Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:28

"Burnumu yekə yerlərə soxmuram ki, yekə yalanlar danışmağa məcbur olmayım"


Kəramət Böyükçöl
Kəramət Böyükçöl

-

"Həmişə gözəl qızları yoldan çıxarmağa çalışdıqları kimi, bir az istedadlı və vicdanını təmiz saxlamış adam görəndə də o saat əl-ayağa düşürlər. Xeyir ola, o adam niyə təmiz qalıb?.."

"Heç vaxt ağlımın ucundan da keçməzdi ki, hansısa məsələdə hörmətli Rasim Qaraca ilə hörmətli Rəşad Məcidin fikri üst-üstə düşər..."

Bu yaxınlarda bağlanmış, axar.az saytının bir bölümünə çevrilmiş kult.az ədəbiyyat saytının aparıcı jurnalisti, yazıçı Kəramət Böyükçöllə müsahibə

- Kəramət, indi nə işlə məşğulsan?

- Bir il, il yarıma qədər yazmağa, kitab çıxarmağa, tanınmağa çox həvəsliydim, amma indi baxıram ki, daha içimdə o hisslər yoxdur. Məsələ burasındadır ki, artıq yaza da bilmirəm.

Ötən bir il ərzində kult.az saytında fəal işlədim, bu məni əməlli-başlı yordu. Sən demə, bir atımlıq barıtım varmış. Sanki zamanla yazmağın mənasızlığını da başa düşdüm. İstərdim mənə köşə yazdığıma, müsahibə aldığıma görə yox, roman yazdığıma görə pul versinlər. Təbii, bu da indiki şəraitdə mümkün deyil.

- Ədəbiyyat saytları açılandan sonra yazarlar arasında cəbhələşmə yarandı. Sırf sayt oxunsun deyə yazarlar bir-biri haqda olmazın şeylər yazdılar. Bu minvalla çoxlu yazar bir-biri ilə düşmən oldu. Yazarların özlərini işlədikləri qurumlarla, saytlarla eyniləşdirməsinin ədəbiyyat üçün zərərləri varmı? Sən özünü kult.az-la eyniləşdirirdin?

- Kult.az saytı mənim əsas iş yerim deyildi, əsas iş yerim Baki Dövlət Universitetidi. Universitetin Mətbuat və informasiya şöbəsində çalışıram. Bu birinci məsələ. O ki qaldı nəinki işlədiyim yerlə, heç atamın mövqeyi ilə də çıxış etməmişəm.

Məsəlçün, atam AYB-də işləyir, amma mən dəfələrlə o qurum haqqında, elə Anar müəllim haqda tənqidi fikirlər bildirmişəm. Bu da ikinci.

Elə redaktorumuz Salam Sarvanın o qədər yaxın dostları var ki, onları kult.az saytında tənqid etmişəm.

Salam Sarvan və Kəramət Böyükçöl
Salam Sarvan və Kəramət Böyükçöl

Belə. Mən evdə-eşikdə yalan danışmağı xoşlayan adamam, amma ictimai əhəmiyyət kəsb edən yalanlar danışanda özümü çox narahat hiss edirəm.

- Deyirsən yalan danışmaq məni narahat edir. Deməli, nə vaxtsa danışıbsan ki, o narahatçılığı hiss edibsən. İctimai əhəmiyyətli nə yalan danışıbsan ki?

- İctimai əhəmiyyətli deyəndə ki, mən gənc bir yazaram, hansı böyük yalan danışa bilərəm ki? Bu sözü ədəbi ictimaiyyət üçün vacib olan məsələlər haqda dedim. Tutaq ki, keçmişdə Murad Köhnəqala haqda yazmışam ki, o, ədəbiyyat üçün lazımsız adamdır, sonra görmüşəm ki, Murad barədə bu qədər çılpaq söz demək və hökm vermək düzgün deyil. Digər tərəfdən, bilirəm ki, Azərbaycanda yalan danışmamaq mümkün deyil, ona görə burnumu çox yekə yerlərə soxmuram ki, heç olmasa böyük yalanlar danışmağa məcbur olmayım və daxilən rahat olum.

Həmişə gözəl qızları yoldan çıxarmağa çalışdıqları kimi, bir az istedadlı və vicdanını təmiz saxlamış adam görəndə də o saat əl-ayağa düşürlər. Xeyir ola, o adam niyə təmiz qalıb? Tez hardasa işə-zada götürürlər, nəyəsə məcbur eləyirlər. Hələ ki, başıma belə bir hadisə gəlməyib. Həyat qabaqdadır, inşallah, yəqin, irəlidə səhvlərim çox olacaq, səhvdən sığortalanmaq mümkün deyil.

- Ədəbi mühitin daha müstəqil olması, ədəbiyyat üzərindən hökümət nəzarətinin götürülməsi halında, vaxtilə dəstəklədiyin hansısa tərəfə görə peşmançılıq keçirərsənmi?

- Çox güman ki, Azərbaycanda ədəbi mühitdəki bu vəziyyət uzun müddət davam edəcək. Yazarların öz kitablarını satıb pul qazanması bizə daha böyük azadlıq verərdi, amma hələ ki, oxucuların kitaba münasibətində bir dəyişiklik yoxdur. Bütün bunlardan əlavə etiraf etməliyik ki, biz yazarlar daxilən azad deyilik, içimizdə daxili senzuramız var. Mən AYB-nin tərəfini tutmuram, sadəcə, birliyin üzvüyəm, vəssalam. Amma bilirəm ki, əks tərəfdə olmağın da bir mənası yoxdur.

Kəramət Böyükçöl
Kəramət Böyükçöl

Məsəlçün, durub-oturub deyirlər ki, Anar yazıçı deyil, bu hansı insafa, hansı ədalətə sığır? Səncə, Anarı bir yazıçı kimi danmaq, inkar etmək olarmı? Demək olarmı ki, Anar yazıçı deyil, amma yazıçı Seymurdur, Rasim Qaracadır, Əli Əkbərdir?

- Demək olmazmı ki, hər biri yazıçıdır? Mən bilən onlar Anarı ictimai mövqeyinə görə qınayırlar.

- Əlbəttə, hər biri yazıçıdır. Amma Seymur daha çox publisistdir. Anarınsa təkcə son povestini oxumaq lazımdır ki, onun yazıçı olduğunu görəsən. Bilirsən, yazıçını ictimai mövqeyinə görə tənqid etmək olmaz. Yazıçı ortaya ictimai mövqe qoymağa borclu deyil.

Bunu anlayışla qarşılamaq lazımdır. Azərbaycanda gizli heç nə yoxdur, hamı hər şeyi bilir. Hamı nələrdəsə güzəştə gedir. Ancaq bütün bunlarla bərabər həqiqəti qışqırmaq heç də səni yazıçı etmir. Sən həqiqəti demədən də yazıçı ola bilərsən. Məsəlçün, bizdə məmur yazıçılar var, hamı deyir ki, filankəs məmurdursa yazıçı ola bilməz, axı elə deyil.

- Lermontovun belə bir sözü var, deyir ki, əgər insan məmur oldusa, artıq o yazıçı deyil.

- Bu, Lermontovun fikridir, amma bizim məmur-yazarlar göstərdilər ki, həm məmur, həm də yazar olmaq mümkündür. Axı adamın kitabı qarşındadır, oxuyursan görürsən yazıçıdır.

- Gənc yaşından bir-birinin ardınca üç roman yazıbsan. Halbuki tanınmış dünya yazarları məsləhətlərində deyirlər ki, yaxşı roman yazmaq üçün çoxluca məşq etmək lazımdır. Səncə, roman yazmağa tələsməyibsən ki?

- Etiraf edim ki, mənim roman yazmağıma səbəb, “roman bumu”nun yaranması olub. Mən o vaxt şeirlər yazırdım. AYB-nin üzvü olmaq, prezident təqaüdü almaq üçün tələm-tələsik şeirlər kitabı yazdım və o təqaüdü aldım. Ondan sonra gördüm hamı roman yazır, mən də roman yazmağa qərar verdim. Univerisitetdə dərslərdə ara-sıra kağızlarda qeydlər aparıb evdə kompyuterə köçürürdüm.

Əktəm Əylisli gənc yazar Kəramətlə
Əktəm Əylisli gənc yazar Kəramətlə

Beləliklə, “Çöl” romanı ortaya çıxdı. Bu romandan sonra Rafiq Tağı, Əkrəm Əylisli kimi ədəbi zövqünə inandığım adamlar romanım haqda xoş sözlər dedilər və bu məndə qəribə bir həvəs yaratdı. Öz-özümə dedim ki, mən yazıçıyammış və başladım roman yazmağa. Ancaq Allah ömür versə gələcəkdə 35-40 yaşlarımda ciddi bir roman yazmaq istərdim. İndiyədək yazdıqlarımı, sadəcə qələm təcrübələri hesab edirəm.

- 35-40 yaşlarında indi yazdığın hansı əsəri yığıb yandırardın, ya da hansı hissəni yazmazdın?

- Məncə, zəif yazmaq, yazmağa tez başlamaq qəbahət deyil. Keçmişdə yazdıqlarıma görə peşman deyiləm. Ancaq, indiki düşüncəmlə “Çöl” romanında bəzi dəyişikliklər edərdim. Məsəlçün, düşmənin üzərinə hücuma keçmək əvəzində bir qədər sərhəddə dayanıb düşünərdim.

Məsəlçün, müharibə başlayana qədər sərhəddə bir-birindən siqaret alan əsgərlər, müharibə başlayandan sonra bir-birlərini öldürməyə məcbur olurlar. Yazıçı mütləq hissiyyatlı olamlıdır, insanı duymalıdır. Yazıçının içində anadangəlmə qəribə və izaholunmaz bir hiss olur, yazıçı bütün ömrü boyu o hissi izah eləməklə məşğuldur.

- Deyirlər, hər bir yazıçı bütün həyatını yeganə bir mükəmməl kitabı yazmaqla məşğul olur. Dayanmadan yazır, çalışır, təcrübə toplayır, ən axırda ortaya yeganə bir kitab çıxır. Sən həmin kitabı yaza biləcəyinə inanırsanmı?

- Xeyr, mənə elə gəlir o kitabı yaza bilməyəcəm. Özümdə o gücü, o potensialı hiss etmirəm, çünki mən o səviyyədə bir istedad deyiləm.

- Onda vaxt varkən ədəbiyyatdan uzaqlaşsan yaxşıdır...

- Axı indi ədəbiyyatla məşğul deyiləm, ancaq köşə yazıram, müsahibə alıram. Kimsə heç bircə cümlə də yazmağımı istəmirsə mənə ayda beş yüz manat versin, söz verirəm heç nə yazmayacam.

- Belə çıxır, yazıçılar pula görə saytlarda çalışırlar və bu onları qismən də olsa ədəbiyyatdan uzaqlaşdırır. Yeri gəlmişkən bu yaxınlarda ölkədəki əsas ədəbiyyat saytlarından bir neçəsi işini zəiflətdi, başqa saytların tərkibində səhifəyə çevrildi. Səncə, bu, yazıçılara yaradıcılıq üçün çoxlu boş vaxt, enerji verəcəkmi?

- Səhv etmirəmsə, bu yaxınlarda Azadlıq Radiosunun ədəbiyyat səhifəsində saytların bağlanması ilə əlaqədar rəy sorğusu yayınlanmışdı. Heç vaxt ağlımın ucundan da keçməzdi ki, hansısa məsələdə hörmətli Rasim Qaraca ilə hörmətli Rəşad Məcidin fikri üst-üstə düşər. Bu adamların biri desə ki, qatıq ağ rəngdədir, o biri deyəcək xeyr, əslində qara rəngdədir.

Kəramət Böyükçöl
Kəramət Böyükçöl

Amma onların ikisinin də bu mövzuda eyni fikir söyləməsi məndə təəssüf hissi yaratdı. Axı qələm adamları bu saytlardan maaş alırdı. Ədəbi proses canlanırdı. Şübhəsiz ki, ədəbiyyat saytlarının işinin zəifləməsi pis oldu. Hər iki saytın ədəbi prosesdə rolu var idi, bunu danmaq olmaz.

- Bəs niyə bütün həyatlarını ədəbi prosesin canlanmasına həsr etdiyini deyən Rəşad Məcidlə Rasim Qaraca bu saytların bağlanmasının ədəbiyyata təsirinin olmayacağını dedilər, səncə?

- Bu saytların heç biri onların idarəçiliyində deyildi. Hər iki saytda Rasim Qaraca da, Rəşad Məcid də tənqid oluna bilərdi. Ara-sıra hər ikisinin əleyhinə o saytlarda yazılar da gedib.

Ola bilsin emosional davranıblar, üstüörtülü demək istəyiblər ki, bizim əlimizdə olmayan heç bir şeyin ədəbiyyata dəxli yoxdur. Axı təşkilati işlərlə həmişə biz məşğul olmuşuq. Məncə, Rasim bəy də, Rəşad Məcid də ürəklərinin dərinliyində hər iki saytın ədəbi prosesə təsirini bilirlər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG