Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:55

«Xocalı» təbliğatı- [Fotolar]


.

Gözlə

No media source currently available

0:00 0:04:50 0:00
Direct-ə keçid

«Baş Prokurorluq 23 ildir Xocalı ilə bağlı fakt toplayır. Amma bu faktların heç biri indiyə kimi ictimaiyyətə açıqlanmayıb. 10 ildən çoxdur xarici ölkələrdə smokinqli gənclərimiz bir yerə toplaşıb əcnəbilərə Xocalı faciəsini çatdırmağa çalışırlar. Amma hər il sadəcə eyni rəqəmləri səsləndirirlər, çünki, ictimaiyyətə yeni faktlar açıqlanmır».

Bunu Sadiqə Mehdizadə adlı Facebook istifadəçisi yazır.

Xocalı faciəsindən 23 il keçir. Keçən bu müddətdə Azərbaycan höküməti eləcə də fərdi şəxslər bu faciəni tanıtmaq, dünyaya qəbul etdirmək üçün müxtəlif kampaniyalar, aksiyalar keçirir, tanıtım filmləri çəkir, faciədən bəhs edən borşürlər paylayır- il dönümə 1 ay qalmış, və bir ay sonraya qədər.

XOCALIYA YA XOCALILILARA ƏDALƏT?

Məsələn, 2008-ci ildə «Xocalıya Ədalət» adlı kampaniya başladılıb. Hər il faciənin il dönümü ərəfəsində müxtəlif ölkələrdə «Xocalıya ədalət!» təbliğat və məlumatlandırma kampaniyası keçirilir. Kampaniyanın təşəbbüskarı prezidentin qızı Leyla Əliyevadır.

Leyla Əliyeva
Leyla Əliyeva

«JusticeforKhojaly» adlı veb səhifə 6 dildə fəaliyyət göstərir.

Təbliğat kampaniyalarına müxtəlif yanaşma var. Məsələn, xaricdə təhsil alan tələbələrdən biri öz facebook hesabında yazır:

«Vallah ölkəmin içində Xocalı sakinlərinə ədalət yoxdursa, mən durub olduğum ölkədən onlara ədalət tələb edə bilmərəm».

İLDƏ BİR DƏFƏ ƏDALƏT

Mürsəl Həsənov da 1992-ci ildə Xocalıdan köçkün düşüb. O vaxtdan bəri ailəsi ilə sığınıb Bakıya. Deyir ki, sosial durumu yaxşı deyil. Lakin bu onu elə də narahat eləmir. Əsas narahatlığı başqadır:

«Xocalıları ildə bir dəfə, faciə ərəfəsi yada salmaq doğru deyil. Onlar hər gün xatırlanmalıdır. Şəhid ailələri övladları var, onları ziyarət etmək, ehtiyaclalrı ilə maraqlanmaq lazımdır. Işləyə bilməyənlər var. Dərdlərinə qalmaq lazımdır. İqtisadi gücü olan dövlətdən gücü səviyyəsində qayğı görmürük. Əvvəllər nəsə yardımlar etməyə çalışırdılar. Indi 10-15 manat çörək pulu verirlər vəssalam. Heç qayğını da istənilən səviyyədə görmürük».

Mürsəl Həsənov ailəsi ilə birgə ovaxtkı Maşınqayırma zavodunun sanatoriyasına sığınıb. O, dövlət qayğısının olmamasından narazılığını bildirsə də, deyir ki, əsas dərdi bu deyil. Xocalı köçkünü deyir ki, Xocalılara ən böyük yaxşılıq doğma torpaqlarına qayıtması, orada uyuyan doğmalarının məzarlığının azadlığa çıxması olar.

Yerigəlmişkən, «Xocalıya ədalət» kampaniyası çərçivəsində bu il faciənin ildönümünə eyni adlı toplu nəşr edilib. Topluya Leyla Əliyevanın «Xocalıya ədalət» kampaniyası ilə bağlı video müraciətindən, dinc əhalinin qətlə yetirməsindən, Xocalı şəhərində soyqırımın törədilməsindən bəhs edən sənədli filmdən ibarət 2 DVD disk, kitab, buklet, eləcə də Xocalıdakı hadisələrin fotoları, «Xocalıya ədalət» kampaniyasının yeni loqosu və promo məhsullarının olduğu fləş kart daxildir.

Qarabağ Azadlıq Təşkilatının rəhbəri Akif Nağı deyir ki, facənin tanıdılması, durumun izah edilməsi baxımından belə kampaniyalar gələcək üçün önəmlidir. Lakin, Xocalıları da unutmamaq lazımdır:

Xocalı abidəsini ziyarətə gələn qadın
Xocalı abidəsini ziyarətə gələn qadın

«Belə kampaniyaların keşirilməsi yaxşıdır. Lakin, Xocalıların da yaşayışı yaxşılaşdırılmalıdır. Onlar daha ağır dəhşətlərə məruz qalıblar. Milli Məclisə müraciət etmişik ki, xocalılara xüsusi status verilməlidir. Həmdə onların sosial, iqtisadi problemləri həllini tapmalıdır».

İSTİNTAQ NƏ DEYİR?

Azərbaycanda Xocalı faciəsi ilə bağlı istintaq gedir. 1994-cü ildə istintaq dayandırılmışdı. Hərbi prokurorun birinci müavini İlham Məmmədov bir neçə il öncə bunu Azərbaycanın o vaxtkı Cinayət Məcəlləsində insanlıq əleyhinə maddələrin əks edilməməsi və cinayət məsuliyyətinə cəlb edilən şəxslərin müəyyən edilməməsi ilə izah etmişdi.

2003-cü ildə isə Baş prokuror, Daxili İşlər və Milli Təhlükəsizlik nazirlərinin birgə əmri ilə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində baş verən cinayətlərlə bağlı vahid istintaq qrupu yaradılıb. İstintaqın aparılması da Hərbi Prokurorluğa həvalə edilib. Elə Xocalı faciəsi də həmin cinayətlərin tirkibində araşdırılır.

Azərbaycan Hərbi Prokurorluğundan ötən il mətbuata bildirilmişdi ki, Xocalı soyqırımının törədilməsinə görə 39 nəfərə cinayət işi qaldırıb. Onların arasında keçmiş SSRİ-nin 366-cı alayının komandir və zabit heyəti də olduğu deyilir.

TARİX


1992-ci il fevralın 25-dən 26-a keçən gecə Rusiya ordusunun Xankəndində yerləşən 366-cı motoatıcı alayının köməyi ilə erməni silahlı birləşmələri Xocalıya hücum edib.

Rəsmi məlumatda deyilir ki, həmin vaxt 613 nəfər öldürülüb, 1000 nəfər aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib.

8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

Həmin vaxt 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Xocalı faciəsindən 23 il ötür. 23 il öncə xilas olub həyatını geri qazananlar indi də pis şəraitdən xilas olmağı gözləyirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG