Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:20

Köhnə maşınlar şəhərdən yığışdırılacaq


Akif Məmmədovun «Jiquli»si
Akif Məmmədovun «Jiquli»si

-

«Necə yəni köhnə, nasaz maşınlar yığışdırılacaq? Bu, mənim maşınımdır, mənimdirsə, sürməliyəm. 78-ci il yox e, lap 58-ci il buraxılışı olsun, bu, mənim maşınımdır, şəxsi əmlakımdır. Heç kim deyə bilməz ki, sürmə, sürəcəyəm...».

Akif Məmmədov bir neçə dəfə təmirdən çıxmış 37 yaşlı «Jiquli»si ilə həftədə 2-3 dəfə şəhərdəki bazarlara meyvə-tərəvəz gətirir. Deyir, bu maşın «çörək ağacım, sağ əlimdir». 1978-ci il buraxılışlı maşın köhnə də olsa, onun işinə yarayır.

«Bunu mənim əlimdən alan gəlib ailəmi dolandıracaq? Belə getsə, bir azdan deyəcəklər ki, kasıblar bu şəhərdən köçsün...».

YOL POLİSİ: «BU AVTOMOBİLLƏR XARİCİ QONAQLARDA HANSI TƏƏSSÜRAT YARADAR?»

İyun ayında Bakıda keçiriləcək Avropa Oyunları ilə bağlı Bakıdakı xarici görünüşü səliqəsiz, köhnə, rəng qrafikasına uyğun olmayan, nasaz maşınlar yığışdırılacaq. Bu haqda Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi məlumat yayıb. İdarənin bölmə rəisi Vaqif Əsədov deyir ki, son vaxtlar Bakıda istər sərnişindaşıma, istər yükdaşıma, istərsə də digər xidmət sahələrində bu cür maşınlar gözə dəyir. İstismara yararsız, normal tələblərə cavab verməyən belə maşınlar qanuna görə, texniki cəhətdən nasaz sayıldığından istismar edilə bilməz. Onlar istismar tələblərinə cavab verməli, mütləq texniki baxışdan keçirilməldir. Yoxsa onlar yol hərəkətindən kənarlaşdırılacaq.

Vaqif Əsədov deyir ki, yararsız avtomobillərin sahibləri Avropa Oyunlarının keçiriləcəyini, çoxlu turistlərin gəlməsini nəzərə alsınlar:

«Belə avtomobillər xarici qonaqlarda hansı təəssüratı yaradar? Ona görə də, yol hərəkətində mədəniyyət səviyyəsinin yüksəldilməsinə birgə çalışaq».

Foto illüstrasiya
Foto illüstrasiya

SÜRÜCÜ: YIĞIRLARSA, PULUNU ÖDƏSİNLƏR...

2000-ci il buraxılışlı «Tofaş» markalı maşını olan Vüqar Rzayev deyir ki, köhnə maşınlar kənarlaşdırılacaqsa, onda sürücülərə kompensasiya ödənilməlidir:

«Mən də bu xəbəri dünən eşitdim. Mən Hövsan kəndində yaşayıram. Şəhərə gedib-gəlmək çox çətindir. Bu olmasa, neyləyərəm mən? Nə olsun köhnə maşındır, 6 ay əvvəl 4 min dollara almışam. Heç olmasa, 3 min dollara verərəm. Ondan aşağı vermərəm. Bu qədər maşını yığa bilərlər? Camaatın çoxunda köhnə maşındır. Bu qədər maşını yığmaq üçün olimpiada qurtarar, üstündən 3 ay da keçər, yığıb qurtara bilməzlər».

Başqa bir köhnə maşın sahibi Hidayət Bağırov isə deyir ki, yəqin Avropa Oyunlarından sonra maşınlar yenə sahiblərinə qaytarılar:

«Düzü belə şeyə inanmıram. Ancaq belədə də nə desələr, «baş üstə» deməliyik. Nə deyirlərsə, o da olmalıdır. Hökumətlə hökumətlik eləməyəcəyik ki? Müvəqqəti çətinlikdir. Yəqin sonra qaytararlar».

Foto illüstrasiya
Foto illüstrasiya

DÖVLƏT KOMPENSASİYA ÖDƏMƏLİDİR

«Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım» təşkilatının rəhbəri Məzahir Rüstəmov deyir ki, köhnə maşınlar təhlükəsizlik baxımdan tam yoxlanılmalıdır. Onun fikrincə, bu cür maşınlar mərhələ-mərhələ istismardan uzaqlaşdırılmalıdır. Özü də kompensasiya ödənilməklə:

«Amma bir şərtlə. Bu proses dövlət tərəfindən layihələşdirilib kompensasiya olunmalıdır. Vətəndaşların hüquqlarını pozmamaqla, əmlak dəyəri ödənilməklə onlar yavaş-yavaş istismardan çıxarılmalıdır. Müxtəlif ölkələrin təcrübəsi var, ondan istifadə edilməlidir. Yoxsa, xarici qonaqlar gələcək deyə, kiməsə özümüzü göstərməklə vətəndaşların hüquqları pozulmamalıdır».

Yol polisi kompensasiyanın ödənməsi ilə bağlı bir fikir söyləmir. Bir onu deyir ki, sözügedən maşınlar saz vəziyyətə qaytarıldıqdan sonra istismar edilə bilər.

Bakıda Avropa Oyunları iyunun 12-dən 28-ə qədər keçiriləcək.

XS
SM
MD
LG