Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:38

100 il öncə qeybə çəkilmiş amerikalı yazarın «ŞEYTAN SÖZLÜYÜ»


«Şeytan sözlüyü»
«Şeytan sözlüyü»

-

Bəzi sözləri diqqətinizə yetirilən «Şeytan sözlüyü» (The Devil’s Dictionary) 1906-cı ildə nəşr olunub. Bu qəribə sözlük XIX əsrin məşhur qısa hekayə ustalarından Ambrose Gwinnet Bierce-nin qələmindən çıxıb. ABŞ-ın Ohayo ştatında yoxsul bir ailədə doğulan Bierce valideynləriylə yola getmədiyindən hələ 15 yaşındaykən, evdən gedib. Vətəndaş savaşında Şimal Ordusuna qatılıb və sonadək vuruşub. 1866-cı ilin sonlarında San-Fransiskoda jurnalistliyə başlayıb. 6 il yerli bir qəzetdə çalışıb və sonra İngiltərəyə gedərək orada yaşayıb. 1875-ci ildə yenidən Amerikaya qayıdan Bierce az sonra meylini təkrar jurnalistikaya salıb. Bir müddətdən sonra çox məşhur jurnalist və yazıçı kimi tanınıb. O, həyatının son dönəmini Vaşinqtonda keçirib və 1899-cu ildən 1913-cü ilədək bu şəhərdə yaşayıb-yaradıb. Ardından Meksikaya gedib və həmin il dekabrın 26-da bir tanışına yazdığı məktubdan sonra «yox olub». Bierce-nin necə, niyə və nə zaman qeyb olduğu barədə heç bir bilgi yoxdur. Bir varianta görə, elə 1913-cü ildə, başqa varianta görə isə 1914 və ya 1916-cı ildə öldüyünə dair iddialar var.

Özünü həsr etmək – Yüngül dərəcəli dəlilik. Müxtəlif səbəblərdən qaynaqlanır; məsələn, qanı artıq olanlar özünü sevgiyə həsr edər, xronik həzm çatışmazlığı olanlarsa dinə.

Ağız – kişilərdə ruhun giriş qapısı; qadınlarda ürəyin çıxış qapısı.

Maariflənmək – Ömrün sonuna yaxın cahilin biri olduğunuzu kəşf etmək.

Müqəddəs – Ölmüş bir günahkarın yenidən gözdən keçirilərək bəzək-düzək vurulmuş halı.

Ata –Hələ yemək tapmağı öyrənmədiyiniz vaxtlar həyatda qalmağınızı saxlamaq üçün təbiətin tədarük etdiyi ləvazimat zabiti.

Prezident –Siyasi quldurlardan ibarət bir partiyanın liderləri tərəfindən qəniməti bölüşdürmək üçün seçilmiş müvəqqəti başçı.

Bacarıq –Axmaqlarda ağılı əvəz edən şey.

Ağ yalan –Hələ təcrübə qazanıb yetkinləşməmiş yalan. Xroniki bir yalançının həqiqətə ən çox yaxınlaşdığı nöqtə.

Cib – Pis adamların beşiyi və vicdanın məzarı.

Respublika –Pulunu ödəyə biləcək hər kəsə ədalətin bərabər payda verildiyi bir idarəçilik biçimi.

Düha –İnsanın öz pərəstişkarlarına yuxarıdan aşağı baxmasına və aramsız sərxoş dolaşmasına imkan verən əqli üstünlük.

Ateist – Tanrıya inanan, amma şeytana tapınmaq hüququnu da özündə saxlayan adam.

Dilçi (linqvist) – Başqa dillər haqqında öz dilindən daha çox bilgisi olan adam.

Dilənmək – Verməsələr də, bir şeyi səmimiyyətlə istəmək.

Din – Ümid və qorxunun, cəhalət və məchulun təbiətini açıqlayan qızı.

İqtisadiyyat –Ehtiyac duymadığınız bir çəllək viskiyi baxmağa gücünüz çatmayan bir inək qiymətinə satın almaq.

Kişi –Canlıların çox da sayqı duyulmayan, gözardı edilə biləcək cinsi.

Eşşək – Gözəl səsli, amma musiqi duyumu olmayan xalq müğənnisi.

Ev – Son çarə kimi gediləcək yer. Bütün gecə açıq olur.

Fraqment – Ədəbiyyatda müəllifin bitirmə qabiliyyəti göstərmədiyi bir kompozisiya.

Gəlin – Önündə uzanan xoşbəxt həyat ehtimalını arxada qoymuş qadın.

Gerçəkdən –Görünüşünə baxanda.

Gözəllik – Bir qadının öz aşiqini sehrləmək və ərini dəhşətə gətirmək gücü.

Xalq – Dolanışıqla bağlı məsələlərdə gözardı edilə bilinəcək güc.

Hava durumu – Bəlli bir andakı iqlim şərtləri. Zərrə qədər maraqlanmasalar da, insanlar sürəkli hava durumundan danışırlar, çünki bu vərdişi hava durumuyla yaxından maraqlanmış əcdadlarından miras alıblar...

Hekayə – Çoxu gerçək olmayan əhvalat. İş burasındadır ki, bunların yalan olması yetərincə sübuta yetirilməyib.

Gigiyena – Yunan mifologiyasında sağlamlıq ilahəsi – xəstəliyə yoluxmayacağın tək ilahə odur.

Qeyrət dağarcığı – Tərbiyəli görünüşün arxasında gizlənmiş məhəbbət dəllalı.

Ambrose Gwinnett Bierce (1842 – 1914)
Ambrose Gwinnett Bierce (1842 – 1914)

İki dəfə – Lazım olandan bir ədəd artıq.

İnsan –Olması gərəkənşeyi gözdən qaçıran heyvan. Digər heyvanları və öz növündən olanları öldürmək onun başlıca özəlliyidir; ancaq öz növü o qədər sürətlə çoxalır ki, dünyanın yaşamağa əlverişli bütün bölgələrini və Kanadanı istila edib.

Plagiat – Üzqızardan liderlə nüfuzlu bir izləyicidən ibarət təsadüfi yazı.

Yupiter – Yunanların və Romalıların gülünc bir şəkildə bəşəriyyətin ağası olduğuna inandıqları mifoloji varlıq.

Alınyazısı – Olayları nəzarətdə saxladığı deyilən qüvvə. Özəlliklə həmişə səhvə yol verən insanlar öz bacarıqsızlığına haqq qazandırmaq üçün xatırladırlar.

Qərar vermək – Bir təsir qrupundan daha güclü başqa təsir qrupuna boyun əymək.

Biganə – Şeylər arasındakı fərqlərə yetərincə duyarlı olmayan adam.

Kübar – Duyğularını gizlətməyi bilib-bacarmaqda daha istedadlı adam.

Pirat – Dəniz siyasətçisi.

Lord – Amerika cəmiyyətində səyyar satıcıdan yüksək bir statusa sahib ingilis turistlərəverilən ad. «Lord» sözü bəzən Tanrıya üz tutarkən də istifadə olunur, amma bu, bütövlükdə gerçək bir sayqıdan çox alqış anlamına gəlir.

Qəmiş –Ruhu bir başqa acımasız dünyaya hazırlayacan uyğunlaşdırma vaxtı.

Metropol – Əyalət zehniyyətinin qalası.

Mühafizəkar – İndiki pisliklərə həris dövlət adamı. Köhnəfikirli və mövcud pislikləri başqalarına aid etmək istəyən liberalın tərsidir.

Nəzakət – Başqasına niyyət, sizə qismət olan bir gülləni atan adamdan yolunun üstündə durduğunuz üçün üzr diləməkdir.

Epiqram (həcv) – Bir duz növü. Amerikalı gülüş ustaları bu duzdan istifadə etmədikləri üçün intellektual «yemək»ləri son dərəcə yavandır.

Ordu – Düşmənin tamahlandırıb ölkəni istila etməsinə səbəb ola biləcək hər şeyi silib-süpürmək vasitəsilə bir milləti müdafiə edən istehlakçılar sinfi.

Təhsil – Mədəni millətləri təsiri altına alan bir cəhalət növü (vəhşilərdən yoluxan cəhalətlə qarışıq salınmamalıdır).

Pul – Sadəcə, ayrılandan sonra bizə faydası dəyən nemət. Mədəniliyin sübutu və kübar dairələrə qatılmağa imkan verən pasport.

Prinsip –Çox sayda adamın öz mənafeyi ilə qarışıq saldığı şey.

Rəqib – Eynən bizim arzuladığımızı istəyən alçağın biri.

Sözlük – Bir dilin inkişaf edib böyüməsini əngəlləyən, onu qatılaşdıran və çevikliyini azaldan üzücü ədəbi vasitə.

İndiki zaman – Sonsuzluğun xəyal qırıqlığıyla ümid arasındakı bölümü.

Dözüm – Bir intiqam planı hazırlarkən əks zərbələrə uyğunlaşmaq və səbirlə qatlanmaq vərdişi.

Tanış – Borc alacaq qədər yaxşı tanıdığımız, amma borc verəcək qədər yaxşı tanımadığınız adam. Yoldaşlığın qarşı tərəf yoxsul olarkən uzaq, zəngin və ya məşhur olarkən yaxın kimi yozulan halı.

Tarix – Çoxu axmaq olan əsgərlərlə çoxu fırıldaqçı liderlərin yol açdığı çoxu önəmsiz hadisələrin çoxu yanlış anladılması.

Təbrik – Qısqanclığın mədəni şəkli.

Tənbəllik – Bizdən aşağı səviyyəli bir adamın bağışlanmayacaq bir şəkildə istirahət etməsi.

Tırtıl – Böcəklər aləminin kapitalist fərdinin həyata atılmazdan öncəki halı.

Uyğunsuz – Mənafeyinizə xidmət etməyən.

Uzun ömür – Ölüm xofunun alışılmayacaq dərəcədə uzun bir zamana yayılması.

Məhsul – Qəribə adamların şəhər kənarındakı qaranlıq, nəmiş və natəmiz yerlərdə «yetişdirdiyi» balqabaq, donuz piyi və s.

Özəllik – Prezident dərzisinin əmisi oğlu olmaq.

Vətənsevər – Bir hissənin mənafeyini hamının mənafeyindən üstün bilən adam.

Vicdan – Mədədə olan və beynin kül rəngli maddəsinə təsir edərək zehində pozuntuya yol açan xəstə bir durum.

Yenidən düşünmək – Çoxdan verilmiş bir qərarı əsaslandırmağa çalışmaq.

Zehin – Beyinin yaydığı sirli maddə. Ən önəmli cəhəti öz təbiətini anlamağa cəhd göstərməsidir – əbəs təşəbbüsdür, çünki özünü anlamaq üçün yararlanacağı tək şey yenə özüdür.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG