Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:02

Astaralı sürücü: «Dünyada benzin ucuzlaşır, bizdə niyə ucuzlaşmır?»


Arxiv foto
Arxiv foto

-

Sovet dövründə taksi sürücülərini barmaqla göstərərdilər. Bu qazanclı işə girmək üçün böyük məbləğdə rüşvət tələb olunardı. Müstəqillik dövründə işsizlik artdı. İmkanı olan da, olmayanda taksi sürməyə üstünlük verdi. Evinə bir parça çörək aparmaq üçün. İndi 100 mindən çox əhalisi olan Astara rayonunda, deyilənə görə, 1000-dən çox taksi fəaliyyəti ilə məşğul olan var. Onlardan biri də Rəmzi Məlikovdur.

Rəmzi Məlikovla müştəri gözlədiyi yerdə, rayonun mərkəzi bazarının yanında tanış olduq. Onun iş saatı səhər saat 8-dən başlayıb axşam 10- na kimi çəkir. Özünün dediyinə görə, həmin günü 3-4 manat qazansa papağını göyə atar. Onun idarə etdiyi taksi maşını ilə Astara şəhərin küçələrində hərəkət edirik. Sükan arxasında suallarımıza cavab verir:

“MƏCBURAM DÖVLƏTƏ PUL VERİM”

“Dövlətə 28 manat 40 qəpik ayda pul verirəm. Çatdıra bilmirəm. Uşaqlarımın payından kəsirəm, məcburam dövlətə pul verim. Hara gedirəm dövlətin pulunu verirəm. İşıq pulu ,qaz pulu çatdırmaq olmur. Bu saat evdə heç nə yoxdur. Ancaq onu fikirləşirəm ki, dövlətin pulunun vaxtı çatıb, onu verim. Çox çətindir.”

Rəmzi Məlikov deyir ki, küçələri bir neçə dəfə fırlanır. Çox vaxt bir nəfər də olsun müştəri olmur. Müştəri olsa da uzaqbaşı 1 manatlıq yol gedir. O deyir ki, şəhərin ara yolları pis gündədir:

“İKİ UŞAĞIM VAR, MƏKTƏBƏ GEDƏ BİLMİRLƏR”

Rəmzi Məlikov
Rəmzi Məlikov

“İki uşağım var, məktəbə gedə bilmirlər. Yolumuz su olur, çəkmə boy vermir. Direktordan maraqlanın ki, bunun uşaqların nə qədər qayıbı var.

Keçmək mümkün deyil. Elə bil dənizdir. Maşınla da keçə bilmirəm. Lazımsa yolumuzu çəkə bilərsiniz.Yaşamaq çətindir, çox çətindir.Balaca rayondur iş də yoxdur. Hərəsi bir taksi götürüb çıxıb yola. Biz dövlətə vergi veririk, işləyə bilmirik. Vallah, millət pis gündədir, millət yaşaya bilmir.”

Rəmzi Məlikovun bildirdiyinə görə, onların qazancı əhalinin yaşayışından asılıdır. Əhali yaxşı yaşayırsa onlar da bundan bəhrələnirlər. Onun fikrincə əhali kasıbdır:

“GƏRƏK CİBİNDƏ PULU OLSUN Kİ, MAŞINA MİNSİN”

“Gəlirlər taksiyə , deyirlər ki, Astaranın mərkəzinə neçəyə apararsan? Deyirəm 1 manata. 1 manatla o yola getmək sərf eləmir, pulu yoxdur. Məcbur olub oturur maşına, 20 qəpik verir, gedir. Camaatın pulu yoxdur, camaatın vəziyyəti yaxşı deyil. Camaatın vəziyyəti yaxşı olsa bizim də vəziyyətimiz yaxşı olar. Gərək onun cibində pulu olsun ki, maşına minsin.”

Rəmzi Məlikov deyir ki, məmurların əlindən də təngə gəliblər. Müxtəlif bəhanələrlə onları cərimə edirlər:

“DÜNYADA NEFT, BENZİN UCUZLAŞIB, BİZDƏ UÇUZLAŞMAYIB”

“Özümüyüz manat cərimə elədilər ki, sən dövlətə vergi vermirsən. Boğazımdan kəsib ,borc-xərc etdim, dövlətin pulunu ödədim ki, sabah mənə məhkəmədə iş kəsməsinlər. Bir il lisenziya götürmüşəm, qanunu sənədlə taksi fəaliyyəti göstərirəm. Aybaay verməli oluram. Qış vaxtı iş olmur. Yaşamaq çox çətindir, həddən artıq çətindir. Uşaq mənə deyib ki, rəsmxət al, ala bilmirəm. Neft düşüb aşağı, benzin düşmür. Dünyada neft, benzin ucuzlaşıb, bizdə uçuzlaşmayıb. Qalıb 70 qəpikdə. Nə üçün ucuzlaşmasın? ”

Ramiz Məlikov deyir ki, əvvəllər kəndlərə taksi ilə gedənlər olurdu. Artıq bir ildən çoxdur ki, taksi ilə kəndə getmək istəyən sərnişinə rast gəlməyib. Kəndin özündə olan köhnə sovet minik maşınların hamısından taksi kimi istifadə edirlər. Həmin maşınlar gündəlik çörək puluna işləyirlər:

“Elə olur, səhər saat 8-dən nahara kimi işləyib 1-2 manat qazanıram.”

“İndi kəndin taksisi çıxıb 40 qəpiyə. Məsələn 10 kilometrlik yolu 40 qəpikdən yığıb gedir. O məcburdur. Kəndin maşını var, 40 qəpikdən 4-5 nəfər minir, çıxıb gedir. Biz isə gedə bilmirik. Kəndlərə gedə bilmirik. Elə olur, səhər saat 8-dən nahara kimi işləyib 1-2 manat qazanıram. Ona da iki dənə çörək alıram, gedirəm evə. Yoxdur, vəziyyət çox pisdir. ”

Ramiz Məlikovun sözlərinə görə benzin ucuzlaşsa borclardan çıxa bilər. Daha nisyə benzin almağa ehtiyac olmaz:

BENZİNİ BƏZƏN NİSYƏ ALIR...

Astara rayonu
Astara rayonu

“Benzindoldurma məntəqəsinə gedirsən, deyirsən ki, nisyə benzin ver. O bədbəxt nə qədər mənə nisyə benzin versin.”

Taksi ilə yenidən dayanacağa qayıdırıq. Taksi sürücülərin əhatəsinə düşürük. Onlar deyir ki, həm qanunsuzluqdan, həm də məmur özbaşınalığından beziblər. Bir taksi sürücü:

“Vəziyyətim çox pisdir. İşim yoxdur. Bir dənə sosialı da düzəldə bilmirəm. Ev də anamın adınadır. Onu da adıma vura bilmirəm. Qalmışam havada. Ona da pul lazımdır ki, adıma keçirim. Vəziyyətim çox pisdir. 1-2 manata güclə işləyirik.”

Digər bir sürücü söhbətə qoşulur. Həmin sürücü deyir ki, əhali kasıb olduğundan onlar da kasıbdırlar:

“YOLLARIMIZ PİS GÜNDƏDİR”

“Camaatın vəziyyəti yaxşı olsa bizim də vəziyyətimiz yaxşı olar. Yollarımız pis gündədir. Dağılıb yollarımız. Neftin qiyməti düşüb aşağı, benzinin qiyməti düşməyib . Hələ də deyirlər yaxşı olacaq. Nə qədərpis gündə yaşayacağıq?”

“ASTARA ƏHALİSİNİN 75 FAİZİNİN İŞİ YOXDUR”

“Benzinin qiyməti ki, 70 qəpik ola, orda yaşamaq olar? Hər bir ölkəyə gedin, baxın orda yanacağın qiyməti neçədir. Getmişəm şəhər sovetinə ki, mənə iş versinlər. Deyir iş yoxdur, Astara əhalisinin 75 faizinin işi yoxdur.”

“İki nəvəm var. Biri 5-də oxuyur, biri də 1-də. Sosial idarədən mənə deyirlər ki, sənin bir dənə köhnə sovet maşının var, nəvələrinə sosial düşmür. Budur ölkə, budur ədalət? Sabah əsgərliyə aparacaqlar. Dövlətə onda lazımdır. Amma indi lazım deyil. Nə oğlum işləyir nə yoldaşım işləyir, nə də mən.”

Taksi sürücülərin giley-güzarları bitmir. Mən isə qayıdıb onların dediklərini yazmalıyam...

XS
SM
MD
LG