Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:03

Yastığımız cəllad kötükləri


İltimas
İltimas

-

İltimas

ÖZGƏ MƏKTUBLARI

Özümə yazdığım məktublardı
şeirlərim,
Oxumayın özgə məktublarını.

Qəm qoxulu misralarım,
ömrü zindanlarda çürüyən
şairlərin,
ovuc-ovuc tökülən,
çiçək-çiçək solan
səsidi.
Əlləri arxamca
uzalı qalan xatirələrin
kölgəsidi misralarım.

Oxumayın özgə məktublarını,
misra-misra
qəm qonacaq gözlərinizə.
Gedin
doqquz axça üçün
qapı-qapı gəzən
şair babamızın
heykəli önünə,
Qoy təsəlli versin sizə.

Durğuzun
illərdən bəri
bir soyuq daş üstə
büzüşüb oturan
sabun bişirən kişini.
Deyin
millət kir içindədi,
Qoy başlasın
sabun bişirmək işini.
O daş üstə oturmağa
adam tapılar.
Deyin gördüyü kimidir;
hələ də ürəklər soyuqdu,
hələ də bağlıdı qapılar.

Oxumayın özgə məktublarını;
İstərsinizsə
başınız salamat qalsın,
Yalan təbəssümlər,
saxta gülüşlər
ətəyinizdə namaz qılsın.

Oxumayın özgə məktublarını,
Bir yanıqlı ah kimi
sözlərimdə yaşayır,
Dar ağaclarının kölgəsində
üşüyən illərim
Özümə yazdığım məktublardı
şeirlərim
oxumayın özgə məktublarını.


AZADLIQ EŞQİ

Azadlıq nəğmələrini üşüdür,
Cəllad kötüyü üstə
çiçəkləyən qanın kölgəsi.
Yarpaqlayır dar ağacları,
havada bayraq kimi
yellənir
ölümün nəfəsi.

Nakam ümidlərin harayı
tüstülənir
dağılmış talelərin
xarabalığında.
Bir qərib sözün,
Bir yanıqlı səsin
qəbri ağarır,
Köpüklənə-köpüklənə axan
ömür çayının qırağında.
Qan qoxusu gəlir
Oxşanası boy-buxunlar.
Gözlərə həsrət yuxular
göyərir.

Xoş gördük,
Alın yazımız dar ağacları,
Yastığımız cəllad kötükləri.

DÜNYANIN BEŞİNCİ FƏSLİ

Tanrı kasıbları sevir, qardaşım,
Əlləri torpaq qoxulu.
Tamahı daş yuxulu
kasıbları.

Tanrı kasıbları sevir, qardaşım,
Gecələrin sükut qoxulu
qaranlığına
bürünüb yatan kasıbları.
Dan üzü çırtlayanda
köhnə yorğan kimi
qaranlığı büküb
daxmasının küncünə
atan kasıbları.

Dünyanın
göydə buludundan əvvəl,
yerdə ağacından, otundan əvvəl,
daşda sükutundan,
ocağındaodundan əvvəl,
Kasıbın əlləri açır gözünü.
Bu əllərin hənirindən
diksinib,
Səhər şəfəq-şəfəq açır üzünü.

Tanrı kasıbları sevir, qardaşım,
Bu sevgi
sümükləri çürüyənədək
yaşayır kasıblarda.
Bəlkə də
kasıblar olmasaydı
Tanrı unudulardı da…

Tanrıhamını sevir, qardaşım,
dünyanın beşinci fəslində
Qanı yaza qaynayır.
bu fəslin
Adı-ölümdü-
bu qarapaltarlı gözəlin.

Tanrı kasıbları sevir –
dedim
İnanmadın, qardaşım, sən də
Nolar, inanma…
Hamı yaza çıxır:
Plov ötürən də,
tərə yeyən də…

TÖVBƏ

Sən alın yazımı yazmağa,
Mən yaşamağa
tələsdim, Allah.

Bu yazı yazılmasaydı,
Ömür bu yazıdan asılmasaydı
Mən səni
tanıya bilməzdim, Allah.
Sən məni tanıyan tək,
Mən səni tanısaydım
ölməzdim, Allah.

Soldu
alın yazısı adlı çiçək,
Öldü
bu çiçəyə qonmuş
ömür adlı kəpənək.
Əhv et məni, Allah,
Səni sevəmmədim,
Sən sevdiyintək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG