Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 17:10

Azərbaycan, Türkmənistan və Özbəkistanda benzin bahalanır (İnfoqrafika)


-

Yenilənib:

Taarif şurası neft məhsullarının qiymətlirinə yenidən baxaraq, taariflərin tənzimlənməsi ilə bağlı qərar qəbul edib. Yeni qərara əsasən şuranınneft məhsullarının qaldırılması ilə bağlı yanvarın 12-də qəbul etdiyi qərarı ləğv olunub.

Bu qərar şuranın yanvarın 14-də prezident İlham Əliyevin tapşırığı ilə keçirilən iclasında qəbul olunub.

Bundan sonra neft məhsulları əvvəlki qiymətə satılacaq. Şuranın qərarında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 60 qəpik səviyyəsində müəyyən edilib. Bundan əlavə maye qazın topdansatış qiyməti əvvəlki kimi 1 ton 300 manat müəyyənləşdirilib. Qərar 15 yanvar 2015-ci il tarixindən qüvvəyə minəcək.

Yanvarın 12-də Taarif Şurası neft məhsullarının qiymətinin qaldırılması ilə bağlı qərar qəbul etmişdi.

Aşağıdakı infoqrafikada Tarif Şurasının qərarının ləğvi nəzərə alınıb.

***

Cəmi bir neçə ay öncə Azərbaycan mediası sürücülərə şad xəbər verirdi ki, yeni ildən benzinin qiyməti ucuzlaşacaq. Axı, dünyada neftin qiyməti nə az nə çox - avqust ayından bəri azı 2 dəfə ucuzlaşıb.

6 ay öncə dünya bazarında 110 dollara satılan brent markalı neft yanvarın ortalarında 45 dollardır. Normal məntiqlə benzinin uculaşması gözləntiləri normal haldır. Neft ucuzlaşırsa, benzinin də ucuzlaşması təbiidir. Tutalım taxıl ucuzlaşarsa çörəyin ucuzlaşması kimi...

Hətta Azərbaycan parlamenti ötən ilin son iclaslarından birində benzinin qiymətinə yenidən baxılması məsələsini qaldırmışdılar. Bəli, yeni ildə 2015-ci ildə neftin qiyməti dəyişdi. Amma gözlənilən kimi ucuzlaşmadı, əksinə bahalandı.

TARİF ŞURASINDAN YENİ QAYDALARIN ÜSTÜNLÜKLƏRİ...

Tarif Şurasının 12 yanvar tarixli qərarı ilə Aİ-92 markalı avtomobil benzini 72 qəpik, dizel 62 qəpik olub. Şura bu qərarını yol vergisinin tətbiqi ilə izah edir. Beləki, əvvəllər fiziki şəxslər vergini nəqliyyat vasitəsinin mühərrikinin həcminə görə texniki baxışdan keçirən zaman, hüquqi şəxslər isə vergi orqanlarına bəyənnamə verməklə ödəyirdilər.

Vergi Məcəlləsinə dəyişimlərdən sonra ölkədə istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisi tutulacaq.
Tarif Şurası yeni qaydaların aşağıdakı üstünlüklərini sadalayır:

•yol vergisi yanacağın qiymətinə əlavə ediləndən sonra verginin ödənilməsi və toplanması sadələşəcək.
•avtonəqliyyat vasitəsindən az istifadə edənlər daha az vergi ödəyəcək
•illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödəniləcək,
•hüquqi şəxslərin vergi orqanlarına yol vergisi bəyannamələri verməsi ləğv edilir, verginin tam yığılması təmin olacaq.

“BUNLAR BƏHANƏDİR, ƏSAS MƏQSƏD QİYMƏT ARTIMIDIR”

Dünya bazarında neft ucuzlaşandan bəri benzinin qiyməti müxtəlif ölkələrdə 10-40 faiz arasında ucuzlaşıb. İqtisadçı Rövşən Ağayev deyir ki, Rusiya istisna olmaqla əksər ölkələrdə qiymətlərin ucuzlaşması müşahidə olunur:

“Hətta Gürcüstanda belə qiymətlər azı 10 faiz ucuzlaşıb. Azərbaycanda isə qiymətlərin artımının hər hansı məntiqli izahı yoxdur. Tarif Şurasının qərarla bağlı verdiyi izahat yalnız bəhanədir. Açıq-aşkar görünür ki, qiymət artımı vergilərin toplanması qaydasının dəyişməsi üçün yox, daha çox vəsait əldə edə bilməyə hədələnib. Heç oktyabr, noyabr aylarında bu məsələ gündəmdə deyildi. Çünki neftin qiymətinin bu qədər ucuzlaşacağı gözlənilən deyildi”.

Rövşən Ağayevin fikrincə vergilərlə bağlı edilən son dəyişimlərin əsas məqsədi daha çox vergi toplamaq və bununla büdcədə azalan neft gəlirlərinin bir hissəsini kompensasiya etməkdir.

“KASIB AZƏRBAYCANLININ VERGİSİ XİLAS YOLU DEYİL...”

2015-ci ildən qızıl və tütünə aksizlər artırıldı, əmanətlərin vergiyə cəlbi, əmlak vergisinin ödənməsi qaydası dəyişdirildi. Sonuncu dəyişim yol vergisinə edildi. Rövşən Ağayev düşünür ki, hökumət bundan sonra da hansısa vergiləri artıra və ya yeni vergilər tətbiq edə bilər:

“Bizim hesablamalara görə bütün bu artımlardan büdcəyə ən yaxşı halda 200 milyon manat əlavə vəsait gələcək. Bu isə 2015-ci il dövlət büdcənin proqnozlaşdırılan gəlirlərinin 1-2 faizi belə etmir. Hökumət çox narahatdır. Zamanında addımlar atılmayıb, iqtisadiyyat şaxələndirilməyib, qeyri-neft sektoru inkişaf etdirilməyib. İtirilən neft gəlirlərini əvəzləyəcək başqa gəlir sahələri olmadığından hökumət üzünü vətəndaşlara tutub, onları vergi ilə yükləmək yolunu seçib. Düşünürəm ki, Azərbaycan iqtisadiyyatının neftdən kənar gəlir potensialı olmadığı kimi vətənaşlarımız da kasıbdır. Yoxsul azərbaycanlıdan 200 milyon manatdan çox nəsə qoparmaq mümkün olmayacaq. Vergiləri artırmaqla nəyəsə nail olunmayacaq”.

Rövşən Ağayev çıxış yolunu qeyri-neft sektorunun inkişafı, azad və rəqabətli bazar mühitinin yaradılması, kənd təsərrüfatının inkişafında görür. Dünyada gəlirləri artırmaq üçün vətəndaşların vergidən azad edilməsi təcrübəsi də geniş yayılıb. Bu vətəndaşa öz biznesini inkişaf etdirmək, fəaliyyətini genişləndirmək imkanı yaradır.

XS
SM
MD
LG