Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:50

Nərmin Kamilsoy. Arazın atası…


Rəşadət Axundov polislər tərəfindən tutularaq məhkəməyə aparılır (2013)
Rəşadət Axundov polislər tərəfindən tutularaq məhkəməyə aparılır (2013)

-

Həbsdə körpə uşaqları olan o qədər gənc siyasi məhbus var ki... Amma Rəşadətlə Arazın hekayəsi xüsusilə incidir məni...

Nərmin Kamilsoy

ARAZIN ATASI…

Nərmin Kamilsoy və Araz Axundov
Nərmin Kamilsoy və Araz Axundov

Elə bilirik ki, bu bizim başımıza gəlməyəcək…

Aprelin 12-si Arazın ad günüdür. Neçə gündür ki, buna görə Rəşadətə məktub yazmağı planlayıram. Bir tərəfdən də fikirləşirəm ki, nə yazım, necə yazım. Nə vaxta qədər məktublarda ümid dolu sözlər yazacağıq, nə vaxta qədər arzulayacağıq ki, gələn il ad gününü oğlu, ailəsi ilə birlikdə keçirsin.

Həbsdə körpə uşaqları olan o qədər gənc siyasi məhbus var ki... Amma Rəşadətlə Arazın hekayəsi xüsusilə incidir məni. Bəlkə də ona görə ki, Araz Rəşadətin həbsindən 12 gün sonra doğuldu. Ona görə ki, doğulanda, ilk dəfə güləndə, qığıldayanda, iməkləyəndə, yeriyəndə, ilk sözlərini deyəndə yanında olmadı. Hətta Türkanla da mərcləşmədi ki, Arazın ilk sözü “ana” və ya “ata” olacaq. Bilirsiniz, ən təsirlisi nədir? Rəşadət axırıncı dəfə məhkəmədə dostlarına danışıb ki, “axır ki, “ata” dedi, həmişə “əmi” deyirdi, axırıncı dəfə yanıma gələndə mənə “ata” dedi”.

Araz Axundov
Araz Axundov

Bəs, bunların qarşılığında məhkəmələrdə 5 manat müqabilində üzlərinə duran adamlar üçün mübarizə aparmağa dəyərdi? Axı Rəşadətin nəyi çatmırdı, qane etməyən nə idi onu? Gözəl ailəsi, yaxşı təhsili, onu sevən dostları, BP-də yüksək maaşlı işi vardı, elə indi də var. Allaha şükür, bir tikə çörək də tapırdı, çörəyinin üstünə çəkməyə kürü də. Bəs dünyaya gələcək oğlunudamı heç fikirləşmirdi?

Rəşadət Axundov, 2011
Rəşadət Axundov, 2011

Dünən təsadüfən əlimə yenidən Tolstoyun “İvan İliçin ölümü” povesti düşdü. Əsərdə İvan İliçin necə bir adam olduğunu, sonda ömrü boyu etdiyi ədalətsizliklərin cavabını necə almasını hamı yaxşı bilir. Amma məsələ bunda deyil. Əsərdə kicik bir dialoq var: İliçin arvadı onun dostuna necə dəhşətli ağrılar çəkərək ölməsi barədə danışır. Dostu Pyotr İvanoviç bir anlıq eşitdiklərindən dəhşətə gəlir və bir gün özünün də başına bunların gələ biləcəyini, özünün da bu günə düşə biləcəyini fikirləşir. Lakin elə birdən də bu fikri özündən uzaqlaşdırır, bu onun başına gəlməyib, onun başına heç vaxt belə şey gələ bilməz və gəlməməlidir də.

Xalq olaraq bəlamız ordan gəlir ki, bədbəxtliyin qapımızı döyənə qədər bizim də başımıza gələcəyinə inanmırıq. Axı filankəsin başına gəlibsə, bu o demək deyil ki, bizim də başımıza gələcək. Axı filankəs haqq dediyinə görə narkotiklə həbs olunursa, kiminsə mülkü əlindən alınırsa, kiminsə uşağı səhiyyənin qurbanına çevrilirsə, kiminsə oğlu orduda naməlum şəraitdə öldürülürsə, kimsə dərmanını ala bilmirsə, kiminsə atası təhlükəsizliyi təmin olunmadığına görə tikintidən yıxılırsa və sığortası yoxdursa, müalicə ala bilmədiyinə görə ölürsə, bizə nə? Bizim başımıza belə sey gəlməyib, gələ bilməz və gəlməməlidir də. Elə ölkədə baş verən bütün özbaşınalıqların, qanunsuzluqların da kökündə bu dayanır.

Lakin bir tərəfdə sayı az, amma inandığı dəyərlər uğruna bütün yaxşı həyat şərtlərinə baxmayaraq, mübarizə aparan Rəşadətlər olur. Onlar anlayır ki, bu sistemdən heç kəs sığorta olunmayıb, bu gün filankəsin başına nəsə gəldiyinə görə susursa, sabah onun da başına gələcək. Onlar başa düşür ki, məhkəmərdə adını bilməyən, hərfləri tanımayan adam 5manat pula görə üzə durursa, bu da sistemdən qaynaqlanır.

Hə, Rəşadət elə Arazı fikirləşdiyinə görə bu yolu seçdi. Ona görə mübarizə apardı ki, Araz xoşbəxt, sağlam, bütün bu təhlükələrdən uzaq cəmiyyətdə böyüsün. Düzdür, Araz iki yaşını bu il yenə atasız keçirəcək, amma onların qarşıda keçirəcəkləri uzun, xoşbəxt illər var. Onlar qovuşanda bəzi şeyləri qaytarmaq mümkün olmasa da, bu illərin əvəzini artıqlaması ilə çıxacaqlar, bu günləri gülə-gülə xatırlayacaqlar. O zaman təcridxanada stolunun qırağına Arazın şəklini vuran Rəşad əmisi də azadlıqda olacaq, Mahammad da, İlkin də, Ömər də.

İndi Rəşadət Arazı düşünərək yuxuya gedir. O oğluna görə bəlkə də narahatdır, amma vidanı rahatdır.

Pərdənin o tayında isə Arazın atasına 8 il hölm oxuyanlar var, onlar da yatır, onlar da narahatdır, amma onların həm də vicdanları narahatdır...

Arazın görəcəyi gözəl günlər yaxındadır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG