Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:11

Fərhad Mehdiyev: “Bu işin alimi olsam da məhkəmədə hüququmu sübut edə bilmədim”


Fərhad Mehdiyev
Fərhad Mehdiyev

Dövlət hüququ üzrə doktor, dosent, hüquq nəzəriyyəsi üzrə bir neçə kitabın, dərsliyin müsəllifi Fərhad Mehdiyev ölkəni tərk etmək istəyini ictimailəşdirib. AzadlıqRadiosuna müsahibəsində o, bunun səbəbləri barədə danışır:

Müsahibəni burada dinlə:

Gözlə

No media source currently available

0:00 0:05:43 0:00
Direct-ə keçid

- Fərhad bəy, Facebook profilinizdə yazmısız ki, Azərbaycan üçün etdiyiniz xidmətlər - "doyum və imtina nöqtəsinə gəldiyi üçün, bir müddət xaricdə işləmək, orda olmaqda fayda var. Ruh öldürücü şəraitdə çox qalmaq doğru olmazdı”. Qərarınız barədə bir qədər ətraflı danışarsızmı?

- Açıq sizə deyim ki, bu ölkə edə biləcəyim hər şeyi eləmişəm. Qalan şeyi isə edə bilmirəm, istədiyim halda edə bilmirəm. Bu isə mənə mənəvi yorğunluq verir.

- Nəyə töhfə vermək istəyirsiz? Və qarşınıza çıxan maneələr nədir?

- Elmlə məşğul olan bir adamam. Azərbaycanda elmlə məşğul olan adamın məvacibi nə qədərdir? Biz həmişə ödənişi aşağı işlərdə çalışırıq. Əvvəllər məsləhətçi kimi beynəlxalq təşkilatlarla əməkdaşlıq edirdim, heç olmasa, evə bir məvacib gətirirdim. Bu təşkilatlar indi ölkəni tərk edib gedir.

Başqa deyə bilmədiyim məsələlər də var. Bundan başqa, ölkədə akedemik mühitdə ciddi rəqabət yoxdur, bir alim özünü inkişaf etdirə bilmir.

Mən 5 kitab yazmışam, öz sahəmdə də bu kitabların dəyəri nədir, bilirəm. Hüquq nəzəriyyəsi ilə bağlı illərdir bir kitabın üzərində işləyirdim. Axırına gəlib çıxmışam, amma tamamlamağa heç bir həvəsim yoxdur. Çünki Azərbaycanda çox kobud hüquqi pozuntular var, məhkəmədə belə bunu düzətmək mümkün deyil.

Hüquq sahəsində bir araşdırma aparmaq həvəsindən də düşmüşəm. Ona görə də qərara gəldim ki, xaricə gedim, həm professor adı alım, həm də kitabımı yazım.

- Prezident Adminstarsiyasının rəhbəri Ramiz Mehdiyev şikayətlənirdi ki, dövlət qulluğunda işə götürmək üçün yüksək təhsilli kadr tapa bilmirlər. Niyə özünüzü dövlət qulluğunda sınamırsız?

- Bu, ümumi söylənmiş bir sözdür. Deyirlər ki, kadra ehtiyacımız var, demirlər ki, Fərhad Mehdiyev sənə ehtiyacımız var. Deyə bilərlər ki, dövlət qulluğuna girmək üçün imtahan ver. Amma mən gedib dövlət qulluğunda sıfırdan başlaya bilmərəm axı...

- Beyin axının Azərbaycana hansı təsirini görürsüz?

- İntelektual adamlar Avropaya, Amerikaya gediblər. İnformasiya texnologiyalar üzrə mütəxəssislər, həkimlər, elm adamları gedirlər ölkədən. Səbəb də maddi vəziyyətlərinin yaxşı olmamasıdır. Çünki bu ölkədə intelektə yaxşı əmək haqqı yoxdur. Dövlət qulluğunda irəliləməyin yolu bilikdən, dünyagörüşündən, peşəkarlıqdan yox, sədaqət keçir. Birinci növbədə sədaqət durur. Elm adamı isə, siyasi mülahizələrə sadiq olmur, o, bircə elmə sadiqdir. Bu mənada elm adamına hardasa etibarsız kimi baxa bilərlər.

Ona görə də elm adamları bir müddət qalıb işləyirlər, görəndə ki, özlərini realizə edə bilmirlər, özünü reallaşdırmaq imkanı məhduddur, ancaq özlərinə xaricdə yaxşı həyat qura bilərlər, onda ikincini seçirlər. Mən hələ ki birdəfəlik getmək niyyətində deyiləm. Gedəcəm, bir müddət burdan uzaqlaşacam, amma sonra qayıtmağı düşünürəm.

- Fərhad bəy, cəmiyyətin intelektual insanlara ehtiayacı yoxdur, yoxsa hökumətin?

- Ümumiyyətlə, bunu demək çətindir. Bizdə ictimai tələbat və ictimai rəy üst-üstə düşmür. Bizdə ictimai rəyi öyrənmək çox çətindir. Azərbaycan valideyni nə qədər keyfiyyətli təhsilə üstünlük verir? Bunu hesablamaq çətindir.

Düzdür, indi uşağını Avropada oxudan çoxdur. Amma ali məktələrdə tələbə oxuya bilmirsə, valideyn yol axtarır ki, uşağı institutu başa vursun. Müəllimə hədiyyəmi verir, ya tapşırtdırırmı, hər halda oxumaq tələbindən başqa hər şeyə əl atır. Valideyn narahat olmur ki, uşağı oxumur. İşin bu tərəfləri də var.

Azərbaycanda təşəbbüsə, motivasiyaya qapalı bir sistem var. Bizdə güclü mərkəzi idarəetmə sistemi var, bu da ona gətirib çıxarır ki, insanlarda təşəbbüs sahibi olmaq dərəcəsi düşür aşağı.

Ancaq insanlığın hər zaman intelektuallara ehtiyacı var. Amerika niyə güclüdür? Çünki bütün dünyanın beyinlərini aparır, onlara hər şərait yaradır, yaxşı məvacib verir, əvəzində özü ayağa durur.

Avropada da indi buna can atırlar. Azərbaycanda ola bilsin elə ağıllı adamlar var ki, hökumətin də, cəmiyyətin də ona ehtyacı var, ancaq mövcud şərait, konyuktura elə səviyyədədir ki, onların üzə çıxmasına imkan vermir, ya Azərbaycan balaca ölkədir, onlara tələbat özünü göstərə bilmir.

- Facebook statusunuzda xaricdən vətənə qayıdanda siyasətə qoşulmağı düşündüyünüzü də yazmısız...

- Elə bir istəyim var, amma ola bilsin ki, qayıdanda fikrimdən daşındım. Niyə siyasətə qoşulmaq istəyirəm? Hazırkı vəziyyətimdə cəmiyyət üçün heç nə edə bilmirəm, düşünürəm ki, bəlkə nələrisə siyasətə qoşulmaqla həll edə bilərəm.

- Yəni siz hüquqşünas, müəllim kimi nələrsə edə bilmirsiz?

- AzadlıqRadiosu apardığım bir işlə bağlı məqalə yazmışdı, vətəndaşın mülkünü söküb əvəzində kompensasiya ödəməlidirlər. Ödəmirlər və illərlədi bu iş məhkəmədədir. Mən hüquqşünasam, inzibatı xətalar üzrə aliməm, bu iş də inzibati işdir, mən bu işin alimi ola-ola məhkəmədə işi sübut edə bilmirəm. Bu halda mən bir hüquqşünas kimi cəmiyyətə necə töhfə verim? Son sözü, hüququn nə olduğunu məhkəmə deyir. Məhkəmə bunu deməyəndən sonra mən bu cəmiyyətdə nə edə bilərəm?!

- Azərbaycanın gələcəyi ilə bağlı pessimizsizmi?

- Biz Azərbaycanın bir parçasıyıq. Mən Azərbaycan haqqında çox fikirləşmək istəmirəm. İnsanlıq hər zaman inkişaf edir. Biz də inkişaf edən bu nizam-intizamın bir hissəsi olmalıyıq. Hər bir insan olduğu, yaşadığı cəmiyyətə müsbət töhfə verməlidir, əks halda, mübət töhfə verəcəyi yerə getməlidir.

- Təhsili ilə seçilən Qafqaz universitetinin müəllimisiz. Tələbələr arasında icitmai fəallığınız var. Sizcə, yeriniz boş qalmayacaqmı?

- Əvəzolunmaz adam yoxdur, əgər mühitdə tələbat varsa, bu yer dolacaq. Düzdür, sosial baxımdan fəal müəlliməm. Universitetdə tələbələrlə birgə 5-ə yaxın çicək guşəsi yaratmışam. Onları indidən sosial işə alışdırmağa çalışıram, həm də təbiəti gözəlləşdiririk.

- Fərhad bəy, intelektual adamların özünü reallaşdıra bilməməsi səbəblərini yaradan sistemə qarşı mübarizə aparmaq lazım deyilmi? Bəlkə kənara çəkilmək ən asan variantdır?

- Siz mübarizənin hansı üsullarını nəzərdə tutursuz?

- Müxtəlif üsullar ola bilər.

- Bəli, müxtəlif üsulları müxtəlifdir, baxır, hansı metoddan istifadə edirsən. Elə mübarizə üsulları var ki, başlanğıcdan uğursuzluğa məhkumdur, elələri var, təsirlidir, ancaq uzun zaman istəyir. Eyni zamanda başqa adamların da bir araya gəlməsini, səbirlə işləməsini tələb edir. Məsələn, mən tələbələrə çiçək əkdirirəm, amma bəhrəsi gec olacaq. Mən bununla onlara əziyyət çəkməyi və çəkilən əziyyətin bəhrəsi olacağını aşılamağa çalışıram. Üstəlik, bələdiyyə idarəetməsi üzrə fakültənin tələbələridir, onlara həm də xalqa necə xidmət etməli olduqlarını aşılamağa cəhd göstərirəm. Bəli, bu uzun çəkir, ancaq dözməlisən, yeni insanlar, yeni təfəkkürlər yetişəcək.

- Bəs, bu yetişdirdiyiniz kadrlar sizi qaçıran cəmiyyətdə, sistemdə nəsə edə biləcəklərmi?

- Bir hissəsi edəcək. Məsələn, 30 tələbəmdən iki-üçü çıxıb nəsə edə biləcək. Bunun özü də böyük şeydir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG