-
Türkiyənin Hazar World dərgisinin təşkilatçılığı ilə ilk dəfə Xəzər Qısa Film yarışması keçiriləcək.
Bu barədə dərginin rəsmi saytı xəbər yayıb.
Xəbərdə bildirilir ki, müsabiqənin məqsədi işğal altında olan Qarabağ problemini ictimaiyyətin diqqətinə bir daha çatdırmaq və tanıtmaqdır.
"Ermənistan işğalı altındakı Qarabağ" mövzusunda keçiriləcək müsabiqəyə müharibə illəri, şəhid olanlar, döyüşənlər, əsir düşən qadınlar, uşaqlar, yaşlılar, köçkünlərin problemləri, güzəranını təsvir edəcək filmlər qəbul olunacaq.
Filmlər bədii, sənədli,animasiya,çizgi filmi,fantastika,eksperimental janrda təqdim oluna bilər.
Ötən illərdə çəkilmiş, lakin heç bir müsabiqəyə qatılmayan və televiziyada yayımlanmayan filmlər də yarışda iştirak edə bilər.
Müsabiqənin finalında münsiflər tərəfindən seçilmiş on film yarışacaq.
İlk üçlüyə və münsiflər heyətinin özəl seçiminə layiq filmlər mükafatlandırılacaq.
Təqdim olunacaq filmlərin hazır variantı ən azı 5 dəqiqə, ən çox 20 dəqiqə olmalıdır.
Filmlərin qəbulu 2015-ci il 31 yanvar tarixinə qədər davam edəcək.