Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 03:17

«Cəsarət edib Putin-ə «yox» deyənlər NATO dövlətləridir»


Vəfa Quluzadə
Vəfa Quluzadə

-

Azərbaycan prezidenti İlham Əliyev mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında və bayram tədbirlərində iştirak edəcək. Bu xəbərə Azərbaycanda müxtəlif münasibət göstərildi. Politoloq Vəfa Quluzadə ilə bu haqda danışmışıq.

- Vəfa müəllim, bəziləri deyir ki, bu gün faşizm üzərində qələbə çalınıb və orda iştirak normaldır, bəziləri də düşünür ki, işğala məruz qalan ölkənin prezidentinin işğalçı dövlətin başçısının yanında durması düzgün deyil. Xüsusən də indiki məqamda, üstəlik də Qərb dövlətlərinin liderləri də tədbirə qatılmaqdan imtina ediblər.

-Cəsarət edib Putin-in dəvətinə «yox» deyən dövlətlər NATO ölkələridir. Onların nüvə silahı var. Torpaqlarının 20 faizi işğal edilməyib, atəşkəs gündə böyük provokasiyalarla pozulmur. Ona görə də, onlar cəsarət edib Putin-in üzünə deyirlər ki, «sən işğalçı olduğuna görə tədbirində iştirak etməyəcəyik». Amma istər Azərbaycan, istərsə də MDB dövlətlərinin rəhbərləri Qələbə bayramına gedəcəklər. Bircə Lukashenko-nun bəhanəsi var, Belarus özü Qələbə münasibətilə parad keçirir və orda iştirakı qaçılmazdır. Ona görə də, Moskvaya getməyəcək. Qalanları gedir. Rusiya hələlik Qazaxıstanı, Özbəkistanı və başqalarını təsiri altında saxlayır. Biz hamımız Rusiyanın gücündən, yumşaq desək, çəkinirik. Başqa çıxış yolu yoxdur.

- Bu ərəfədə Rusiya prezidenti Putin Ermənistanda «soyqırımı»nın 100 illiyi ilə bağlı mərasimdə iştirak edəcək. Azərbaycanın ünvanına iradlar səslənir ki, ən azı buna görə Putin-in dəvəti qəbul edilməməli idi.

- Putin də məcburdur getməyə. Ermənistan nəzarətdən çıxmaqdadır. Axır vaxtlar Ermənistanda Rusiya əleyhinə çıxışlar artıb, anti-Rusiya əhval-ruhiyyəsi güclənir. Birincisi, Yerevan özünü müstəqil hiss etmək, Avropa İttifaqına inteqrasiya etmək istəyir, amma Rusiya onu Avrasiya İttifaqına üzvlüyə məcbur edir. Ondan başqa, rus hərbçisinin erməni ailəsini qırmağı Ermənistanda Rusiya əleyhinə ab-havanı xeyli gücləndirib. Ermənistan Moskvanın nəzarətindən çıxmasın, Gümridəki bazalarda ermənilər olmasın, ermənilər türklərlə sərhədi açmasın deyə, Putin ora mütləq getməlidir və gedir. Putin getməsə, Yerevan bundan istifadə edib deyəcək ki, Avrasiya İttifaqından çıxır. Rusiya da bu bəhanəni onlara verə bilməz.

- Yeri gəlmişkən, Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Recep Tayyip Erdoğan-la «erməni soyqırımı»nın 100 illiyi ilə əlaqədar Yerevana səfərini müzakirə edib. Putin buna niyə ehtiyac duyub, sizcə?

- Erdoğan özü Ermənistana getməsə də, bir nümayəndə heyəti göndərəcək. Bununla Türkiyə özünün böyük dövlət olduğunu göstərir. Eyni zamanda, Erdoğan nümayiş etdirir ki, ermənilərin soyqırımı əhvalatını qəbul etmir. Bəli, qətliamlar olub, Türkiyə buna görə təəssüfünü bildirib. Ankara son hadisələrdə yumşaq mövqe tutub, balaca Ermənistanla sərt qarşıdurmaya getmir. Mənə elə gəlir ki, düz də edir, baxmayaraq ki, tənqidlər çoxdur. Onu öz arxivlərini açaraq ermənilərin də türklərə qarşı qətliamlarını açıqlamamaqda qınayırlar və ya Rusiya arxivlərindəki sənədlərə söykənərək rus generallarının erməniləri necə silahlandırdığını, necə türklərin əleyhinə yönəltməsi haqda materiallardan istifadə etməsini də üzə çıxarmır. Türkiyə nədənsə buna soyuqqanlı yanaşır. Əksinə, Türkiyə ona can atır ki, qonşu Ermənistanla sərhəd açılsın və Ermənistan da onun təsir zonasına keçsin. Çünki Ermənistan Türkiyəyə, onun iqtisadiyyatına möhtacdır. Ona görə də, Rusiya bizim regionda vəziyyətin düzəlməsinə imkan vermir.

- Qayıdaq əvvəlki mövzuya. Vəfa müəllim, deyirsiniz Belarusun bəhanəsi var ki, parad keçirir, Qələbə günündə Moskvaya getmir. Azərbaycan niyə bəhanə tapa bilmir? Belə sadəlövh sual...

- Biz güclü olsaq, bəhanə taparıq. Amma biz güclü olmadığımıza görə bizim əleyhimizə bəhanə tapırlar. Dünya hələlik Putin-in aqressiv siyasətinin qarşısını ala bilməyib. Dünya Azərbaycanın 20 faizinin işğalına göz yumur, bunu heç gündəmə gətirmir. Bakıda 20 Yanvar hadisələri, Xocalı soyqırımı olub, hansında Qərb Azərbaycanın yanında durub? Bizim arxamızda duran yoxdur. Bu şəraitdə Azərbaycan təhlükəsizliyini təmin etməkdən ötrü Rusiyadan xoflandığını nümayiş etdirməyə məcburdur.

XS
SM
MD
LG