Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:05

İmişlidə uçulan evin sakinləri hamamda yaşayır...


Xanalıyevlərin ailəsi. İmişli
Xanalıyevlərin ailəsi. İmişli

-

2010-cu ildə Kür, Araz çaylarında baş verən daşqınlar və normadan artıq yağıntıdan Aranda qəzalı vəziyyətə düşən evlərdə narahatlıq get-gedə artır. Son vaxtlar intensiv yağan yağışlardan sonra İmişli rayonunun Muradallı kəndində bir ev uçub.

AzadlıqRadiosuna müraciət edən Muradallı kəndinin sakini Cahan Xanalıyeva ailə üzvlərinin hazırda hamamda yaşamaq məcburiyyətində qaldığını bildirir:

«EV UÇA-UÇA GEDİR, GƏLİB ƏNCAM ÇƏKƏN YOXDUR»

İmişli, uçulan ev
İmişli, uçulan ev

«Əvvəlcə evin bir divarı hörgüdən ayrıldı. Taxtadan dayaq verib onu bir neçə gün saxlaya bildik. Fövqəladə Hallar Nazirliyinin «qaynar xətt»inə zəng etdik, İmişli Rayon İcra Hakimiyyətində qəbulda olduq. Amma qəzalı evə gəlib baxan olmadı. İndi evin o biri divarları da uçur. Buna görə hamamda qalırıq».

Cahan xanım bildirir ki, ailənin yeni ev tikməyə imkanı yoxdur:

«Həyat yoldaşım Qarabağ müharibəsi iştirakçısıdır, xəstəliyi ilə əlaqədar mütəmadi müalicə alır. 2 azyaşlı uşağımız var. Ahıl yaşında olan qayınatam da bizimlə birgə qalır. Dolanışığımızı təmin etmək üçün mən günəmuzd qaydada biyan toplayıram».

YERLİ İCRA HAKİMİYYƏTİ DƏ FHN-Ə MÜRACİƏT EDİB

İmişli Rayon İcra Hakimiyyətindən bildirilir ki, onlar Muradallı kəndində qəzalı vəziyyətə düşən evlə bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər: «Qərarı FHN verəcək. Amma nə vaxt, hansı qərar qəbul ediləcək - bunu deyə bilmərik».

XS
SM
MD
LG