Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 21:49

Getməyə yeri olmayan 1-ci qrup əlil...


Arxiv fotosu
Arxiv fotosu

-

Tovuzun Alakol kəndində yaşayan 23 yaşlı Məmməd Rzayev AzadlıqRadiosunun “Qaynar xətti”nə şikayət edib ki, 1-ci qrup əlildir, evi yoxdur. Qohumlarının evində yaşayır və istəyi də odur ki, rayonda əlillərin mənzil problemini həll etməli olan qurumlar onun taleyinə biganə yanaşmasınlar:

“İki ayaqdan şikəstəm, 3 yaşında anamı itirmişəm, əmi-dayı qoltuğunda böyümüşəm. 18 ildir əmimin evində yaşayıram, yaşamağa öz evim yoxdur”.

"SABAH QOHUM MƏNİ ÇÖLƏ ATSA..."

Şikayətçinin sözlərinə görə, uzun müddətdir mənzillə təmin olunmaq üçün rayonun icra hakimiyyətinə müraciət edir. Ancaq ona deyirlər ki, gözlə.

Əlilsə deyir, gözləməyə imkan yoxdur:

“Deyirlər, əlillər üçün bina tikiləndə sənə də ordan mənzil verərik. Bina tikilir, əlillərə paylanır, mən hər dəfə kənarda qalıram. Bir düşünən yoxdur ki, bu da mənim vətəndaşımdır, harda gecələməlidir... Əlillik pensiyam 50 manatdır, onunla dolanıram. Nə vaxta qədər qohum qoltuğunda qalacam? Bir gün çölə atsalar, pensiyam da yetərli deyil ki, kirayə ev tutam".

Tovuz rayon İcra Hakimiyyətindən bildirirlər ki, əlilin vəziyyətindən xəbərdar olsalar da, ona kömək etmək imkanları məhduddur:

“Dediyində həqiqət var ki, bəli, 1-ci qrup əlildir. Bilirsiniz ki, ölkədə Qarabağ əlillərinə və şəhid ailələrinə evlər tikilir, bu iş bu işlər Tovuzda da görülür. Həmin mənzil növbəsinə ümumi əlil olmasına baxmayaraq onun da adını salmışıq. Hərçənd ki, bilmirik, o nə dərəcədə tək yaşaya bilər.. Onun təkidini, dönə-dönə müraciətini nəzərə alınıb, bu addımı atmışıq. Ancaq bundan əvvəl də ona bir neçə dəfə otaq təklif olunub, imtina edib".

"ALLAH BAŞIMIN ÜSTÜNDƏDİR, BƏNDƏ DƏRDİMƏ ÇARƏ QILSIN"

Əlil isə ona müvəqqəti yaşamaq üçün iki yerdə otaq təklif olunduğunu təsdiqləyir. Amma deyir ki, təklif olunan otaqlarda nəinki əlil yaşaya bilməz, sağlam adam özü əlilə çevrilər:

“Dedilər ki, biz sənin işini bağlayırıq, çünki sənə evlər veririk, razılaşmırsan. Təklif etdikləri evlərin pəncərəsi, qazı, heç bir şəraiti yoxdur. O evlərdə sağlam adam əlilə çevrilər, mən əlil orda necə gedim yaşayım”.

İcra hakimiyyətindən bildiriblər ki, Qarabağ əlilləri üçün tikiləcək növbəti binadan ümumi əlillərə ev veriləcəksə, onlardan biri mütləq Məmməd Rzayev olacaq. Ancaq o ev nə zaman tikiləcək, bilinmir.

Əlil:

"Hara gedirəmsə, hansı qapını döyürəmsə, halıma acıyırlar, deyirlər, Allah başının üstündə dursun. Allah onsuz da onun başının üstündədir, ev probleminin həlli indi bəndələrdən asılıdır. Mənə yazıqları gəlməsin... Mənə ev versinlər".

XS
SM
MD
LG