Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:13

Rəhman Bədəlov: ««Atanı öldür!» çağırışı indi məni sarsıtmır»


Rəhman Bədəlov
Rəhman Bədəlov

-

İz - Mənə bir az... xoşbəxtlikdən danış!..
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00

«Millətin içində yaşamaq xofu var!» – prof. Rəhman Bədəlov belə dedi. Tanınmış filosof və mədəniyyətşünas alim bu sözləriAzadlıqRadiosunun «İZ» proqramında dilə gətirdi. Proqramdaxoşbəxtlik ölçülərindən söhbət gedirdi.

«ARXADAN DƏRD ÇAPIR, QORXURAM ÇATA...»

Onun dediyinə görə, bu hisslə yaşamaq olmaz: «Vaqif Səmədoğlunun sözlərinə yazılan bir mahnıda (söhbət Emin Sabitoğlunun bəstələdiyi «Ayrılıq bir dənizmiş» mahnısından gedir - S.İ.) belə bir sətir var: «Arxadan dərd çapır, qorxuram çata...». Bu misra həmişə yadımdadır. Şeir misrası kimi çox gözəldir – «ç» hərfi təkrarlanır və misraya dəhşət saçan məna qazandırır. Bu hisslə - daim xofla yaşamaq olmaz. İstisnalar olsa da, millətin içində bir xof var. Normal yaşayan adamlar, yaradıcılar olsa da, sözün geniş mənasında böyük bir xof yaşanır - yaşamaq xofu. Belələri sevgidən qorxur, güclü hisslərdən qorxur, dağa çıxmaqdan qorxur... Hər zaman düşünür ki, birdən nə isə olar...».

«TAM MÜSTƏQİL OLANDA...»

Rəhman Bədəlovun fikrincə, bizlər nə vaxtsa bu düşüncənin əzabını çəkəcəyik: «Əlbəttə, bu hiss, bu xof – «arxadan dərd çapır, qorxuram çata» düşüncəsi xoşbəxtliyə zidd bir şeydir, qorxulu bir şeydir və biz nə vaxtsa onun əzabını çəkəcəyik - tam müstəqil olanda!.. İndi mən düşünmürəm ki, müstəqilik. Kənardan pullar var və s və i.a. Biz nə vaxtsa özümüz-özümüzlə tək qalanda, bu problemlərin yaranma səbəbini anlamayacağıq. Təbii, demokratiya da önəmlidir, hüquqlar da, iqtisadiyyat da. Bunları inkar etmirəm. Bunlar vacibdir. Amma anlamalıyıq ki, insanının daxilində azad olmaq hissi də var. Daxilən azad olmaq çox önəmlidir».

«ƏZİLMİŞLƏRİN ŞÜURU QORXULUDUR»

Verilişin bələdçisi XIX əsr rus ədəbiyyatında belə mesajların olduğunu xatırlatdı: «Məsələn, rəisindən o qədər qorxur ki, ölə bilər... Bu dəhşət, az qala, iki əsr sonra da bizdə yaşanır. «Vlast ot boqa» (hakimiyyət Allahdandır) sözü var. Hakimiyyət Allahdandırsa, o zaman sən heç kimsən, səni tapdalayacaqlar. İndi Putin-in reytinqini dəstəkləyən adamların çoxu daxilən kölə olduqlarını nümayiş etdirirlər. Təbii ki, Rusiyada başqa cür düşünənlər də var və mən onları tanıyıram. İnanıram ki, orada həmişə müqavimət-dirəniş olacaq. Axı XIX əsrdə yaranan dərin bir ədəbiyyatın, mədəniyyətin sahibidir onlar. Amma əzilmişlərin şüuru çox qorxuludur. Əzilmişlər xoşbəxt olmurlar. Ona görə ki, əzilməsələr də o şüurla yaşayırlar. Əzilmək içəridəndir, daxildəndir».

MİRZƏ CƏLİLİN ÖLÜLƏRİ... VƏ HEIDEGGER-İN DASMENİ

Rəhman müəllim Mirzə Cəlilin əsərlərini oxuyanda o xofu hiss etdiyini deyir: «Mirzə Cəlilin vacib bir məcazı var -təəssüf ki, azərbaycanlılar o güzgüyə az baxırlar - o da ölülərdir. Yəni, ölülər dirilərə dərs oxumamalıdır, axı əsas canlılardır. Bizim bütün mərasimlərimizdə ancaq ölüləri görürük... Filosof Martin Heidegger-də «dasmen» adlanan bir kateqoriya var. Mən bu yaxınlarda onu tərcümə elədim. Kimdir dasmen? Simasız insan –simasız insanlar!..O, abstraksiyadır – soyuq düşüncə məhsuludur. Bizim əvəzimizə yaşayır, bizim əvəzimizdən hər şeyi həll edir. Ruslar deyir, «v nas», «çerez nas», «iz za nas» (bizim içimizdə, bizim içimizdən və bizim ucbatımızdan - S.İ.).

OXUCU MESAJI: «XOŞBƏXTLİK VƏ AZƏRBAYCAN ƏKS QÜTBLƏRDİR!»

Rəhman Bədəlov dasmeni çox qorxulu sayır: «Çox qorxuludur. Sən bir ömür yaşaya, amma özünü tapmaya, özünlə rastlaşmaya bilərsən! Yəni «dasmen» sənin əvəzinə davranır və deyir ki, olmaz, qorxuludur. O üzdən sizin saytınıza gələn oxucu mesajıyla razıyam (söhbət BMT-nin dünya ölkələrindəki xoşbəxtlik indeksi açıqlanandan sonra AzadlıqRadiosunun saytına gələn oxucu mesajından gedir: «Xoşbəxtlik və Azərbaycan əks qütblərdir»-S.İ.) və mən istərdim ki, biz istisna-müstəsna-adiliyi aşan adamları eşidək».

«GƏRƏK SINMAYASAN!»

Rəhman müəllim sovet Azərbaycanında yaşayan nonkonformist rəssamları misal gətirir: «Onlar rejimə təslim olmurdular. Mübarizə də aparmırdılar, əslində. Çox sərbəst idilər. Heç nəyə fikir vermirdilər. İnanıram ki, onlar xoşbəxt idilər. Rəsm çəkirdilər, araq içirdilər və s.. Sərbəst idilər. Bax, bu sərbəstlik çox vacibdir. Mən indiki halımda da cavanlara deyirəm ki, gərək sınmayasan. Sınmaq dözülməz haldır! Ölsən də, ayaq üstə öləsən (gülüşmə). Başqa yol yoxdur! Gərək sürünə-sürünə yaşamayasan».

AİLƏ AÇIQ OLMALIDIR

Aparıcının: «Xoşbəxtliyin tərkib hissəsi kimi ayrıca fərdi, ailəni, mühiti götürmək nə dərəcədə yetərlidir» sualını professor belə cavabladı: «Çox yetərlidir. Bizim üçün ailə dünyadan təcrid olunmuş və dünyadan qoruyan bir mühitdir. Get-gedə problemlər yaranır: İnternet var, dünya açıqdır, gizlənmək, qorunmaq mümkün deyil. Qorunmağı gizlənmək kimi anlamasın insanlar. Yəni ər və arvad - siz ikiniz dünya ilə təmasdasınız. Qapılmırsınız bir-birinizə. Ailə özü açıq olmalıdır – o zaman hər şey normal ola bilər. Bizim kişilər elə bilirlər ki, qapalı bir ailə qura biləcəklər – dədə-babaları kimi - gələcəklər və sayqı-qulluq görəcəklər. Yox, belə olmayacaq! Bunu gözləyirlərsə, bunu umurlarsa,illüziyaları-aldanışlarıyla vidalaşmalı olacaq, narazı qalacaqlar və s.».

NUKLEAR AİLƏ NƏDİR?

Rəhman Bədəlov niyə ailə nüvəsi - nuklear ailə (bir ana, bir ata və uşaqlardan ibarət ailə-S.İ.) üzərində dayandığını belə izah etdi: «Bu, mənim kəşfim deyil, dünyada, urbanistik məkanda mövcuddur. Nuklear ailə odur ki, öz qanunlarını özü yaradır. İki nəfər necə istəyir, elə də müəyyənləşdirir. Bu ailədə dədə-babaların, dasmenin təsiri yoxdur! Necə yaradacaq, necə müəyyənləşdirəcək və necə quracaqlar? – bu, özlərinin işidir. Dasmenin təsiri ilə ailə xoşbəxt ola bilməz. Nuklear ailənin də ömrü uzun deyil. Uşaqlar böyüyür və gedir. O, patriarxal –dədə-baba ailəsi deyil. Nəsil-nəsil ailələr daha olmayacaq. Bu ailədə ağbirçəkli ana hökm sürə bilməz. Ağbirçək ana sayqı-ehtiram distansiyasıdır, həyat distansiyası deyil. Bu ailə öz konstitusiyasını-Ana Yasasını özü yazsın, özü qursun gərək. O mənada dədə-baba ailəsi şəhər üçün deyil. Şəhərdə bu dağılmalıdır və dağılacaq».

«ATANI ÖLDÜR!»

Rəhman müəllim Qərbin ata-oğul münasibətlərinə də toxundu: «Qərb sivilizasiyasındakı ata-oğul münasibətləri əvvəllər məni bir az sarsıdırdı. Ata-oğul münasibətlərindəki «Atanı öldür» («içindəki atanı məhv et» mənasında - S.İ.) çağırışını deyirəm. Amma indi qorxmuram. Bu, normaldır. Sən öz atanın klonusansa, demək, kişi deyilsən. Kişi odur ki, başqadır, atadan asılı deyil, başqa ailə qurur, özü qazanır. Fikrimcə, 3 kateqoriyanın - qadın, qoca və uşaqların reabilitasiyası olmasa, biz xoşbəxt olmayacağıq. Xoşbəxt deyəndə ki, qoy onlar sərbəst olsunlar, - bizdən razı qalmasalar da. Odur ki, biz həyat tərzimizi dəyişməliyik. Bizə elə gəlir ki, gözəl milli dəyərlərimiz var. Mən bunlara inanmıram. Baxın görün, nə qədər aptek var bizdə? Gündən-günə təzə klinikalar açılır. Xoşbəxt millət niyə başdan-ayağa xəstədir?».

«O, BİZİ ALDADIR!»

Aparıcının: «Bizim xoşbəxtlik anlayışımıza dövlətin, Azərbaycan şərtlərində - dövlət başçısının təsir dərəcəsi barədə nə deyə bilərsiniz» sualını Rəhman Bədəlov belə cavabladı: «Mən deyə bilərəm ki, o, bizi aldadır... Demirəm ki, bilə-bilə aldadır (bəlkə də bilə-bilə aldadır, - deyə bilmərəm). O deyir ki, mən sizi xoşbəxt eləmək istəyirəm. Bu, çox qorxunc mesajdır. Hətta ata gərək o mesajı verməsin. Mən xoşbəxt olacağam, ya olmayacağam, - bu, onun işi deyil. O, mənim icraçımdır. O, şərait yaratmalıdır. Richard Nixon o vaxtlar Sovet İttifaqına gələndə demişdi ki, bizim dövlət «Sobes» deyil (rusca qısaltmanı açıb çevirəndə «sosial təminat idarəsi» mənasına gəlir-S.İ.). Bizim dövlət də «Sobes» deyil».

«DÖVLƏT ÖZ İŞİYLƏ MƏŞĞUL OLSUN»

Rəhman Bədəlov dövlətin funksiyasının qayğı göstərmək olmadığını vurğuladı: «Belə bir kəlam var. Avtoritarlar deyirlər ki, mən sizi xoşbəxt etmək istəyirəm - mənə mane olmayın... İnsanlar özləri-özlərini təmin etməlidirlər. Özüm iş açmalıyam, bizneslə məşğul olmalıyam, para qazanmalıyam... Cəmiyyət xoşbəxt ola bilməz: İnsan müəyyən məqamlarda xoşbəxt ola bilər. Cəmiyyət, dövlət onun üçün şərait yarada bilər. Onun funksiyası şərait yaratmaqdır. O şəraitdə kim xoşbəxt olacaq, kim olmayacaq - bu, fərdlərin işidir, dövlətin işi deyil. Dövlət gərək belə işlərə qarışmasın. O öz işiylə məşğul olsun».

NEFTDƏN PAY...

Rəhman Bədəlov insanların bu təhlükəni duymadığını söyləyir: «Biz bir neçə ildən sonra dəhşətli vəziyyətə düşəcəyik. Mən narazı insanları görürəm. Onlar deyirlər, o paydan (neftdən-S.İ.) niyə bizə düşmədi? Mən o paydan istəmirəm! Amma istəyirəm ki, o pay başqa cür xərclənsin. O pay nəvə-nəticələrimizə çatsın. Onlara o vaxt çata bilər ki, o, pulverən bir struktura çevrilsin. Amma biz paylamışıq onu...».

BMT XOŞBƏXTLİYİN DÜSTURUNU TAPDIMI?

Aparıcının: «BMT xoşbəxtliyin düsturunu tapmağa qadirdirmi» sualı belə cavablandı: «Yox, BMT bu düsturu tapa bilməyəcək. Amma bu testlərin öz xeyri var. Fikrə təkan verir. Bu hesabat bizə imkan verir ki, nədənsə danışaq, ölkələr arasındakı fərqləri görək. Belə hesabatlara ciddi yanaşmaq olmaz. Mən onlara oyun deyirəm. Huizinga-in belə bir kitabı var – «Homo Ludens»- «Oynayan insan». Parlament də oyundur, məhkəmə də oyundur. Bu oyunlarsız insan olmur. Bu, vacib oyundur, maraqlı oyundur, amma hər halda oyundur. BMT bizi xoşbəxt etməyəcək. Amma BMT deyir ki, bunlar olanda, pis olmur... Hər halda, siyahının önündə gedənlər - İsveçrə və Norveç Azərbaycandan fərqlənir. Orada xoşbəxt olmaq imkanı daha çoxdur. Halbuki kimsə Azərbaycanda xoşbəxtdir, İsveçrədə bədbəxt...».

XS
SM
MD
LG