Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:53

Hökmünü gözləyən hakim: Pulları qəpiyinə qədər ödəmişəm


Həsən Əliyev
Həsən Əliyev

-

Martın 31-də Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyevə hökm oxunmalı idi. Ancaq bununla dördüncü dəfədir ki, hökm təxirə salınır. AzadlıqRadiosuna Gəncə məhkəməsindən bunun səbəbini izah etmək istəmədilər. Bu dəfə hökmün oxunuşu aprelin 1-dək təxirə salınıb.

Bir neçə gün əvvəlsə sabiq hakim AzadlıqRadiosunun əməkdaşına məhkəmədən müsbət gözləntiləri olduğunu deyib.

- Həsən müəllim, AzadlıqRadiosundan narahat edirik sizi..

- Buyurun…

- Məhkəmədən gözləntilərinizi bilmək istəyirdik…

- Hesab edirəm ki, bu neçə ayda məhkəmə işin hallarını düzgün, tam qanunlara uyğun şəkildə araşdırdı. Gözləntilərim də müsbətdir.

- Bəraət istəmisiniz…

- Əlbəttə ki… Başqa cür ola da bilməz. Məhkəmədə sübuta yetdi ki, mənə böhtan atılıb.

- Sizin üzərinizə ödənişlər etmək qoyulmuşdu. Deyilənə görə, ödəməmisiniz. Səhv etmirəmsə, 380 min manat olmalıdır...

- Yalandır, böhtandır, bütün pullar qəpiyinə qədər ödənilib, hər şey də yaxşıdır. Bu qədər.

- Sizinlə daha geniş danışmaq istəyirdik…

- Dediklərim bunlardan ibarətdir. Başqa deyəcəyim yoxdur. Məhkəmə də sübut etdi ki, mən günahsızam.

İCRA BAŞÇISI TƏYİN ETMƏK ADI İLƏ...

Həsən Əliyev əvvəllər Binəqədi rayon Məhkəməsinin sədri olub. Prezidentin fərmanı ilə 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsinə hakim təyin edilib. 1 il əvvəl hakim səlahiyyətlərinə ölkə başçısı tərəfindən xitam verilib. Bundan bir neçə ay sonra ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb. Barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Həsən Əliyevdən şikayətçi isə Ramazan Səlimov adlı şəxs olub. Bu adam iddia edib ki, Həsən Əliyev hakim işlədiyi dövrdə onunla Bakı Ağır Cinayətlər Məhkəməsindəki iş otağında görüşüb. Onu rayonlardan birinə icra başçısı təyin etdirmək adı ilə ayrı-ayrı vaxtlarda və hissə-hissə olmaqla 600 min manat alıb.

Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində aparılmış istintaq vaxtı Həsən Əliyevin Ramazan Səlimovdan 300 min manat alması barədə özünün yazdığı və notariat kontorda təsdiqlənmiş kağız üzə çıxıb. O, özü də ibtidai istintaqa bunu təsdiqləyib.

Lakin məhkəmədə Həsən Əliyev ittihamları rədd edib. Məhkəmə dövründə və ondan əvvəl Həsən Əliyev aldığı məbləği Ramazan Səlimova hissə-hissə olmaqla qaytarıb. O, istintaq zamanı bəzi məsələləri üzərinə götürməsini istintaqçılar tərəfindən aldadılması ilə izah edib. Məhkəmədə bildirib ki, Ramazan Səlimovdan pulu vəzifəyə təyin etdirmək adı ilə yox, şəxsi problemlərini həll etmək üçün alıb.

XS
SM
MD
LG