Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:54

Hind musiqisi, fillər, məşhur hind çayı


Sərgi aprelin 12-ə qədər davam edəcək.
Sərgi aprelin 12-ə qədər davam edəcək.

-

Hind musiqisinin səsi yenə ətrafı başına götürüb. Hind qızı oynadıqca ətrafdakılar əl çalır, yerində dayana bilməyənlər də ona qoşulur. Əl çalan yaşlı qadın yanındakına deyir: «Necə də Zitaya oxşayır».

Azərbaycanlılar üçün Hindistan nə qədər uzaq olsa da, Hind filmi, Hind rəqsi vaxtilə çox yaxın olduğundan son 6 ayda artıq ikinci dəfə keçirilən Hindistan sərgisi yenə ziyarətçi ilə doludur.

Hindistanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə sərgi martın 27-də AMAY Ticarət Mərkəzində açılıb. Satış sərgidə məşhur Hind çayı, rəngarəng pal-paltar, ədviyyat, ev tekstili, müxtəlif bəzək əşyaları, mebel satılır.

HİND ÇAYI 25 MANATA, AĞ İSTİOT 2 MANATA

Paltarlar 2-3 manata, şərflər 50 qəpiyə satılır.
Paltarlar 2-3 manata, şərflər 50 qəpiyə satılır.

Çay satılan yerdə qələbəlikdir. Yarım kiloqram çay 25 manatdır. Yaşlı qadın satıcıdan soruşur ki, «əsl indiyski çaydır?». Satıcı «ay xala, düz Hindistandan gəlib, bəs hara çayı olacaq» deyib qadını çayı almağa həvəsləndirir.

Çay satılan yerdə ədviyyat, düyü də satılır. Hamı ağ istiotla maraqlanır. Təəccübünü gizlətməyənlər də tapılır: «İstiotun da ağı olarmış»...

Kiçik paketlərdəki ağ istiot, darçın, zəncəfil 2 manatdır.

3 MANATA PALTAR, 50 QƏPİYƏ ŞƏRF

Az qala, bütün piştaxtalar parıldayır.
Az qala, bütün piştaxtalar parıldayır.

Başqa bir piştaxtada al-əlvan paltarlar, nazik şərflər qalaqlanıb. Paltarlar 2-3 manata, şərflər 50 qəpiyə satılır. «50 qəpiyə də şərf olar» deyən qadınlar şərflərdən üçünü, dördünü alır. Bir başqa alıcı heyfsilənir – «bunu 8 Martdan, Novruz bayramından əvvəl açaydınız də. Qohum-qonşuya ucuz-ucuz hədiyyə edərdik».

FİLLƏR, ÇARIQLAR

Hindistan deyilən kimi rəqs, musiqi, sari ilə eyni vaxtda adamın ağlına gələn həm də fildir. Düzdür, sərgidə əsl fil yoxdur. Ancaq müxtəlif fil fiqurları var. Kiçik suvenirlər 4 manata, böyük ölçüdə olanlar 50-500 manata satılır.

Fil fiqurları
Fil fiqurları

Satış-sərgidə, az qala, bütün piştaxtalar parıldayır. Bürünc qolbaq dəstinin başına da çox adam yığışıb. Hər dəstdə 5 qolbaq var. 15 manata satılır. Rəngli, naxışlı çarıqlar da bu qiymətədir.

Mebel, parça, xına, süfrələr, örtüklər, çarıqlar, hamı nəsə alır. Alıcıların da əksəriyyəti qadınlardır. Hindli rəqqasə isə yorulmadan oynayır.

Satıcı Rəna Əliyeva deyir ki, Hindistan mallarına tələbat olduğundan sərgi tez-tez açılır. Bir neçə aydan sonra növbəti satış-sərgi olacaq. İndiki sərgi aprelin 12-ə qədər davam edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG