Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:43

Miniaraşdırma: 2014-cü ilin intihar tarixçələri


Foto: Arxiv
Foto: Arxiv

-

Xədicə İsmayılın 125-ci – «özünüöldürmə həddinə çatdırma» maddəsi üzrə təqsirləndirilməsi, özü-özlüyündə, bəzi önəmli suallar doğurub. Cəmiyyət üzvləri arasında ən çox səslənən suallardan biri də «Azərbaycanda indiyədək həmin maddə ilə kim həbsə atılıb» sualıdır.

2014-CÜ İLİN İLK ETİRAZ AKSİYASI – «İNTİHAR ETMƏ!»

«İntihar» sözü bu il tez-tez səslənib və vaxtaşırı diqqət çəkib. Elə bu fakt yetər ki, 2014-cü ilin ilk etiraz aksiyası «intihar etmə!» tələbi ilə başlanıb. Yanvar ayını «intihar xəbərləri» ayı da saymaq olar. Ölkə mediasında, az qala, hər gün kiminsə intiharı barədə xəbərlər yayılırdı. Aralarında əsgər də vardı, cinsi azlıq nümayəndəsi də, Qarabağ müharibəsi veteranı da. Bu yetməzmiş kimi, hətta intihara təşviq edənlərin konkret adları da...

AzadlıqRadiosu 2014-cü ildə baş verən ictimai motivli intihar və ya intihara cəhd hallarının necə araşdırıldığını və hansı hallarda cinayət işi açıldığını öyrənməyə çalışıb.

Qarabağ müharibəsi veteranı Zaur Həsənov iki uşağının gözü önündə üstünə neft töküb, özünü yandırmışdı. Hadisə 2013-cü ilin dekabrın sonunda – yeni ilə bir neçə gün qalmış baş versə də, hələ unudulmayıb. Özünü yandırandan 3 gün sonra xəstəxanada keçinən Z.Həsənov onun mülkünü Azərbaycan Həmkarlar Konfederasiyasının sədri, deputat Səttar Mehbalıyevin zorla zəbt etdiyini söyləyir, çarəsiz qaldığından canına qəsd etdiyini deyirdi.

İsa Şahmarlı
İsa Şahmarlı

İCTİMAİ MOTİVLİ İNTİHARLAR

İsa Şahmarlı cinsi azlığın təmsilçisi idi. 20 yaşlı bu gənc intihar edərkən özünü rəhbəri olduğu təşkilatın bayrağı ilə boğub öldürmüşdü. O, intihardan 6 gün öncə – yanvarın 16-da Daxili İşlər Nazirliyinə müraciət etmişdi. Bu müraciətdə cinsi azlıqların üzləşdiyi ayrıseçkiliyə diqqət çəkilirdi. İsa Şahmarlı polisə son 10 gündə 2 nifrət cinayətinin baş verdiyi də bildirmiş və belə halların qarşısının alınmasını istəmişdi.

Neftçi Etibar Kövsərov işdən çıxarılandan sonra intihara əl atmışdı. Onun xanımı Sevinc Kövsərova deyir ki, əri işdən qanunsuz çıxarıldığından, haqqını tələb edə bilmədiyindən, hansı qapını döysə də, dərdinə çarə tapmadığından əlacsız qalıb, özünü öldürmüşdü.

İntihar olayları bunlarla bitmir. Etibar İmamzadə –ikinci kurs tələbəsi olan 19 yaşlı gənc imtahan öncəsində özünü ağacdan asıb intihar edib. 39 yaşlı Faiq Musayev xeyli bank borcu olduğundan özünü qatarın altına atıb. Polkovnik Malik Mustafayev işdən çıxarılandan sonra özünü yaşadığı evin tavanından asıb və 55 yaşında həyatla vidalaşıb. Beləcə, siyahını artırmaq da olar. Axı intihara cəhd olayları da var. Məsələn, avqustun 21-də Fəqan Nəsibov adlı şəxs özünü «Koroğlu» metrostansiyasının yaxınlığındakı körpüdən atmaq istəyib. Buna səbəb də göstərib: Zərdab rayonunun icra başçısı Lütfəli Babayev onun 65 min manatını mənimsəyərək, pulunu geri qaytarmayıb.

«İNTİHAR KÖRPÜ»SÜNDƏN KEÇƏNLƏR

«İntihar körpüsü»nə çıxıb canına qəsd etmək istəyənlərdən biri də sürücü olub. 1 saylı avtobus sürücüsü tıxacda qalmaqdan təngə gəlib, tıxaclar ucbatından gündəlik planı ödəyə bilməməsi onu intihara sürükləyib.

Öz ağzını tikən biznesmen aclıq aksiyası da keçirib.
Öz ağzını tikən biznesmen aclıq aksiyası da keçirib.

Bu körpüyə çıxmağı «çıxış yolu» sayan bir başqa şəxs qazaxlı işadamı Elşad Məmmədov olub. Onun üz tutmadığı dövlət qurumu qalmayıb – Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Prezident Administrasiyası... Öz ağzını tikən biznesmen aclıq aksiyası da keçirib, Prezident Administrasiyası önündə də etirazını ifadə edib və... Və sonda özünü öldürmək qərarına gəlib. Elşad Məmmədov «Avesta» şirkətindən 355 min manata 2 mənzil aldığını, ancaq indi nə mənzilini, nə də pulunu geri ala bildiyini intihar cəhdinə səbəb sayıb. «Avesta» şirkətinin sahibi «Xəzər adaları» layihəsi ilə məşhurlaşan İbrahim İbrahimovdur. AzadlıqRadiosunun «Siz intihara cəhd göstərəndən sonra hər hansı cinayət işi açılıb» sualını Elşad Məmmədov acı gülüşlə cavablandırır: «Nəinki cinayət işi başlanıb, heç çağırıb dərdimi soruşan da olmayıb».

Bir başqa misal. Sumqayıt şəhər İcra Hakimiyyətinin qarşısında üzərinə benzin töküb özünü yandıran Qarabağ veteranı Malik Məcidovla da bağlı hansısa cinayət işi açılmayıb. Əvəzində, xəstəxanadan çıxar-çıxmaz, onu ruhi əsəb dispanserinə salıblar. M.Məcidovsa icra hakimiyyətinə get-gəldən bezib, elə daha bir dəfə ordan çıxandaca özünü yandırmışdı. İllərdir mənzil növbəsində olan, amma növbəsi hələ də çatmayanbu adam ev kirayəsini verə bilmədiyindən intihara cəhd göstərmişdi.

«AXIRINCI YOLDUR BU...»

Özünü yandıranlardan biri də II qrup Qarabağ əlili Maarif Vəliyev olub. O da dövlət qurumlarına üz tutub, amma pozulan hüquqlarını bərpa edə bilməyib. Axırda təngə gəlib və intihara cəhd edib:

«Hüququmu tələb elədim, ala bilmədim. Məni kiçik bir yerdə yerləşdirmədilər. Orda-burda kirayədə qaldım. Balamı sağalda bilmədim. Hara lazımdır, getmişəm. Rəsmi heç bir cavab vermədilər. Başqa əlacım qalmadı, üstümə benzin töküb yandırdım. Axırıncı yoldur bu...».

Astara gömrükçülərinin əlindən təngə gələn kiçik sahibkar Yunus Orucovun İrandan gətirdiyi kafellər iki aydan çox gömrükdə saxlanıb.
Astara gömrükçülərinin əlindən təngə gələn kiçik sahibkar Yunus Orucovun İrandan gətirdiyi kafellər iki aydan çox gömrükdə saxlanıb.

«PROBLEMLƏRİN 90 FAİZİNİN KÖKÜNDƏ SOSİAL MƏSƏLƏLƏR DURUR...»

Zaur Həsənovun ölümündən sonra Qarabağ müharibəsi iştirakçılarının intihara cəhd halları artıb. Qarabağ Qaziləri Birliyi mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu belə halların sosial problemlərdən və müharibə veteranlarının bu problemləri aşmaqda aciz qalmalarından qaynaqlandığını deyir:

«Problemlərin 90 faizinin kökündə sosial məsələlər, 10 faizinin kökündə tibbi problemlər durur. Nə qədər əlilimizin əsəb xəstəliyi var. Onlar çox həssas təbəqədir».

Daha öncə də deyilən kimi, intihar etmək istəyənlər arasında biznesmenlər də var. Astara gömrükçülərinin əlindən təngə gələn kiçik sahibkar Yunus Orucovun İrandan gətirdiyi kafellər iki aydan çox gömrükdə saxlanıb. O bununla bağlı Baş Prokurorluğa müraciət etsə də, nəticə olmayıb. Ombudsman Aparatından cavab gəlib ki, şikayəti gömrük komitəsinə göndərilib və ordan cavab alınsa, ona məlumat veriləcək. Axırda Yunus Orucov məhkəməyə üz tutub. Şirvan İqtisad Məhkəməsində keçirilən prosesə Astara gömrük idarəsindən gələn tapılmayıb. Beləcə, hüququnu başqa nə cür qoruyacağını bilməyən Yunus Orucov intihar həddinə çatdırılıb.

Yevlax rayon sosial müdafiə mərkəzi önündə də intihara cəhd göstərilib. Nizami Kərimov ard-arda 4 ay sürən «bu gün-sabah»lardan, süründürməçilikdən zara gələrək üzərinə benzin töküb və özünü yandırıb. İntihara cəhddən öncə sözügedən mərkəzdə baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və özünü öldürəcəyini söyləyib. Buna da məhəl qoyulmayınca, 2-ci qrup əlil tək çıxış yolunu intiharda görüb...

Nizami Kərimov ard-arda 4 ay sürən «bu gün-sabah»lardan, süründürməçilikdən zara gələrək üzərinə benzin töküb və özünü yandırıb.
Nizami Kərimov ard-arda 4 ay sürən «bu gün-sabah»lardan, süründürməçilikdən zara gələrək üzərinə benzin töküb və özünü yandırıb.

«AMMA MƏHƏL QOYAN TAPILMADI...»

Başqa bir hadisə İsmayıllı məhbuslarının məhkəməsində baş verib. Hələ hökm oxunan zaman məhkumlardan biri etiraz edib, özünü öldürəcəyini deyib.

Hökm oxunandan sonra Səxavət Səmədov saxlandığı kamerada özünü asıb. Kamera yoldaşının yardımı onu ölümdən qurtarıb. Səxavətin anası Dilşad Səmədova oğlunun intihara cəhdini AzadlıqRadiosuna belə açıqlayıb:

«Oğlum dedi ki, əleyhinə verilən yalan ifadəyə dözə bilmədiyindən intihara cəhd göstərib. Səxavət ötən məhkəmə prosesində intiharla bağlı xəbərdarlıq etmişdi. Amma məhəl qoyan, heç olmasa, onu nəzarətdə saxlayan tapılmadı...».

«O QƏDƏR GET-GƏLƏ SALDILAR Kİ...»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi önündə də intihara cəhd olayı baş verib. 3-cü qrup Qarabağ əlili Rəşid Nəbiyev özünə bıçaqla xəsarətlər yetirib. Dərhal Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzinə yerləşdirilən R.Nəbiyev AzadlıqRadiosuna bunları deyib:

«O qədər get-gələ saldılar ki, bezdim. Bədənimdə bu qədər qəlpə yarası var. Dəfələrlə həkim yoxlanışından keçmişəm. Ancaq yenə də 2-ci qrup əlillik dərəcəsi vermək istəmir, pul umurlar».

Qeyd edilən kimi, bütün bunlar yalnız ictimai önəmi intihar və ya intihara cəhd hallarına misaldır. Həm də söhbət yalnız bir ildə – 2014-cü ildə baş verən hadisələrdən gedir. AzadlıqRadiosu Baş Prokurorluqdan bu işlərlə bağlı cinayət işi açılıb-açılmadığını, kiminsə məsuliyyətə cəlb edilib-edilmədiyini öyrənə bilmədi. Daxili İşlər Nazirliyindənsə bildirildi ki, gərək bu hadisələrin hər biri ayrı-ayrılıqda araşdırılsın və sonradan cavab verilsin.

Yalçın İmanov
Yalçın İmanov

«125-Cİ MADDƏ İLƏ KİMİNSƏ İSTİNTAQ DÖVRÜNDƏ HƏBSİ HÜQUQİ BAXIMDAN ABSURDDUR...»

«Öz praktikamda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə kiminsə istintaq dövründə həbs edilməsinin şahidi olmamışam». Vəkil Yalçın İmanov sözügedən maddə ilə ittiham olunan jurnalist Xədicə İsmayılova barədə həbs-qətimkan tədbirinin seçilməsini Mediaforum saytına şərh edərkən belə deyib. Və onu da sözlərinə əlavə edib ki,ümumiyyətlə, 125-ci maddə ilə kiminsə istintaq dövründə həbsi hüquqi baxımdan absurddur:

«Bir şəxsi istintaq dövründə o zaman həbs edirlər ki, həmin şəxs şahidlərə təsir göstərir, istintaqdan yayınır».

Yalçın İmanov bildirib ki, hazırda o, 125-ci maddə üzrə suçlanan bir nəfərin nümayəndəsidir. Amma X.İsmayıldan fərqli olaraq, bu işdə təqsirkar şəxsə qarşı hər hansı tədbirə ehtiyac duyulmayıb:

«Bu işdə olan detallar, dəlillər Xədicə İsmayılovanın işindəkindən daha realdır. Ancaq yetərincə hüquqi arqument olsa da, təqsirkar şəxslərə qarşı həbs-qətimkan tədbiri seçilməyib. Xədicə İsmayılovanın 125-ci maddə ilə həbsi formallıqdan başqa bir şey deyil».

Yerli və beynəlxalq təşkilatlarözünüöldürmə həddinə çatdırma suçlaması ilə Xədicə İsmayılın həbsi arasında hər hansı əlaqə görmürlər. Onların fikrincə, jurnalist apardığı araşdırmalara, özəlliklə prezident ailəsinin gizli biznesini üzə çıxaran yazılarına görə həbsə atılıb.

XS
SM
MD
LG