Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:45

Günel Mövlud. Azərbaycanlı centlmen


Gunel Movlud
Gunel Movlud

-

...Gülə baxdığımı görüb, şalvarının balağını qaldırdı, dəmir sürahını aşıb, həyətə keçdi və gülü dərib mənə gətirdi. Bu o il idi ki, onun yaşı 70-i keçmişdi...

Günel Mövlud

CENTLMEN ƏKRƏM ƏYLİSLİ

Əkrəm Əylisli barədə yazmağımın səbəbi var.

Bizim camaat bir insan barədə nəsə bir xoş söz deməyə, ya da onun layiq olduğu tərifi verməkdə çox xəsisdir.

Amansızcasına xəsisdir.

Sinikcəsinə xəsisdir.

Bizimkilərin layiq olduğun sözləri sənin barəndə söyləmələri üçün, ən azı, ölmək lazımdır.

Bəzən elə olur ki, sağlığında hamının, barəsində ağzına gələni danışdığı, nifrətini püskürdüyü adam barədə belə, elə xoş sözlər deyirlər ki.

Bu sözləri adamın sağlığında deməmələrindən, insan barədə layiq olduğu şeyləri söyləməmələrindən bir qram da utanmırlar.

Öləndən sonra nə istəsən, deyirlər. Deyirlər ki, gözəl insan idi, şəxsən mənə filan köməyi dəymişdi. Yaradıcı adamdısa, deyirlər, əşi, sağlığında ona qiymət verən olmadı, amma böyük adam idi. Halbuki o adamın qiymətini verməyənlərdin biri elə özüdür.

Əkrəm müəllim barədə ona görə yazıram ki, onun ölməyini gözləmək və bu sözləri yazıçı dünyasını dəyişəndən sonra yazmaq istəmirəm. İstəyirəm, indi, yaşaya-yaşaya gələcək nəsillərin gözündə öz portretini görsün. Nəyə, hansı münasibətə layiq olduğunu bilsin. İstəyirəm, qiymətini sağlığında almaqda kömək edənlərdən biri də mən olum.

Əlbəttə, mən onun mənfi, sevmədiyim, razı olmadığım tərəfləri barədə də xeyli yaza bilərəm. Bunun üçün yetərincə səbəb də var. Əkrəm Əylisli istər yaradıcılığında, istər bir şəxsiyyət kimi olduqca ziddiyyətli, mübahisəli adamdır.

Amma bu yazıda mən onun mənfi, sevmədiyim tərəflərindən yazmayacam. Bunun üçün xeyli şərait, xeyli səbəb olacaq və yazılacaq.

Bir müddət əvvəl müasirim, yazıçı Seymur Baycan Əkrəm Əylislinin yaradıcılığı barədə yazdı.

Mənsə şəxsən Əkrəm Əylisli barədə yazmaq istəmirəm. Əmin olun ki, bunlar şəxsi söhbətlər, şəxsi məsələ olmayacaq. Çünki Əkrəm Əylislinin şəxsi heç nəyi yoxdur, onun hər şeyinin - söhbətlərinin, zarafatlarının, xatirələrinin hamısının ədəbiyyata dəxli var.

Əkrəm Əylisli
Əkrəm Əylisli

Əkrəm müəllimi çox gənc yaşlarımda tanımışam. Gənclərlə görüş idi, Seymur, Aqşin, Qan Turalı, mən də vardıq o yığcam görüşdə. Əkrəm müəllimə məni gənc şairə kimi təqdim elədilər. O vaxt hələ çox məsum, utancaq, ürkək vaxtlarım idi. Kənddən təzə gəlmişdim. Elə bilirdim ki, danışanda kişi xeylağının üzünə baxmaq mərifətsizlikdir. Hələ təsəvvür edin ki, bu kişi xeylağı Əkrəm Əylisli ola. Utandığımdan qıpqırmızı oldum. Əl uzatmadım. Aqşinlə Seymur gülə-gülə təkid elədilər ki, Əkrəm müəllimlə əl görüşək. Amma Əkrəm Əylisli əl uzatmadı:

- Qadın birinci əl uzatmalıdır axı. O, əlini uzatmasa, mən əl vermərəm.

Sonralar dostlaşdıq. Ya müsahibə, ya hansısa tədbir çərçivəsində görüşür, ya da sadəcə söhbət eləmək üçün görüşüb, gəzişirdik. Bu illər ərzində, çoxsaylı görüşlər, məclislər, söhbətlər mənə onu kifayət qədər tanıtdı. Bir yazıçı, bir kişi, bir insan kimi onun nə vaxt, hansı addımı atacağını bəri başdan deyə biləcək qədər tanıyıram Əkrəm Əylislini.

Əkrəm Əylisli ədəbiyyat adamıdır. Təpədən-dırnağa qədər ədəbiyyat adamıdır. Əgər iyirminci əsrdə Azərbaycan yazıçısı olub-olmadığını soruşsalar, tərəddüdsüz deyərəm ki, bir yazıçı var və bu yazıçı Əkrəm Əylislidir.

O, insanı, ovqatı, situasiyanı, hər şeyi, istisnasız hər şeyi hiss edir. Onunla bu illər ərzində elədiyimiz çoxsaylı, uzun-uzadı söhbətlərdən sonra başa düşdüm ki, Əkrəm Əylisli bu qədər sadə davranışa sahib ikən, bəsitlikdən, məişətdən nə qədər uzaq adamdır. Onunla hər şeydən danışmaq olar. Evdən, qadından, kişidən, ağacdan, havadan, rəngdən, sevgidən, seksdən, münasibətlərdən.

Hamısı barədə zərrə qədər də bayağılığa, bəsitliyə getmədən, maraqlı, zəngin şeylər danışacaq. Onunla hər şeyi ona görə danışmaq olar ki, Əkrəm Əylisli ilə nə danışırsan, danış, ədəbiyyata dəxli olacaq. Onunla uzun-uzadı ədəbiyyatdan, qadınlardan, münasibətlərdən və daha nələrdən danışandan sonra, başa düşmüşəm ki, daxilən zəngin adamla nədən nə qədər istəsən danış, heç nə yorucu deyil, heç nə bayağı deyil.

Əkrəm Əylisli məclis adamıdır. Onunla bir masa arxasında yaş, sosial status fərqinə baxmayaraq, bərabərhüquqlu şəxs kimi danışa, içə, siqaret çəkə bilərsən.

O öz yaşından, məşhurluğundan, sosial statusundan istifadə edib, heç vaxt, heç bir söhbətdə bir gənci məcbur eləməz ki, özünü narahat hiss eləsin, çəkinsin. Azərbaycanlı qocalara, ağsaqqallara məxsus yalançı, saxta zəhm, pafoslu «ağıryanalıq» onda yoxdur.

O öz yaşından gəncləri özündən ürkütmək üçün deyil, onlarla yaxınlaşmaq üçün istifadə edə bilir. Dəfələrlə məclislərdə bizə siqaret təklif edib. Kimsə siqaret çəkmədiyini bildirəndə, deyib: adam var, siqaret çəkmir, amma içəndə siqaret istəyir. Bəlkə ürəyin istəyir, buyur, çək. Mənə hörmət naminə yanımda çəkmək istəmirsənsə, bil ki, mən hörməti yanımda siqaret çəkib-çəkməməklə ölçmürəm.

Əkrəm Əylisli zövqlü adamdır. İstər ədəbiyyatda, istər də içki, yemək, restoran, adam seçməkdə. Bir dəfə də görməmişəm ki, axmaq bir əsəri tərifləsin, əclaf biri barədə yaxşı söz desin, seçdiyi içki pis çıxsın, seçdiyi yemək dadsız olsun. Qadının gözəlliyini, davranışını anında qiymətləndirə bilən, lazımi anda komplimenti, xoş sözü əsirgəməyən adamdır. Bu mənada, o, əsl centlmendir.

Əkrəm Əylisli uzaqgörən adamdır. Yaxşı bilir ki, dövrünün gəncliyi, xüsusilə yaradıcı gəncliyi ilə münasibətləri korlamaq olmaz. Gənclik onu nə qədər tənqid edir, etsin, bircə dəfə olsun, yanlış söz deməz, yanlış addım atmaz. Heç vaxt hansısa gənci qaralamaz. Düşmən kəsilməz. Bu mənada o bütün yaşıdları, öz ədəbi nəsli arasında ən ağıllı, ən tədbirli adamdır.

Əkrəm Əylisli sözün yaxşı mənasında kənd uşağıdır. Ona arxalanmaq olar. Təsəvvür edin ki, gənc yazıçı, jurnalist, ictimai fəalsınız. Fərqi yoxdur, kimsiniz. Əkrəm Əylisli ilə tanışsınız. Gecə qəfildən iş elə gətirir ki, küçənin ortasında pulsuz qalırsınız. Gedəcək yeriniz yoxdur, zəng eləməyə adamınız yoxdur, sizə kömək edəcək heç kim yoxdur. Telefonunuzda Əkrəm Əylislinin nömrəsi var. Əminəm ki, zəng edib, vəziyyətinizi izah etsəniz, o, yatağından qalxıb, geyinib, sizə pul gətirər, gedəcəyiniz ünvana yola salar.

Əkrəm Əylisli müasirdir. Bir dəfə bir cütlük barədə danışdıq. Cütlük evli deyildi. Dedi ki, onların münasibətlərində fiziki yaxınlıq yoxdusa, demək bu hələ münasibət deyil. Qadınla kişi bir-birinin bədənlərini tanımalıdır, fiziki mənada bir-biri ilə tanış olmalıdır. Münasibətlərdə bu yoxdusa, bu, sevgi oyunu oynamaqdı.

Sonra qadın və kişi münasibətlərinə dair çox maraqlı şeylər danışdı. Belə söhbətləri eləmək çox təhlükəlidir. Hər an vulqar görünə bilərsən. Hər an səni yanlış başa düşə bilərlər. Amma Əkrəm Əylisli elə söz, elə ifadələrlə danışdı ki, başa düşdük, nədən danışırsan, danış, söhbəti yüksək səviyyədə saxlamaq mümkündür. Bunun üçün insanın seçdiyi sözlərin, ifadələrin yanında bir şərt də var: əxlaqı. Bu mənada, Əkrəm Əylisli elə adamdı ki, seksdən danışanda da, nə qədər əxlaqlı adam olduğunu görürsən. Təbii ki, mən mentalitetimizin əxlaq elan elədiyi şeydən yox, bir insan, bir kişi, bir yazar əxlaqından danışıram.

Mən Əkrəm Əylisli barədə uzun-uzadı yaza bilərəm. Xatirələrim, təəssüratlarım o qədər çoxdur. Hamısını bir yazıya sığışdırmaq çətindir. Buna görə də, düşünürəm ki, bir yazıda onun portretini cızmaq mümkün deyil.
Amma onun ruhən nə qədər gənc, sadə, rahat, yaradıcı adam olduğuna dair bir xatirə paylaşmaq istəyirəm sonda.

Təxminən 6 il əvvəl. Şahbaz Xuduoğlu və Əkrəm Əylisli ilə yol gedirdik. Qış idi. Böyük göydələnlərin birinin yanından keçəndə, binanın həyətində qızılgül kolları gördük. Kollardan birində iri, sarı qızılgül vardı. Həyətlə yolu dizə qədər çatan dəmir barmaqlıqlar ayırırdı. Əkrəm Əylisli gülə baxdığımı görüb, şalvarının balağını qaldırdı, dəmir sürahını aşıb, həyətə keçdi və gülü dərib mənə gətirdi. Bu o il idi ki, onun yaşı 70-i keçmişdi.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG