Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 15:39

İtən “Qiymətli”nin banı


Asiman Eyniyev
Asiman Eyniyev

-

"–Ay balam, sən nə danışırsan? Nə bulyon, nə xoruz? Altı polisin axtardı evi. Heç nə tapmadılar.

–Sənin də, arvadının da qarnı qalıb, axtarmayıblar. Hə, nə deyirsən?–deyə kapitan xidməti silahını çıxarıb müəllimin qarnına tutdu. –Deşim qarnını baxım, əə?.."

Asiman Eyniyev

İtən “Qiymətli”nin banı

Yəqin əsl cəhənnəm istisi belə olur. Malikanənin iri darvazasının qarşısında “Jiquli” dayandı. Maşından yaşlı bir polis düşdü. O, sükan arxasında oturan köməkçisinə işarə elədi ki, kağız-kuğuzu götürmək yadından çıxmasın. Köməkçisi dərhal lazım olan qovluğu götürüb, kapitanın arxasınca düşdü. Həyətə girən kimi xüsusi cinsdən yekə bir it, kapitana diqqətlə baxdı, hürmədi, yerə oturdu, dilini çıxarıb ləhləməyə başladı. Kapitan gülümsədi, itə göz vurub, “malades” dedi.

–Ay ev yiyəsi –deyən kapitanın gödək boyu, iri, yöndəmsiz qarnı, bədən ölçüsünə uyğun gəlməyən forması o qədər məzəliydi ki, adamı istər-istəməz gülmək tuturdu. Köməkçisi isə onun tam əksi, hündür boylu, arıq, vərəm xəstələrinə oxşayan bir görkəmdəydi. Kapitan, dar pencəyinin yaxasını bağladı, uzun qollarını yığıb ovcunda tutdu, ikinci düyməsi darama çəkildi. O, əsəbi halda daha da bərkdən bağırdı:

–Ay ev yiyəsi.

Başını dikəltdi, əlini gözünün üstünə qoyub, malikanənin üçüncü mərtəbəsinə baxdı. Furajkasının dairəsi tərdən iy verirdi və bu qoxu ona xoş gəlirdi. Üçüncü mərtəbədən boylanan Nəvvab kişi, “gəlirəm, gəlirəm” deyə-deyə içəri girdi.

Nəvvab kişi, kənddə səxavətli adam kimi tanınırdı. Şair təbiətli idi Nəvvab. Kövrək, bir az cəsur, azca da mərd. Ən pis cəhəti o idi ki, rüşvət verməyə düşkündü. Bir vaxtlar Həmkarlar İttifaqında sədr idi. Şəxsi biznesini qurandan sonra ərizəsilə işdən çıxmışdı. Üç uşağı vardı, üçü də İspaniyada yaşayırdı. Şəhərdən kənarda, kəndlərin birində özünə bir ev tikib övladlarından uzaq düşmüşdü. Nəvvab, adət etmişdi, hər dəfə küçəyə çıxanda sahə rəisinin, kənd ərazi nümayəndəliyi işçilərinin, məntəqə həkimlərinin cibinə pul salsın. Kəndin məşhur “uçaskovı”sı Zalımalıyev, onu hər görəndə qəsdən maşını yanında saxlayar, piyada olanda da onu görən kimi yolunu dəyişib, uzaqdan nəyinsə barəsində danışa-danışa yaxınlaşıb, şalvarının cibini ona yaxın edərdi. Nəvvab o qədər də avam adam deyildi, bilirdi ki, bu cür adamlara beş-on manat verməklə işi axsamaz, sabah qulluğu düşəndə qaça-qaça gəlsin deyə, ağızlarını şirin eləmək lazımdır.

–Qohum, nə xəbərdi, belə hay-küylə məni çağırmağına görə yəqin nəsə ciddi bir hadisə baş verib –deyə Zalımalıyev evə girər-girməz kondisioneri görüb, istidən qovrulan adamlar kimi üz-gözünü turşutdu, əlilə işarə elədi ki, divardakı işləməlidir. Qalstukunu boşaltdı, kostyumunun düyməsini açdı, furajkasını çıxarıb stolun üstünə atdı. Köynəyinin qarın hissədən iki düyməsini açıb stulu götürdü, daldalı gedib kondisioner havasının ona lazım olan istiqamətini tapdı. Stulun üstünə çıxıb ev yiyəsinə baxdı, gülə-gülə: “Hə, danış görüm nə olub”– dedi. Köməkçisi divanda oturdu, qələmini hazırladı, Nəvvab ağzını açan kimi yazmağa başladı.

–Nə olacaq? Səhər tezdən onu görmədim həyətdə. İnanırsan, dəliyə dönmüşəm? Bəsləmişik, böyütmüşük, bircə səsini eşidək, heç nə istəmirik, təkcə səsini deyə yanıb-qovrulmuşuq. İndi də həyətdən yoxa çıxıb.

–Nə yoxa çıxıb, ay kişi? –Yumşaq halda, gözlərini yumub soruşan Zalımalıyev, üzünə dəyən sərin havanın kefini çəkirdi.

–Nə olacaq, həyətimizin kişisi, bütün qonum-qonşuların namusunun, qeyrətinin keşiyini çəkən əsl yerli quş, qırmızı lələkli, uzun ayaqlı, iti mahmızlı xoruzumuz yoxdur.

–Xoruz?–deyə soruşan kapitan stuldan yerə atıldı. Pərt olmuşdu kapitan. Sabah-birigün təqaüdə çıxacaqdı, yaşı da yaş idi. Belə gülməli, təhqiredici hadisəylə ilk dəfədir rastlaşırdı. Köməkçisi əvvəl güldü, sonra heysiyyətinə toxunan bir gizilti keçdi bədənindən. Bütün əzaları titrədi.

–Hə, xoruz. Kapitan, səni ona görə çağırmışam ki, bu məsələni yoluna qoyasan, xoruzumu tapıb mənə verəsən. Sən bu elin, obanın xəfiyyəsisən axı. Bu işi gör mənim üçün, nə olar.

Kapitan istədi Nəvvaba şillə çəksin. Gözlərini bərəltsə də, sinəsini şişirtsə də bunu etmədi. O, köynəyinin düyməsini bağladı, papağını başına keçirtdi, pencəyini geyinib, köməkçisinə baxdı. İronik bir vəziyyət yaranmışdı. Birdən-birə elə bir hala düşdü ki, istədi hönkürsün. İstədi, köməkçisinin arıq baldırına başını qoyub, için-için ağlasın. “Bu yaşımda nə günə qoymuşam özümü, İlahi” –deyib bağırmaq istədi. Amma uzaqlardan gələn səs, onu ayıltdı. Nəvvab, necə lazımdı hörmətinizi edəcəm dedi. Qulağı cingildədi, bu, mülayim, nəvaziş dolu sözlərdən. O, gülümsəyib köməkçisinə baxdı, üzünü Nəvvaba tutub:

–Darıxma, sənin xoruzunu qoltuğuna verəcəyik –dedi. –Nəvvab sevincindən atılıb-düşdü, kövrəldi.

–Arvad, şəhərə bacısıgilə gedib. Sizi and verirəm, xudavəndi-aləmə, o gələnə kimi xoruzu tapın, yoxsa küçənin ortasında şalvarımı əynimdən çıxarar.

–Narahat olma, a kişi, mən bir əməliyyat qrupu yaradıb, axtarışa başlayacağam. Bütün dərmə-deşiyi gəzəcəyik. Ölməmişik ki, gün boyu kənd çayxanasında mürgüləyincə iş görmək lazımdır, iş. İndi de görüm, xoruzun necə xoruz idi? Bütün yaxşı və pis xüsusiyyətlərini, gəzdiyi toyuqların siyahisini, neçə qram buğdayla kifayətləndiyini, ən çox hansı toyuqla xəlvətə çəkildiyini, sübh saat neçədə oyandığını, gün ərzində neçə dəfə banladığını, hamısını bircə-bircə yaz. İndi köməkçim sənə izahat yazdıracaq, nə bilirsən yaz. Onunla xoş keçən xatirələri də yaza bilərsən.

–Baş üstə, hamısını yazacam.

–Nə vaxt itib dedin?

–Axşam hinə salanda quşları saymadım, fikir də vermədim, ordadır, yoxsa yox. Bu gün tezdən banını eşitmədim. Səhər hindən buraxanda gördüm ki, yoxdur. Amma dünən toyuqları hindən buraxanda onların başında dayanmışdı.

–Aha, başa düşdüm. Qonşularından toyuq-cücə saxlayan var?

–Var. Bir dul qadın var, üç toyuq saxlayır, vəssalam. Ondan başqa ətrafda bu işlə məşğul olan yoxdur. Nəvvab kövrəlib: “Allah şahiddir, onun necə məğrur duruşu vardı. Yadıma düşdükcə qəhərlənirəm. İlahi, o necə yeriş idi?! Ağlamağım gəlir, rəis”.

–Bura bax, sən onun kimi yeriyə bilərsən? Bizim üçün də bu əyani vəsait olar. Axtarış zamanı bizə kömək edər.

–Əlbəttə yeriyə bilərəm. Bax belə –deyə Nəvvab yerimək istəyəndə, kapitan işarə elədi ki, bir dəqiqə səbr etsin. Köməkçisinə tapşırdı ki, telefonun kamerasını işə salsın. Əsl rejissor kimi köməkçisi əlini havaya qaldırıb: “Bir, iki, üç... kadr” –deyə işarə elədi. Nəvvab, başını dikəldib sinəsini qabağa verdi, ayaq pəncələrini aralı tutdu, ayaq barmaqlarını bir-birindən ayırdı, əllərini yanına salıb əsl “NATO” əsgərləri kimi evin içində yeriməyə başladı. İki dəfə o baş-bu baş yeridi.

Zalımalıyev:

–Kifayətdir –dedi. Sonra Nəvvabdan soruşdu ki, hansı qonşudan şübhələnir?– Xoruzun yiyəsi əlilə istiqamət göstərərək:

–Sol tərəfimdə tənha yaşayan dul qadının üç toyuğu var. Toyuqlarının isə xoruzu yoxdur. Ola bilər, dul qadın, toyuqlarını gizlincə xoruzumla görüşdürür. Yəni elə adamdır ki, əlindən nə desən gələr. Arxamda müəllim yaşayır. Təqaüdə çıxıb. Arvadı da xəstədir. Acından ölənin biridir. Ola bilər, həkim onun arvadına xoruz supu içməyi tapşırıb, müəllimin də pulu yoxdur deyə xoruzun dalından dəyib, arvadına yedirib. Yəni bu da mümkün variantdır. Sağımda isə Tibb Universitetini yeni qurtaran cərrah yaşayır. Ata-anası şəhərdədir, özü təzə evlənib, arvadı gürcüdür. Burda qalırlar. Cərrahlığa da təzə-təzə başlayır. Praktik olaraq xoruzum onun işinə yarıya bilər.

Bunu deyəndə Nəvvab sanki uladı. O, iki əlilə ayaqlarına çırpıb: “Vay, canım öləsən, canım, cərrah neştərinə tuş gəldi xoruzum. Xoruzum can, can xoruzum, məni yalqız, toyuqlarımı başsız qoyan xoruzum”– deyə ağı dedi. Kapitanın köməkçisi gülürdü. Kapitan cibindən telefon çıxarıb danışdı. Nəvvab özünü yığışdırdı. Kapitan telefonu söndürüb:

–Zalımın qızının telefonuna nə qədər kontur yükləmək olar, pulum da heç qalmayıb –deyə mızıldadı. Nəvvab bunu eşitdi. Sevincək halda cibindən bir əllilik çıxarıb kapitana verdi, dedi, al, bu mazaqlaşdığının kontur pulu, xoruzu tap, səni ölənə kimi yaşadım.

***

Məntəqənin həkimi, xəstə qadının biləyini tutub nəbzini yoxladı. Kefsiz halda, “ola bilər, düzəlsin”– dedi. Sonra resept yazıb təzyiqölçən aparatı sumkasına qoydu. Çıxmağa hazırlaşdı. Onu ötürən müəllim, qapı astanasında:

–Bala, sən Allah bağışla, indi pulum yoxdu, təqaüdü alan kimi səni görəcəm –dedi.

–Müəllim, özün bilirsən ki, işi görəndən sonra zəhmət haqqını almamaq, insanı işdən də, həyatdan da küsdürür. Mən əziyyət çəkdim, bu qızmar istidə gəlib arvadını yoxladım. Sən deyirsən ki, pulum yoxdur. Yaxşı, bəs mən binəva neyləyim? Sən elə bilirsən, maaşım mənə çatır? Vallah, çatmır, dolana bilmirəm. –Həkim əsəbi halda: – Əsl kişi belə eləməzdi, sən bunu elədin–deyə müəllimi süzüb pilləkənləri düşdü. Müəllim:

–Ayıb olsun sənə, atana dərs demişəm –deyə bağırdı – düzü, qanmazın biri idi, dedim bəlkə sən oxuyub bir zibil olmusan, amma görürəm yox, sən ondan da eşşəksən. Deməli, oxumaqla deyil e, eşşək elə eşşəkdir.

–Ayə, eşşək də varsan. Qanmaz adamın birisən sən. Arvadına dərman yazmışam, pulumu ver də! Həkim daha da qeyzlənib:

–Bura bax, ver bura o resepti, tez ol, ver bura –deyə pilləkənləri qalxıb evə girmək istədi. Müəllim dərhal evə cumub resepti götürdü. Arxasında gizlədib:

–Vermirəm –dedi.

–Ayə, ağsaqqal adamsan, yaşından utan. Qaytar görüm resepti.

–Vermirəm, hünərin var, gəl al!

–Ayə, belə cəhənnəmə ver. Onsuz da bilirdim pul verən deyilsən, ona görə ağzıma nə gəldi yazdım reseptə. Öl, canın çıxsın. Hamısı da firma dərmanlarıdır. Şalvarını da satsan ala bilməzsən –deyə əsəbi halda gülən məntəqə həkimi tələsik həyətdən çıxdı. Müəllim onun arxasınca:

–Bilirdim də, dədən kimi eşşəyin birisən. Əə, sən hardan bilirsən xəstə müalicə etməyi. Donuz oğlu donuz!

Həyət qapısı təkrar açıldı. Kapitan Zalımalıyev həyətə girib darvazanı daşla döydü. Müəllim onu görən kimi həyətə qaçdı.

–Buyur, ay rəis, nə xəbərdi?

–Bura bax, ay müəllim, istidi, başım dağılır, çox sual vermə. Təcili evində axtarış aparmalıyıq.

–Nə olub, nəyə görə axtarış aparırsan ki?

–Uşaqlara mətbəxi göstər, özün də çəkil dur kənarda. Allaha and olsun, gün vurub başıma, beynimi oynatma, güllələyərəm səni. –Müəllim bir söz demədən qorxa-qorxa qabaqda yeridi. Arxasınca düşən altı polis əməkdaşı evə girib mətbəxə keçdilər. Aləmi bir-birinə vurdular. Köməkçi eyvana çıxıb, quyu başında oturub tərini silən kapitana dedi ki, burda heç nə yoxdur.

–Əə, o kişini çağır bura görüm –deyə kapitan pencəyinin yaxasını düymələdi. Müəllim qaça-qaça gəlib, hürkə-hürkə kapitanın qabağında dayandı.

–Ay müəllim, utanmırsan? –Müəllimin başı hərləndi. Ürəyində məntəqə həkimini qarğıdı ki, pulunu almayıb deyə polisə şikayət edib. Resepti də tapa bilmədilər. Vəssalam, biabır oldu. Qorxa-qorxa:

–Nədən utanım, ay rəis?

–Əə, əlli ilin müəllimisən, qonşunun xoruzunu oğurlayırsan?

–Nə xoruz, a kişi?–deyə müəllim qabağa atıldı.

–Nəvvabın xoruzunun səsini sənin həyətindən eşidiblər.

–Kim eşidib? A kişi, o yana dur görüm e. Bax, öz payıma deyirəm, onu oğurlayan atasını tanımır. Mənim atam elə-belə kişi olmayıb ha, seyid nəslindəndir. İndi gör nə deyirəm, onu oğurlayan atasını tanımır.

–Əə, bu da təzə sözdü, yoxsa müəllimliyinə salıb bekarçılıqdan özündən təzə sözlər qayırırsan? Atasını tanımır nə deməkdi əə, çoban?

–Rəis, təhqir eləmə məni, ayıbdı. Vallah, and olsun bibimin goruna, mən nə Nəvvab görmüşəm, nə də onun xoruzunu.

–Əə, bura bax, baxmaram əlli ilin müəllimisən, bu dəqiqə basaram qoduqluğa. De görüm, arvadına içirtdin xoruzun bulyonunu?

–Ay balam, sən nə danışırsan? Nə bulyon, nə xoruz? Altı polisin axtardı evi. Heç nə tapmadılar.

–Sənin də, arvadının da qarnı qalıb, axtarmayıblar. Hə, nə deyirsən?–deyə kapitan xidməti silahını çıxarıb müəllimin qarnına tutdu. –Deşim qarnını baxım, əə?

Müəllim bərkdən hönkürdü. O, ağlaya-ağlaya:

–Vallah, xəbərim yoxdu–dedi.

Kapitan dişlərini qıcıyıb, qəfil möhkəm şillə çəkdi müəllimə, sinəsindən sol əlilə itələyib, sağ ayağıyla badalaq verdi. Müəllim yerdə oturdu, üst-başı toz-torpağa bələndi. Kapitan, söyüş söyə-söyə, iti addımlarla həyətdən çıxdı, dəstəsi də ardınca. Kapitan öz-özünə: “Deməli, qırmızı lələkləri, iri, ətli pipiyi, iti mahmızı, uzun ayaqları, diş məcunu kimi rəngbərəng zılı varmış xoruzun. Dünən axşamçağı itkin düşüb. Yox, Nəvvabın üzünə baxa bilmərəm. Gərək bu gün xoruzu yiyəsinə qaytarım. Neçə ilin polisiyəm, bir xoruzu da tapa bilməyəcəm?” –Onun darama qalan pencəyinin sarı düyməsi parıldayırdı. Nəvvabın itinin səsi eşidildi, arxasınca kənd məscidindən günorta azanı gəldi.

Polis nəfərləri qadının evini əhatəyə aldılar. Bütün çıxışlar bağlandı. Axtarışa həyət tualetindən başladılar. Bir mərtəbəli evin taxta qapısının yanındakı söyüd ağacının kölgəsində dayanan Zalımalıyev, telefonda kənddə təzə tanış olduğu ərli qadınla danışırdı. O, telefonu söndürüb evin qapısını döydü. Orta yaşlı, ağ saçlı, balaca boy, gözləri çuxura düşmüş bir qadın qapını açdı. O, qəmgin gözlərini kapitana zilləyib onu tanıdı. Üzünə gülüş qondurub –Buyurun –dedi.

–Bura bax, ay xala –deyə kapitan özündən yaşca iyirmi yaş kiçik olan dul qadına zəndlə baxıb:

–Sənin hinini gəzdik. Bir toyuğun yumurta qoymağa oturmuşdu, bəs o biri toyuqların hanı?

Qadın ürəyində: “İlahi, polislər toyuqlarımın sayını bilirmişlər. Əşi, polis bilməsin, bəs kim bilsin, əlbəttə, polislər kimdə nə qədər toyuq-cücə varsa hamısını tanıyırlar”. O:

–Yəqin kölgəlikdədilər. Nə olub ki?

Bu vaxt arxadan bir serjant:

– Rəis, ikisini də tapdıq, amma axtardığımız “Qiymətli” yoxdur. “Qiymətli” burda heç bir iz buraxmayıb. İşini görüb, cırıb aradan. Nə lələyi var, nə də zılı.

Kapitan əsəbi halda başını yellədi. O, özü seçmişdi bu adı xoruza. “Qiymətli”. Adı Nəvvaba deyəndə, Nəvvab, kapitanı qucaqlayıb, onun sevimlisinə bu cür ad verdiyinə görə minnətdarlığını bildirib, sevincindən ağlamışdı. Kapitan, ildırımsürətli əməliyyata “Qiymətlinin axtarışı” adını vermişdi. Bir qovulq da tutdurmuşdu köməkçisinə. Hadisənin gedişatına dair bütün lazımi detallar təfərrüatla qeyd edilirdi. Kapitan üzünün tərini silə-silə:

–Mən eşitmişəm ki, toyuqlarına kişi axtarırsan –dedi.

–Bu nə sözdür, ay qardaş?

–Nə sözdür, eştimədin nə sözdür? Deyirəm, özünə ər tapa bilmirsən, keçmisən toyuqlarına. Qonşunun xoruzunu yoldan çıxarıb toyuqlarına düzəldirsən. Pis çıxmasın, aradüzəldənlik edirsən.

–Bura bax heyy, polissən, belə cəhənnəmə ki. Belə nalayiq danışığına görə heç bilirsən adamı neyləyərlər? Çiynindən ulduzlarını qoparıb, şalvarının dalına tikərlər. Eşitdin? Bu dəqiqə çıxın həyətimdən, yoxsa şəhərə prokurora şikayətə gedərəm.

Qadın çığırıb:

–Allaha and olsun ki, gedərəm–dedi.

Kapitan dişlərini sıxdı, qaşlarını düyünlədi, şəhadət barmağını havada yelləyib:

–Sən ölmüyəsən, səni özüm güdəcəm, görsəm ki xalxın xoruzunu toyuğunun belinə mindirirsən, qanın getdi. Başını qırxdırıb, on beş il basacam gedəcəksən –deyə kapitan Zalımalıyev həyətdən çıxanda dul qadın ağlayırdı.

Zalımalıyev Nəvvabın evinə gedib hər şeyi ətraflı danışdı. Dedi ki, əməliyyat qrupu öz işini layiqincə görür. Hər yerdə axtarış aparılır. Ətrafda müşahidə kameralarının olmamağı işləri bir az ləngidib, amma düzələcək. Cərrah, hal-hazırda şəhər xəstəxanasında olduğu üçün onunla axşam danışacağıq. –Nəvvab yenə bir əllilik kapitanın cibinə basdı. Əlavə məlumat üçün dedi ki, xoruzu dişiyə o qədər düşkün imiş ki, gündə beş-on toyuq olmalıymış yanında.

–Təkrar edirəm, ancaq və ancaq üç qonşudan şikayətim var –deyən Nəvvab qonşuların çəpərini göstərib: “Elə ki həyətdə gözə dəymirdi, bir də görürdün budur e, kefikök, bu üç sərhəddin birindən qayıdır. Heç vaxt boş bekar gəzməz, çayxana qabağına getməzdi. O bilirdi ki, qonşu kəndlərdən kəşfiyyata gələn yad xoruzlar, çayxana qabağına yığışır. Yox-yox, qətiyyən əlaqəsi yox idi o casuslarla. Bu cür ciddi məsələlərdə tədbirli davranardı. Kapitan, inanıram ki, o hardasa həndəvərdədir. Ya da Allah uzaq eləsin, kəsib yeyiblər”. –Kapitan, səfehcəsinə danışan Nəvvabın kövrələn gözlərinə baxıb:

–Narahat olma, a kişi– dedi. –Düzələcək! Biz imkan vermərik ki, hadisənin miqyası böyüsün, geniş ictimaiyyət qarşısında müzakirə olunsun. Əmin ol, beynəlxalq qurumlar bu işə burunlarını soxa bilməyəcək. Bu bizim daxili məsələmizdir, özümüz, öz gücümüzə həll edəcəyik. “Qiymətli”nin müəmmalı ölümü barədə düşünməyin isə əbəsdir. O, sağdır və tezliklə öz hininə, dişilərinin yanına qayıdacaqdır. Qaytaracağıq!

Axşam cərrah işdən qayıdan kimi pusquda duran müşahidəçi polislər onun evinə soxuldular. Cərrahın ailəsi evdə yox idi. Cərrah əvvəl nə baş verdiyini anlamadı, sonra birdən ürəyi sancdı. Evində qanunsuz olaraq gizli əməliyyatlar üçün otaq hazırlamışdı. Fikirləşdi ki, onu arvadı satıb, çünki ondan başqa bu gizli otağı bilən yox idi.

Zirzəmidəki gizli otağa basqın elədilər. Hər şey tərtəmiz idi otaqda. Çarpayının üstünə ağappaq mələfə sərilmişdi. Bütün alətlər təmizlənib bir qaba düzülmüşdü. İçəridən spirt iyi gəlirdi. Otağın üzü qərbə tərəf olan nəfəsliyi açıq qalmışdı. Axşamtərəfi ağacların yarpaqları azacıq tərpənirdi. Hava yavaş-yavaş qaralırdı. Birdən serjant qışqırdı:

–Tük, tük, qırmızı tük tapmışam. “Qiymətli”nin tüküdür. –Serjant, çarpayının üstündəki balışın içindən dartıb çıxartdığı tükü kapitanın yanına qaçırdı. Cərrah çaşıb qalmışdı. Kapitan tükü əlinə almamışdan əvvəl əsl ekspertlər kimi ağ əlcək geyindi, eynəyini gözünə taxdı, sonra nadir tapıntını işığa tutub baxdı. Serjant həyəcanla:

–Kapitan, ekspertizaya göndərək, necə ki, dul qadının hinindən tapdığımız zılı göndərdik.

–Düzdür, bunu da göndərmək lazımdır. Amma bir dəqiqə dayan görək, bu oğru, rüşvətxor, camaatın əmlakına göz dikən, talançı cərrah, “Qiymətli”ni neyləyib?

–Ay başınıza dönüm, “Qiymətli” kimdir? Nə axtarırsız burda? Siz kimsiz?

–Əə, özünü tülkülüyə vurma. Güya məni tanımırsan? Mən bu kəndin xəfiyyəsiyəm. Eşitdin, yoxsa kar olmusan? Qulağını yarıb əməliyyat edək?

–Vallah, heç nə başa düşmürəm. Mən neyləmişəm, günahım nədir?

–Necə yəni neyləmişəm, əə? Kəndin ən hörmətli ağsaqqalı, Nəvvab kişinin xoruzunu praktika olsun deyə əməliyyat masasına uzadıb yarırsan, deyirsən, heç nə başa düşmürəm? Əə, utanmırsan? Sən baytarsan, yoxsa nəsən?

–Ay Allah, özün səbr ver mənə. Yəqin ki, bu yuxudur.–deyə cərrah əslində sevindi. Gələnlər tamam başqa, hələlik anlaşılmayan bir şey üçün gəlmişdilər.

–Nə yuxu əə, hanı xoruz? Kəsmisən? Kəsmisənsə, hanı o uzun ayaqlar, iti mahmız, rəngli lələklər, hə? Hanı ətli pipik? –deyə bağıran kapitan cərraha tərəf əyilib tapançasını çıxartdı.

Bu vaxt açıq qalan nəfəslikdən otağa səs doldu. Qəfil xoruz banı idi bu. Gur, əzəmətli, şaqraq səs idi, heç də itkin düşən tənha xoruz banına oxşamırdı. Kapitan diksindi. Darama qalan pencəyinin sarı düyməsi dartılıb qırıldı, güllə kimi divara dəyib çarpayının üstünə düşdü.

–Bə... bə... bəl...kə odur, hə? –deyə cərrah qorxa-qorxa əlini nəfəsliyə tərəf uzadıb qaranlığı göstərdi.

Kapitan həyəcanla irəli atıldı, əlini havada yelləyib dəstəsini arxasınca çağırdı. Bir dəstə polis əməkdaşı, xoruz banı gələn tərəfə götürüldülər.

XS
SM
MD
LG