Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 23:24

Obama İD tərəfindən yaponiyalı əsirin öldürülməsini qətiyyətlə pislədi


Yaponiyalı girovları göstərən video yanvarın 20-də yayılıb.
Yaponiyalı girovları göstərən video yanvarın 20-də yayılıb.

Yaponiya hökuməti İslam Dövləti təşkilatının əsiri olan ikinci vətəndaşının dərhal azad edilməsini tələb edib.

Yaponiyanın baş naziri Shinzo Abe İslam Dövlətini jurnalist Kenji Goto-nun dərhal azad olunmasına çağırıb.

Tokio rəsmiləri yaponiyalı girov Haruna Yukawa-nın edamını göstərdiyi iddia olunan videonun həqiqiliyini hələlik təsdiq etməyiblər.

Haruna Yukawa ötən ilin avqustunda Suriyada itkin düşmüşdü.

Yaponiyanın baş naziri Shinzo Abe jurnalistlərə bildirib ki, digər girovun azad edilməsi üçün bütün mümkün diplomatik kanallardan istifadə edilir.

Ağ Ev bəyanat verib

Bundan bir qədər əvvəl yayılmış başqa bir videoda maskalı cihadçı əlində bıçaqla iki girovun başı üzərində onların hər biri üçün 200 milyon dollar istəyirdi.

Həmin videoda pulun çatdırılması üçün cümə gününədək qoyulmuş möhlət bitib.

Hindistana yol üstündə olan ABŞ prezidenti Barack Obama Yaponiya vətəndaşının qətlini qətiyyətlə pisləyib və Ağ Ev bu barədə xüsusi bəyanatla çıxış edib.

42 yaşlı Yukawa öz dediyinə görə Suriyaya təhlükəsizlik şirkəti yaratmaq üçün getmişdi, lakin ötən avqustda İD yaraqlıları tərəfindən girov götürülüb.

Bundan sonra başqa bir Yaponiya vətəndaşı, hərbi jurnalist Kenji Goto Yukawa-nın azad edilməsi üçün oktyabr ayında Suriyaya yollanmışdı.

Böhranın çözümünə ABŞ kəşfiyyatı da qoşulub

İnternetdə az əvvəl yayılmış və tezcə də yığışdırılmış videoda Kenji Goto ingiliscə bəyanat verib.

Xəbər verilir ki, ABŞ kəşfiyyat xidmətləri videoların həqiqiliyini araşdırır.

İddia olunan videoda Goto deyir ki, “Yukawa İslam Xilafətinin torpağında qətlə yetirilib”.

Jurnalist bunu da söyləyib ki, Yaponiya girovun həyatını İordaniya vasitəsilə xilas edə bilərdi.

Baş nazir Abe girov böhranını çözmək üçün İordaniyada xüsusi məntəqə yaradıb.

“Mənim həyatımı xilas etmək asandır…”

Goto bildirib ki, İD yaraqlıları onun azad edilməsi üçün İordaniyada həbs edilmiş Sajida al-Rishawi-nin həbsxanadan azad edilib onlara verilməsini tələb edirlər.

Əslən İraqdan olan bu qadın intiharçı sui-qəsdə hazırlaşarkən İordaniyada həbs olunmuşdu.

“Mənim həyatımı xilas etmək çox asandır, - deyir iddia olunan videoda Kenji Goto, - Siz onların bacısını İordaniyadakı həbsxanadan çıxarıb gətirirsiniz, onlar da məni dərhal azad edirlər. Mənim əvəzimə onu istəyirlər”.

Ana qanun və ana ümidi

Yaponiya rəsmiləri girov böhranından necə çıxacaqları barədə açıqlama verməyiblər, lakin mətbuat bildirir ki, əvvəllər girovlar üçün pul ödəyən Yaponiya son vaxtlar terrorçularla sövdələşməyə getməyən ABŞ-ın taktikasına doğru meyllənib.

Yaponiya baş nazirinin müavini Taro Aso ötən həftə bəyan etmişdi ki, terrorçuların tələbi ilə oynamaq, terrora təslim olmaq deməkdir.

Yaponiyanın pasifist konstitusiyası da ölkənin İD-ə qarşı hərbi zərbələr endirməsinə imkan vermir.

Baş nazir Abe ötən həftə Qahirə səfəri zamanı İD-i beynəlxalq asayiş üçün təhlükə adlandırmışdı.

Goto-nun anası Junko İshido jurnalistlərə bildirib ki, Yaponiya hökuməti onun oğlunu mütləq xilas edəcək və o sağ-salamat evə qayıdacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG