Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 13:07

Şıxlıdakı müasir məktəbdə şagirdlər palto ilə otururlar...


Qazax
Qazax

-

Qazax rayon Birinci Şıxlı kənd orta məktəbində şagirdlər sinifdə palto və gödəkçələrdə otururlar. Musa Həsənov adını daşıyan bu məktəb cəmi 4 il əvvəl istifadəyə verilib. Məsələ burasındadır ki, inşaat zamanı kənddə qaz olmadığından məktəbə qaz xətti çəkilməyib. Hazırda otaqlar duru yanacaqla isidilir. Ancaq heç də deyilənə görə, sinif otaqları lazımı səviyyədə qızdırılmır. Qarşıdan soyuq aylar gəldiyindən məktəbin müəllim və şagird heyəti vəziyyətdən çıxış yolu tapmaq üçün yuxarı təşkilatlara məktub ünvanlayıblar. Ancaq cavab ala bilməyiblər.

Bu barədə əməkdaşımıza məktəbin müəllim və şagirdləri məlumat veriblər. Onlar bildiriblər ki, Birinci Şıxlı kənd tam orta məktəbinin önündən qaz xətti keçir. Amma layihə hazırlananda qaz-istilik sistemi plana salınmayıb. Ona görə də sinif otaqları soyuq olur, şagirdlərin dərsə davamiyyətində axsamalar baş verir.

Direktor müavini Səməd Nəsibov
Direktor müavini Səməd Nəsibov

Bununla belə direktor müavini Səməd Nəsibov bizimlə söhbətində məktəbin müasir tələblərə uyğun tikildiyini bildirdi:

«ƏGƏR QAZ-İSTİLİK SİSTEMİ QURAŞDIRILSA,...»

«Bizim məktəb möhtərəm prezidentimizin sərəncamına əsəsən tikilib. Açılışında da özü şəxsən iştirak edib. Biz bu məktəbin tələblərə uyğun inşasından razıyıq. Dərslərimiz müasir elektron sistemdə keçilir. Bizim əsas bir çətinliyimiz var ki, hal-hazırda qızdırıcı sistemi quraşdırılmasına baxmayaraq, maye yanacaqdan istifadə edirik. Yarım saata 50 litr duru yanacaq gedir. Əgər qaz-istilik sistemi quraşdırılsa, bizim də işimiz yüngülləşər, şagirdlərin də dərslərə davamiyyəti qaydasına düşər».

«MƏKTƏBİN QARŞISINDAN QAZ XƏTTİ KEÇİR»

Məktəbin 10-cu sinif şagirdi Kəmalə Məmmədova da bu vəziyyətlə bağlı fikirlərini bizimlə bölüşüb:

«Məktəbimiz maye yanacaqla təmin olunub. Bu da məktəbin tam isidilməsində müəyyən çətinliklər yaradır. Məktəbin qarşısından qaz xətti keçir. Düşünürük ki, bundan biz də yararlana bilərik. Biz xahiş edirik ki, bizim məktəbə də qaz çəkilsin».

«SOYUQDUR DEYƏ «KURTKA»DA OTURMUŞAM»

Məktəbin şagirdi Aysel Musayeva: «Hər halda soyuq olduğuna görə, «kurtka»da oturmuşam. Soyuq olmasa belə oturmazdıq sinifdə. Yəni məktəb tam istilik sistemi ilə təmin olunmayıb. Ona görə bu haldayıq».

Məktəbin direktoru Məzahir Qocayev deyir ki, məktəbin qaz-istilik sistemi ilə bağlı şikayət ola bilər. Ancaq istilik şəraitindən şikayət ola bilməz:

«ƏLİMİZDƏN GƏLƏNİ EDİRİK Kİ, HEÇ BİR PROBLEM OLMASIN»

Orta məktəb
Orta məktəb

«Məktəbimiz digər yoldaşların da dediyi kimi maye yanacaqla təmin olunur. Heç bir şagird deyə bilməz ki, sinif otaqlarımız soyuq olur. Çünki biz əlimizdən gələni edirik ki, heç bir problem olmasın. Məktəbin qaz yanacağı ilə təmin olunmadığını mən də bilirəm. Onu deyə bilərəm ki, məktəb tikiləndə onun qazlaşdırılması layihəyə salınmayıb. Ona görə də, maye yanacaqdan istifadə edirik. Ümid edirik ki, yaxın zamanlarda bu da qaydasına düşəcək».

MƏKTƏBƏ YAXIN GÜNLƏRDƏ QAZ ÇƏKİLƏCƏK...

Qazax rayon icra başçısının müavini Tahir Musayev bildirib ki, o məktəb tikiləndə kəndin özündə belə qaz yox idi. Hazırda kənddə qaz var və məktəbə də yaxın zamanlarda qaz çəkiləcək.

XS
SM
MD
LG