Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:43

AMAY ticarət mərkəzində 6 min işçidən kimlər qalıb- [fotolar]


AMAY Ticarət mərkəzi
AMAY Ticarət mərkəzi

-
«ASAN Xidmət Mərkəzinin bu binada filialı açılandan sonra yola baxan mağazalarda bir az canlanma oldu. O vaxta qədər ticarət lap ölüb getmişdi. İçəridəkilər kimi...»

Abid Məmmədov vaxtilə AMAY Ticarət Mərkəzində (buranın rəsmi adı Xətai Ticarət və Əyləncə Mərkəzidir- red.) icarəyə dükan götürübmüş. Deyir şəhərin mərkəzinə yaxın olsa da, burda ticarət həmişə zəif olub. Keçən ilin aprelində ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin həbsindən sonra dükanlar boşaldılıb, icarədarların çoxu buranı tərk edib.

PİŞTAXTALAR BOŞ, MANKENLƏR ÇILPAQDIR

Hazırda 8 mərtəbəli ticarət mərkəzində işləyən mağazalar da var, ancaq ümumilikdə burda sakitlikdir. Başqa ticarət yerlərinə məxsus qələbəlik, satıcıyla alıcının mal üstündə hay-küyü yoxdur. Yuxarı mərtəbələr, ümumiyyətlə, boşdur. Birinci mərtəbədə adda-budda mağazalar işləsə də, çoxunun qapısı bağlıdır. Piştaxtalar boş, manekenlər çılpaqdır.

Ticarət mərkəzinin içərisi
Ticarət mərkəzinin içərisi

Adını çəkmək istəməyən satıcılardan biri deyir ki, əlacsızlıqdan işləyir:

«Adam görəndə elə sevinirik ki. Almasalar da heç olmasa gəlsinlər, biz də görək ki, kimsə mağazamızın qapısını açdı. Sentyabrda burda Hindistan sərgisi keçirildi. Ora gələn adamlar istər-istəməz bura da baş çəkirdilər».

Satıcılar deyir ki, Abdulla Abdullayevin həbsindən sonra mağazaları boşaldılan sahibkarların çoxu Sədərək ticarət mərkəzinə üz tutublar.

MƏRKƏZİN AÇILIŞINDA PREZİDENT DƏ İŞTİRAK EDİB

2007-ci ilin mayın 23-də keçirilən açılışda isə nəinki bu mərkəzdə, ətraf ərazilərdə də qələbəlik idi. Çünki həmin gün ticarət mərkəzinin açılış lentini prezident İlham Əliyev kəsmişdi. Prezident satılan mallar, onların keyfiyyəti və qiymətləriylə də maraqlanmışdı, buranın Bakıda ən böyük ticarət mərkəzi olduğunu vurğulayıb demişdi ki, ticarət mərkəzi müasir standartlara cavab verir və gözəl arxitekturaya malik binadır. Xarici görünüşü də yüksək səviyyədədir. İnsanların rahat və mədəni şəraitdə işləməsi üçün gözəl şərait yaradılıb.

Mərkəzin direktoru Abdulla Abdullayev həmin vaxt prezidentə məlumat verəndə deyirdi ki, 3-7-ci mərtəbələrdə 380-dək ofis fəaliyyət göstərəcək.

Abdulla Abdullayev
Abdulla Abdullayev

Mərkəzdə ticarət xidməti, sığorta, bank, diaqnostika, bərbərxana, çamaşırxana (kimyəvi təmizləmə), cari tikiş xidməti, atelye, yeməkxana, uşaq əyləncə mərkəzi, biznesklub, konfrans salonu, sağlamlıq mərkəzi, tərcümə mərkəzi olacaq. Burada müxtəlif sahələrdə təxminən 6 min nəfər işləyəcək və s.

ABDULLA ABULLAYEV NƏDƏ GÜNAHLANDIRILIR?

Abdulla Abdullayev hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunur. Onun mütəşəkkil dəstə yaradaraq banklardan götürdüyü maliyyə vəsaitlərini mənimsəməsi, dövlətə külli miqdarda ziyan vurması, İranda istintaqa məlum olmayan maliyyə vəsaitlərini leqallaşdırması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi kimi cinayətlər törətdiyi iddia edilir.

Vəkil Osman Kazımov
Vəkil Osman Kazımov

Vəkili Osman Kazımlı deyir ki, bu ittihamların A.Abdullayevə nə də dərəcədə aid olmasını müəyyən etmək mümkünsüzdür. İttiham tərəfi bir tərəfdən A.Abdullayevi mənimsəmədə, dövlətə 48 milyon manat ziyan vurmaqda ittiham edir. Digər tərəfdən isə istintaq müddətində, yəni 2014-cü ilin aprelindən bu yana həmin ziyanın 43 milyon manatının ödənildiyini bildirir. Müdafiə tərəfi bu ödənişin ittiham aktında dövlətə vurulan ziyanın ödənilməsi kimi əks olunmasına etiraz edir. Vəkillər deyir ki, bu vəsaitlər banklardan götürülən kreditlərdir.

A.Abdullayev özü də ittihamları qəbul etmədiyini bildirib. Mənimsəməyə yol vermədiyini, dövlətə hər-hansı ziyan vurmadığını deyib.
Məhkəmə martın 5-də davam edəcək.

8 İL ƏVVƏLKİ LÖVHƏ

8 il əvvəl prezident İlham Əliyev Xətai Ticarət Mərkəzində olanda 380 ofisin fəaliyyət göstərəcəyi, 6 min nəfərin işləyəcəyi və sair məlumatlar lövhənin qarşısında dayanmışdı. Bu lövhə indi də ticarət mərkəzinin divarlarını bəzəyir. Üstündən 8 il keçəndən sonra burada nəinki 6 min nəfər işləyir, satıcılar bir tərəfə, alıcıları barmaqla saymaq olur.

TİCARƏT MƏRKƏZİNDƏN ÇƏKİLMİŞ FOTOLAR:

XS
SM
MD
LG