadı ilə cinsi əlaqədə oldu, cinayət işi açıldı” başlıqlı bir xəbərə rast gəldim. Xəbəri açanda söhbətin 14 yaşlı qızı qaçırıb, onunla cinsi münasibətlərdə olandan sonra toy edən bir adamdan getdiyi bəlli oldu.

Daha sonra məlum olurdu ki, bir müddət sonra hamilə qalan qız atası evinə gedib, onunla qeyri-rəsmi nikah bağlamış adamdan şikayət edib və həmin adama cinayət işi açılıb.

Xəbərə diqqətlə baxaq. 14 yaşında qız qaçırılır. Onunla cinsi əlaqəyə girir və sonra toy edirlər. Qanunvericiliyə görə insanı oğurlamaq, 16 yaşdan aşağı qız və ya oğlanla cinsi münasibətdə olmaq və ya ailə qurmaq qadağandır və cinayət xarakteri daşıyır.

Yəni kimsə 14 yaşlı qızla qeyri-rəsmi toy etsə belə, mətbuatın cütlük barədə “ər”, “arvad” kimi ifadələri işlətməsi absurddur. Qanunun ailə kimi tanımadığı cütlüyü mətbuatın ailə kimi tanımağı və təqdim etməsi absurddur. 14 yaşında qız heç kimin arvadı ola bilməz. Ona zorla toy edə bilərlər, onu zorla qaçıra, zorla va ya qızın öz xoşu ilə cinsi əlaqədə ola bilərlər. Amma bunların hamısı cinayətdir və heç bir halda qanuni qəbul edilə bilməz. Deməli, 14 yaşlı qızı kiminsə “həyat yoldaşı”, “arvadı” kimi təqdim etmək cinayətkara haqq qazandırmaqdır.

Xəbəri “Arvadı ilə cinsi əlaqədə oldu, cinayət işi açıldı” başlığı ilə verən, yazının içində 14 yaşlı qızı kiminsə arvadı kimi təqdim edən sayt bir göstəricidir. Azərbaycan mətbuatının bu günki durumunun göstəricisi.

Çünki bu tip xəbərlər yüzlərlə, minlərlədi. Nikah yaşına çatmayan qadını kiminsə arvadı kimi təqdim etmək adi bir şey olub mətbuatda. Bununla mətbuat və bu mətbu orqanlarında çalışanlar özlərinin də qanunlarla deyil, mentalitetlə, vəhşi ənənələrlə idarə olunduqlarını göstərirlər.

Təbii, o yazını yazan deyə bilər ki, qız öz xoşu ilə 14 yaşında gəlinlik donu geyinir, onun ata-anası bu toyda iştirak edir, qohum-əqraba qol götürüb oynayırsa, mən nə edə bilərəm? Sən heç nə edə bilməzsən. Amma sən 14 yaşında qızla toy edib onunla cinsi əlaqədə olan cinayətkara yazdığın xəbərdə haqq qazandıra bilməzsən. Sən jurnalistsən, sən yengə deyilsən. Sən yengə olmamalısan.

Çünki, sənin yazdığın xəbərdə bu gün zorlanmaya haqq qazandırmağın, sabah qətlə haqq qazandırmağa aparır. Necə ki, biz bunun bariz nümunəsini 17 yaşında qətlə yetirilən Aytac Babayeva məsələsində gördük.

17 yaşlı şagird Aytac Babayevanın qətli təkcə orta statistik insanımızın deyil, Azərbaycan mətbuatının böyük bir hissəsinin hansı vəziyyətdə olduğunu göstərdi. Azərbaycan mətbuatında “Aytacın qatili ilə sevgili olduğu sübut olundu” kimi başlıqlar yazdı, Aytacın oğlanla şəkillərini yayıb, dolayı yolla onun qətlinə haqq qazandırdı. Aytac məsələsində Azərbaycan mətbuatının böyük bir qismi jurnalistika, peşəkarlıqla deyil, yenə yengəliklə məşğul oldular.

Aytac hadisəsinə qədər hansısa bulanıq, boz, qəliz fikirlərin, bəzən vətənpərvərlik, bəzən millətçilik, bəzən dövlət təəssübkeşliyi kimi şeylərin arxasında gizlənmiş simaların bütün iyrəncliyi ortaya qoyuldu.

Aytac Babayevanın qətli sanki yerli mətbuat üçün bir test oldu. Qadın qətli testi. Şagird qətli testi. Qadına münasibət testi. Qadın-kişi münasibətlərinə yanaşma testi. Azərbaycan mətbuatı bu testdən çıxa bilmədi.

Azərbaycan mətbuatını idarə edənlər orta əsrlər təfəkkürünə, feodal baxışlara sahib olduqlarını Aytac Babayeva məsələsində gizlədə bilmədilər. Onlar şagird, qadın, sevgili, insan qətlinə haqq qazandırdılar. Vəssalam.

Cəmiyyətimizin insanı cəhalətdən çıxarmaqla məşğul olmalı, elm, təhsil verməli, haqq qorumalı olan bir çox nümayəndələri özünü yengə kimi aparanda, belə olacaq. Müəllimə şagird qıza dərs demək əvəzinə onu ərə, gəlin olmağa hazırlayır. Polis öz bölgəsində ərə verilən 14 yaşlı qızın toyuna gedir. Ziyalı öz mətnində “gələcək gəlinlər” ifadəsi işlədir.

Deputat verilişdə məktəblərdə seksual maarifləndirmənin əleyhinə çıxır ki, belə şeyləri məktəbdə öyrənən qızı kim alacaq? Toplum sanki yengəlik azarına tutulub. Müəliməsən, dərs de. Sənə nə var o qız ərə gedəndə yaxşı gəlin olacaq, ya pis? Polissən, qanunu qoru. Sənə nə var 15 yaşlı qız özü ərə getmək istəyir? Ziyalısan, elm öyrət, kim qızdı, kim gəlindi, sənə nə var? Oxuduqlarınızdan, təmsil elədiyiniz qanundan, daşıdığınız addan utanmırsız?

Müəllimə yengələşəndə, polis yengələşəndə, alim, ziyalı, deputat yengələşəndə, mətbuat da yengələşəcək. Başqa yolu yoxdur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG