Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:25

Mebel salonunda: «Oğlan evi bizi bağışlayar»


Mebel mağazası
Mebel mağazası

-

Gözlə

No media source currently available

0:00 0:01:29 0:00
Direct-ə keçid

Babək prospekti, gündüz saatları, uzanıb gedən mebel və avtomobil salonları. Şüşə arxasından klassik, modern, avanqard stildə mebellər, par-par yanan avtomobillər hələ uzaqdan «gəl-gəl» deyir. Amma indi bu çağırışa cavab verən yoxdur, salonlar müştəri sarıdan qıtlıq çəkirlər. Gələn, gedən yoxdur. Bizi müştəri sanan satıcılar qapı açılar-açılmaz başımızın üstünü kəsdirib «Necə kömək edə bilərik?», «Necə bir şey istərdiz?» deyə sorğu-suala tuturlar.

Avtomobil salonlarında gördüklərimiz qalsın gələn dəfəyə, bu dəfə mebel salonlarından danışaq.

QİYMƏTLƏR QALXDI, QALXACAQ


«Kilim»də satıcı qiymətlərin bir neçə saata artacağını deyir: «Biz yeni qiymət lövhələri sifariş etmişik. Gələn kimi asacağıq. Bu gördüklərinizsə köhnədir. Ancaq siz istəsəz elə bu qiymətə satarıq. İstəsəz beh qoyun...»

Bəs qiymət nə qədər artacaq? Satıcı deyir ki, indi 2580 manata satdıqları yataq dəstini 2950 manata, 1500 manata olan yemək masası və altı stulu 1800 manata təklif edəcəklər.

«Aydınoğlu» da qiymətlərə əl gəzdirib. Ötən il 2500 manata satılan yataq dəstləri indi 2900 manatdan aşağı verilmir.

Satışda olan mebel dəsti
Satışda olan mebel dəsti

Yan salonda da deyirlər ki, burdakı malların qiyməti növbəti günlərdə dəyişəcək: «Bu gördükləriniz köhnə mallardır. Yeni mallar tırlardan boşalır, iki-üç günə salona yığılacaq, onların qiyməti də fərqli olacaq». «Nə qədər fərqli» sualına belə cavab verilir: «Aşağı-yuxarı 30 faiz artıracağıq qiymətləri, dollar bahalanır, məcburuq».

«OĞLAN EVİ BİZİ BAĞIŞLAYAR»​

Prospektdəki salonları dolaşdıqca təxminən eyni məzmunlu cavablar alırıq. Bir də, baş çəkdiyimiz salonlarda ara-sıra dilxor görünən bir ailəni də görürük: ata-ana və bir də gənc qız. Bu dəfə özümüzü saxlaya bilmirik:

- Deyəsən, istədiyinizi tapa bilmirsiz?

- İstədiyimiz qiymətə tapa bilmirik, yoxsa çeşid boldur... Dedilər ki, buralarda ucuzluq olar. Üzbəüzdə «Dəniz» var, heç ora girmədik, orda az qala bir evin qiymətinə bir mebel dəsti satılır. Bizə münasib buralardı, ancaq burda da...

- Qızınız üçün axtarırsız deyəsən?

- Hə, qızım nişanlıdı. Bir aya toyu olasıdır. Qiymətlər qalxandan sonra əlimiz üzümüzdə qalıb. İndi bilmirik toya kimi nəyi alaq, nəyi çatdıraq? Mebel də bahalanıb, soyuducu da, paltaryuyan da, ətçəkən də, şirəçəkən də. Hərəsi 20-30 faiz qaldıranda hara vurub çıxır. Hansını alasan, hansını almayasan? Bizim birtəhər yığıb düzəltdiyimiz pula bunun ancaq yarısını almaq olar. Həm də düzü, kredit götürmək istəyirdik...

- Daha kredit götürmək istəmirsiz?

- Krediti manatla vermirlər, dollar da bahalana bilər.

- Bəs nə edəcəksiz?

- Gücümüz nəyə çatar alarıq, çatmaz da oğlan evi bizi bağışlayar...

Şəfiqə Həsənova söhbəti yarıda qoyub qaş-qabağı yersüpürən qızının yanına tələsir.

«DOLLAR BAHALANANDA...»​

2000 manatdan 17 min manatadək yataq dəsti təklif edən «Yağmur»da da müştəri gözə dəymir. Satıcı bunu iş günü olması ilə izah edir. Bizə həm 10 faizlik endirim təklif edir, həm də kredit. Alıcı olmadığımızı anlayanda isə söhbəti yarımçıq bitirir. Bircə kəlməylə kifayətlənir: «Qiymətlər qalxmayıb, qaxmayacaq da».

Yerli məhsul təklif edən «Madeyra»da da səssizlikdir, milçək uçsa, səsi eşidilər. 18 aylıq 0 faizlə məhsul təklif edilir. Satıcı Yaqut deyir ki, qiymətləri artırmayıblar: «İlk günlərdə, yəni dollar bahalananda çox adam mal aldı, qız köçürənlər, yeni ev alanlar tələm-tələsik alış-veriş etdilər. Ancaq sonradan hamı gözləməyə başladı».

BİR ÇARPAYI 100 MANAT BAHALANIB


Üzbəüzdə uşaq mebelinin satışıyla məşğul olan usta deyir ki, bir ay əvvələ kimi ikimərtəbəli uşaq çarpayısını 350 manata satırdılarsa, indi qiymət 450 manat olub. «Laminatın qiyməti 33 faiz, şrupun qiyməti 30 faiz qalxıb... Biz də türk malı ilə işləyirik. Dollar qalxır deyə, biz də qiyməti artırmışıq. Bu ikimərtəbəli uşaq çarpayısı 470 manata başa gəlir, ancaq alver olsun deyə 450-yə deyirik. Yuxarıda daha gözəl mallarımız var, 1500, 1800-ə, ancaq müştəri gəlsə, onun adını da tutmuruq, «xodovoy» malı göstəririk ki, qaçmasın...»

Usta onu da deyir ki, indi camaatı mebel yox, çörək maraqlandırır: «Bəlkə də toyu olan məcburdu nəsə alsın. Ancaq indi camaatın 99 faizi gözləyir. Kimdir əlindəki pulu mebelə verən? Hamı qorxur, əlindəkini bərk-bərk saxlayır ki, birdən ərzaq bahalanar, çörəyin qiyməti qalxar. Biz özümüz də narahatıq, belə getsə, evə çörək apara bilməyəcəyik, hələlik köhnə «zakaz»ların çörəyini yeyirik...»

XS
SM
MD
LG