Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:24

Şirməmməd Nəzərlidən hekayə: "Südlü iris"


Şirməmməd Nəzərli
Şirməmməd Nəzərli

-

"Qarşıdan gələn qafqazlını görəndə sanki ayıldı, xidməti vəzifəsi yadına düşdü:

- Kapitan Solomin. Sənədlərinizi göstərin, - deyə yoldan keçəni saxlayıb özünü təqdim elədi.

Cavan oğlan qoltuq cibində bir az eşələndi. Sənədlərini çıxarıb verdi və dodaqaltı nəsə dedi.

Kapitan:

- Eşitmədim, nə dediniz?.."

Şirməmməd Nəzərli

SÜDLÜ İRİS

(hekayə)

Nastya mətbəxdə xörək hazırlayan anasının yanına gəldi:

- Ma, nənənin südlü irisindən qalıb?

Anası başını qaldırmadan dedi:

- Nənənin bu saat bircə diabeti çatışmır, onu da qazansa, dərdimiz tam bir buket olar.

- Mamacan, bircə irisdən heç nə olmaz. Versək, xeyli sakitləşər, həyəcanlanmaz. Nə olar, bircə iris...

- Qızım, bizə iris, konfet, şokolad...kömək eləməz!

- Yaxşı da, mənim xətrimə.

Qadın bir qədər susdu, sonra başı ilə divar şkafını göstərib “yalnız bircə dənə” dedi.

Nastya şkafdakı qutudan bir iris götürüb qonşu otağa qaçdı. Olqa Pavlovna qızının dalınca baxıb başını qayğılı-qayğılı buladı.

Nənəsi kağızı uşaq sevinci ilə açıb yerə tulladı, irisi dişsiz ağzına qoydu, gözlərini yumub bu şirinliyin ləzzətini göstərdi :”Hmm...” Sonra gözlərini açıb əvvəlki kimi pəncərədən küçəyə baxdı. Qarının gözləri yol çəkirdi:

- Nastya, Kolya bu gün gələcək?- deyə nəvəsindən soruşdu.

Gün ərzində artıq on dəfə bu suala cavab vermiş nəvə danışmadı. Qoca nənə bir də soruşanda Nastya gəlib onun üzünün qırışlarını balaça ovucu ilə oxşadı, üz-gözünü öpdü, onun zəif, dərisi qırış-qırış olmuş əllərini əlinə alıb dodaqlarına sürtdü. Mehribanlıqla, elə bil balaca uşaqla danışırmış kimi:

- Nənəcan, atam bu tezliklə gəlməyəcək, yadında niyə qalmır?-dedi.

Nənəsi bunu birinci dəfə eşidirmiş kimi təəccüblə soruşdu:

- Bəs nə vaxt gələcək?

- Gələr də, nənə, neynirsən, sənə bu saat lazımdır atam?

- Məni kəndə aparacaqdı axı, qəbiristanlığa, anamın qəbri üstə?

- Gələr, gələr, nənə, darıxma. Yemək istəyirsən?

Qadın cavab verməyib pəncərədən bayıra baxmağına davam elədi.

Nastya mətbəxə qayıdıb qaz pilətəsinin üstündəki xörəyin dadına baxan anasını süzdü. Olqa Pavlovna arxaya baxmadan:

- İndi nə istəyir?-deyə əsəbi halda soruşdu.

Qızcığaz cavab vermədi. Üzü kədərli, gözləri çuxura düşmüş Nastya tutuldu. Ağlamaqdan özünü güclə saxladı. Burnunu bərkdən çəkdi. Anası geri çevrilib qızına baxdı, başını mənalı-mənalı tərpətdi, astaca gəlib mətbəx stolunun arxasında oturdu.- Qızım, - dedi.- Nənən çox qocalıb. Qocalıq özü də bir xəstəlikdir. Sən çox da ürəyinə salma. Ailəmizin vəziyyəti onsuz da ağırdır. Ürəyim parça-parça olur sənin bu halını görəndə...

Nastya hıçqırığını saxlaya bilmədi. Hönkür-hönkür ağladı, anası ona su içirtdi. Qız bir az sakitləşəndən sonra soruşdu:

- Məgər nənəyə demək olmaz atam hardadır? Qoy həqiqəti bilsin, bəlkə ondan sonra bir də belə təkidlə soruşmayacaq, hə?

- Yox, qızım, soruşacaq, yenə gündə əlli dəfə soruşacaq. Məsələ burasındadır ki, təkcə

soruşmaqla kifayətlənməyəcək, istəyəcək ki, onu oğlunun yanına aparaq. Özü də hər gün.

- Mama, axı mən heç özüm də əməlli-başlı bilmirəm ki, atamı nəyə görə tutublar. Elə yola verirsən məni, amma əsl səbəbini demirsən ki, demirsən!

- Bilsən, nə edərsən? Əlindən, əlimizdən nə gələr?- deyə anası Nastyanı yenə cavabsız qoydu.

- Yox, ana, elə deyil. Həmişə deyirsən ”sən hələ balacasan, dərslərini oxu, belə şeylərlə başını doldurma”. Artıq 14 yaşım var. Sən hesab edirsən 14 yaşlı qız atasının taleyi ilə maraqlanmalı deyil, bilməli deyil ki, atası nəyə görə həbsxanadadır?!

- İndi heç olmasa dərdi mən tək çəkirəm. Danışsam, səninçün də ağır olar, nənən üçün də.

- Doğru deyil,- Nastya etiraz elədi.-Bilsəm, vəziyyətdən birgə çıxış yolu axtararıq, dərdimizi bərabər çəkərik. Onda bilərik ki, fikrimiz-zikrimiz eynidir, belədə bir az yüngül olar.

- Dərdimizin, qayğılarımızın bir az yüngülləşməsi üçün sən, yaxşı olardı ki, nənən barədə fikirləşəsən.

- Nənəm bizə neyləyir ki, sakit arvaddır. Biz vicdansızlar necə istəyirik, başını elə də qatırıq.

Nastyanın kinayəsinə dözməyən anası səsini qaldırdı:

- Bura bax, deyirsən böyümüsən, dərd çəkməyə hazırsan, hə? Nə olar, onda eşit və bil. Mən bu vəziyyətə daha dözə bilmirəm. Bilmirəm işləyim, qızımı oxutdurum, qarıya baxım... Hələ bilmirəm mən işdə, sən məktəbdə olanda evdə bizim üçün o nə sürpriz hazırlayacaq. Polis gəlıb, müstəntiq gedəcək. Həkimlər diaqnoz verəcək, prokuror sanksiya. Qonşuların tənəsi, “kurortda olan” atacığazının ittihamı...

Nastya atası barədə istehza ilə, ağzını əyə-əyə danışan anasının sözünü kəsdi:

- Mama, elə indicə atamın başına gələnləri danışmasan, əsl problemin elə mənə görə olacaq!

Olqa Pavlovna qamətini dikəltdi. Sanki yatmışdı, qızının sözləri onu oyatdı. Nastyaya diqqətlə baxdı. Onun cılız bədəni, qəmli üzü ürəyini ağrıtdı. Amma Nastyanın bayaq inamla dediyi “mənim artıq 14 yaşım var” sözləri qulağında əks-səda verdi. Bəli, Nastya ata-ananın yüksək vəzifə tutan, hər işi qulluqçuların gördüyü, xidməti maşının qapıda müntəzir durduğu ailənin 14 yaşlı ərköyün qızı deyildi. Nastya taleyin hökmü ilə firavanlığı dərd və iztirabla dəyişik düşmüş bir uşaq idi. Belə qız, atası haqqında həqiqəti şübhə və şayıələrdən daha rahat qəbul edə bilərdi.

- Qızım, atanla baş vermiişləri danışaram, amma gərək sən də təklifimlə razılaşasan.

- Nə təkilf? - Nastya nigaran gözlərini anasına zillədi.

- Bu elə təklifdir ki, nəticədə hamımız bir qədər rahatlıq tapa bilərik,- deyə qadın bacardığı qədər səsini yumşaltdı.

- Yaxşı, qulaq asıram, - deyə Nastya atası barədə eşidəcəklərinin eşqinə razı oldu.

Olqa Pavlovna ani sükutdan sonra pıçıltı ilə:

- Məsləhət eləmişəm, bəzi formal işləri də görmüşəm. Nənəni atan çıxana qədər qocalar evində saxlayacağıq.

- Nəə? – Qız dik atıldı, gözləri bərəldi. Anasının üzünə elə baxdı ki, sanki qarşısında nənəsinin qatili durmuşdu. Anası onu sakitləşdirməyə çalışdı:

- Amma deyirdin ki, böyümüsən... Böyüklük böyük dərdlərə dözmək, çətin məqamlarda müdrik qərar qəbul eləmək, emosiyalara uymamaqdır. Bunlardan hansı birisi səndə var, “böyük qız”, hə? Bəs atanın əhvalatı necə, daha maraqlı deyil səninçin?

Biçarə qız stula çökdü. Anası danışmağa başladı.

***

Nikolay süfrəyə göz gəzdirdi. Boşqabdakı ətsiz borşu qaşıqla qarışdıra-qarışdıra soruşdu:

- Olya, yenə borşdur? Bir söz demirəm e, amma heç olmasa, bunun yanında bir yarımlitr-filan olsun. Soyuducuda nəyimiz var?

Onsuz da çöhrəsi açılmayan Olqa əsəbləşdi, kinayə ilə:

- Cənab milis kapitanı, evinizə nə gətirmisinizsə, hamısı stolun üstündədir.

- Yaxşı da, Olya, yenə başlama.

- Onda sən də istəmə. Soyuducu boş, cibimiz boş, deməli nə? Deməli, başımız da boşdur.

- Axı, mən neyləyə bilərəm? Maaşımı son qəpiyinə qədər evə gətirirəm? Gətirirəm...

- Xidmət yoldaşların da sənin qədər məvacib alırlar. Bəs necə olur ki, onlar firavan yaşayırlar, sən isə belə getsə, ətsiz borşa da həsrət qalacaqsan. Mən hələ bir gənc qadın kimi geyinib-kecinməyi yada salmıram!..

- Yox, niyə, yada sal, haqqın var. Ancaq hər şeyi bilən, savadlı bir adam kimi mənə anlat görüm, mən maaşdan savayı pulu hardan əldə edim?

- Kommunist oğlu kommunist!

- Eee, həddini bil, söyüş söymə!-Nikolay gözlərini bərəltdi.

- Bu, söyüş deyil, sənin avtobioqrafiyandır!- qadın kükrədi.

- Yaxşı, indi sözün nədir?

- Nə olacaq? Kommunistin indi nə ölüsü yada düşür, nə dirisi. Get gör, paqon yoldaşların necə işləyirlər, sən də o qayda ilə işlə və ailəni dolandır, bildin? Bezmişəm artıq!

- Həə? Bax özün məcbur edirsən. “Ac qulağım, dinc qulağım” şəraitində yaşamaq istəmirsən!

Nikolay bunu deyib qəzəblə evdən çıxdı. Əsəbdən əlləri əsə-əsə siqaret yandırdı. Evlərin arası ilə avtobus dayanacağına tərəf getdi. Özü də bilmirdi hara və nə üçün gedir. Arvadının sözləri qulaqlarında hələ də çingildəyirdi. Hirsindən dişləri bağırsağını kəsirdi.

Qarşıdan gələn qafqazlını görəndə sanki ayıldı, xidməti vəzifəsi yadına düşdü:

- Kapitan Solomin. Sənədlərinizi göstərin, - deyə yoldan keçəni saxlayıb özünü təqdim elədi.

Cavan oğlan qoltuq cibində bir az eşələndi. Sənədlərini çıxarıb verdi və dodaqaltı nəsə dedi.

Kapitan:

- Eşitmədim, nə dediniz?

- Deyirəm, bu gün dördüncü dəfədir məni saxlayırlar.

- Xoşunuza gəlmir? Sizi kim dəvət edib ki bura? Lazım olar, on dörd dəfə yoxlayarlar!

- Axı vətəndaşı bu qədər narahat eləmək olmaz, bir hədd olmalıdır, ya yox?

- O həddi sizdən öyrənməliyik? Qeydiyyatınız var?

Oğlan sənədlərin arasında qeydiyyat kağızına işarə elədi: ”Odey”.

Kapitan kağızı çırıb tulladı.

- Qeydiyyatınız yoxdur! Bəs pasportunuz?

Cavan oğlan donub qaldı. Yan-yörəsinə baxdı. Onun üçün öyrəncəli, adi olan bu mənzərə yerli sakinlər üçün də vərdiş halını almışdı. Ona görə də onlara məhəl qoyan, mübahisələri ilə maraqlanan yox idi. Gənc oğlan vəziyyəti tez qimətləndirdi, gah ayaq altına atılmış qeydiyyat kağızının parçalarına baxdı, gah da milis zabitinin əlində tutduğu pasportuna. Zabit pasportdan ikiəlli yapışıb onu çırmağa hazırlaşırdı. Oğlan fikirləşdi ki, əgər desə “pasportum əlinizdədir”, onda bu sənəd də qeydiyyat kağızının yanına gedəcək. O, tez əlini cibinə saldı:

- Hə, pasport? Deyəsən, cibimdədir,- deyib cibindən bir minlik əskinas çıxartdı.

Kapitan qəzəblə:

- Bu, komsomol biletidir, mən pasport deyirəm!

Beləliklə, cavan oğlan daha iki bu cür rus pulunu üst-üstə qoyub verdi və pasportunu alıb uzaqlaşdı.

Nikolay dərhal qastronoma girib qucaqdolusu bazarlıqla ordan çıxdı və evlərinə getdi.

Milis kapitanı artıq arvadının təkidi və təzyiqi ilə paqon yoldaşları kimi yaşamağa başlamışdı və yeni-yeni qazanc üsulları tətbiq edirdi. Onların süfrələri də bir neçə ay yemək-içməkdən aşıb-daşdı. Olqanın da üzü gülürdü. Nikolayı əzizləyib öpür, zarafatla “Həə, kommunist oğlu kommunist!” deyirdi.

Amma bu firavanlıq uzun sürmədi. Çox çəkmədi ki, sistemdə rəhbərlik dəyişıldi, köklü yoxlama keçirildi və neçə-neçə zabit həbs olundu. Tutulanların arasında Nikolay da vardı.

***

Nastya anasını dinlədi. Sonra göz yaşlarını silib soruşdu:

- Atam nə vaxt çıxacaq?

- Bir il altı aydan sonra.

Qızı fikir götürdü.

***

Olqa Pavlovna ilə Nastya qocalar evində nənənin yanında idilər. Görünür, çoxdan gəlmişdilər və indi getməyə hazırlaşırdılar. Nənə isə elə hey gülümsəyir, nə deyirdilərsə, başı ilə təsdiq edirdi. Olqa Pavlovna qızını nənəyə göstərib soruşdu:

- Nastya böyüyb?

-Kim?- deyə nənə təəccüblə soruşdu.

-Nastya da, sənin nəvən.

- Hə, mənə südlü iris gətirən qız?- deyə qarı yenə gülümsədi. – Böyüyüb, böyüyüb.

Bu sözdən Nastyanın qanı qaraldı. Qıza elə gəldi ki, başı gicəlləndi və o, bir az da qalsa, yerə yıxılacaq. Yaxşı ki, anası tez yığışdı və ayağa qalxdı. Nastya nənəsinin boynuna sarıldı, üzündən öpdü. Sonra anasının artıq otaqdan çıxdığını görüb ardınca qaçdı.

Hava isti idi. Qocalar evi iri meşə zolağının ortasında yerləşirdi. Bura sakit, havası təmiz, izdihamdan uzaq bir yer idi. Hündür hasara alınmış həyətdə, iri gövdəli ağacların altında skamyalar qoyulmuşdu. Elə birinci skamyaya çatanda Nastya anasına dedi:

- Mama, gəl bir az oturaq burda.

Qızının rənginin avazıdığını görən Olqa Pavlovna razılaşdı. Oturdular. Skamyanın o başında bir yaşlı qadın oturmuşdu. Bir az sükutdan sonra Nastya qəhərdən boğula-boğula anasına baxdı:

- Mama, mən istəyirəm ki, nənəmin yaddaşında onun nəvəsi kimi, yeganə nəvəsi kimi qalım.

- İndi necədir ki?

- İndi yaddaşında ona südlü iris gətirən bir qız kimi qalmışam.

Olqa Pavlovna əlini qızının boynuna saldı, başını əyib dizinin üstünə qoydu, saçlarını oxşamağa başladı:

- Bütün günahlar məndədir, - dedi.

Skamyada oturmuş yaşlı qadın günah sözünü eşitcək tez yerini dəyişib onlara yaxın oturdu. Əlini sinəsində çarpazlayıb tövbə edirmiş kimi həzin səslə:

--İnsanın özünə elədiyini heç kim edə bilməz, -dedi. Sonra yan-yörəsinə göz gəzdirib pıçıltı ilə:

- Çətin illərimizdə mən də anamı qocalar evinə qoymuşdum, - dedi.- Indi budur, qızım da məni bura atıb. Yəqin onun da qızı ...

Bu zaman ağ xalatlı cavan bir qız onlara yaxınlaşdı:

- Nə yaxşı ki getməmisiz.

- Nə olub?- deyə ana-bala eyni vaxtda qızdan soruşdular.

- Ananızın...nənənizin burada qalan vaxtdan ağladığını görən olmayıb. Allah bu qadını elə bil gülümsəmək üçün yaradıb. Amma siz gedəndən sonra başladı ağlamağa.

Nastya və anası tez ayağa durdular.

- Bəs soruşmadınız niyə ağlayır? - Olqa Pavlovnanın amiranə səsi Nastyanın xoşuna gəlmədi.

- Niyə ağlayır? Arvad evini, oğlunu istəyir, ailəsinə can atır. Aydın deyil?- Nastya hıçqırdı.

Ağ xalatlı qız mülayim səslə Nastyanı ovundurmağa çalışdı:

--Yoox, canım. Deyir yadından çıxıb sizə desin ki, bu gecə yuxusunu qarışdırıb, sizi nəsə pis vəziyyətdə görüb. Deyir sizə tapşırmalı imiş ki, yolda muğayat olasız...

Olqa Pavlovna ilə Nastya geri - qocalar evinə qayıtdılar.

İki gündən sonra nənə evlərinin pəncərəsindən yola baxanda Nastya gəlib arxadan onun ətəyini dartdı. Qoca geri boylananda Nastya içi südlü irislə dolu billur konfetqabını ona uzatdı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG