Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:57

Əli İnsanov həbsxanada dustaqları müalicə edir


Əli İnsanov
Əli İnsanov

-

MƏŞHURLARIN HƏBSXANA HƏYATI

modern.az həbsxanadakı məşhurların, xüsusən də beynəlxalq təşkilatların «vicdan məhbusu» kimi tanıdığı fəalların həbsdəki məşğuliyyətini araşdırıb:

«Keçmiş səhiyyə naziri Əli İnsanov həbsxanada gününü kitab oxumaqla keçirir. O, səhhətində problem yaranan dustaqları müalicə də edir.

Siyasətçi Nemət Pənahlı fəlsəfi kitabları, həmçinin həbsxanaya keçirilməyə icazəsi olan dini ədəbiyyatları mütaliə edir. Şer yazmaqla da məşğuldur.

Müsavat başqanının həbsdə olan müavini Tofiq Yaqublu yay gələndə yığışıb futbol da oynamağı düşünür. O, daha çox fəlsəfi kitabları oxumağa üstünlük verir. Səhhətində bir problem yarananda, Əli İnsanova müraciət edir, o da müalicə edir».

CƏMİL HƏSƏNLİ: «BÜTÜN XALQ ÜMUMMİLLİ RÜŞVƏT ÖDƏYİCİSİNƏ ÇEVRİLİB»

«Dövlətin təhlükəsizlik orqanı fəal gənclərin təqibinə, «facebook» profilləri oğurlamağa vaxt itirirsə, ərazimizin 20 ildən artıq işğalda qalmasına təəccüblənmək lazım deyil».

Cəmil Həsənli
Cəmil Həsənli

Bunu «Azadlıq» qəzetinə müsahibəsində Milli Şuranın sədri Cəmil Həsənli deyib. O, 5 aprel mitinqinə hazırlıqları ilə yanaşı, ölkədəki sosial-iqtisadi duruma da toxunub:

«Hökumət iqtisadiyyatın liberallaşmasına yönəlik gerçək islahatlar həyata keçirmək, orta və kiçik sahibkarlığı stimullaşdırmaq, azad bazar münasibətləri formalaşdırmaq, onun etibarlılığına maliyyə təminatı verə biləcək bank şəbəkəsi yaratmaq əvəzinə, neft pullarını dağıtmağın ağlagəlməz yollarına əl atdı. Niyə bu gün ölkədə nüfuzlu beynəlxalq banklar fəaliyyət göstərmir? Axı, bu amil hər hansı ölkənin maliyyə həyatının, iqtisadi cazibəsinin mühüm şərtidir. Böyük iqtisadi güclər ölkəyə investisiya qoymaq, iş qurmaq istəyəndə ilk sırada bununla maraqlanır. Lakin vətəndaşına 20-25 faizlə kredit verən ölkədə özünə hörmət edən heç bir normal xarici bank işləməz və ya belə soyğunçu şərtlərlə işləməyi özünə rəva görməz».

«Azərbaycan vətəndaşının rüşvət şəbəkəsindən kənar həyatı, mövcudiyyəti yoxdur. Bütün xalq analoqu olmayan ümummilli rüşvət ödəyicisinə çevrilib». Bu fikir də Milli Şura sədrinə məxsusdur.

Vladimir Putin
Vladimir Putin

«AZƏRBAYCAN RUSİYA-QƏRB DAVASINDA EPİSENTRƏ GƏLİR»

«Yeni Müsavat» qəzeti yazır ki, Krımın işğalına görə Rusiya ilə Qərb (ABŞ) arasında başlanmış «soyuq savaş» yavaş-yavaş «qaynar» mahiyyət qazanmaqdadır. İki qlobal güc arasında ziddiyyətlər Ukrayna, Suriya (Yaxın Şərq) ilə yanaşı, son olaraq Yəmən böhranına yanaşmada da özünü qabarıq şəkildə büruzə verib.

Qəzet yazır ki, məşhur amerikalı politoloq və sovetoloq, Amerika prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbigniew Brzezinski Azərbaycan üçün şok sayıla biləcək proqnoz verib.

Ukraynadakı proseslərin mümkün inkişaf ssenarilərindən çıxış dən nüfuzlu analitik bəyan edib ki, prezident Putin-in növbəti hədəflərindən biri məhz Azərbaycan ola bilər: «Putin, çətin ki, öz aqressiv siyasətini Ukraynaya hücumla yekunlaşdırsın. Onun növbəti hədəfləri qismində Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Azərbaycan və həttaPolşa ola bilər... Mən peyğəmbərlik edib qara ssenarilər haqda proqnoz söyləmək istəmirəm, amma həqiqətən risk var ki, Rusiya təcavüzü Ukrayna ilə yekunlaşmayacaq. Bunu Putin-in ardıcıl şəkildə seçdiyi yolun analizi göstərir».

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG