Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

«Sevil massivi» MTK zərərçəkənləri: Bizi get-gələ salıblar


Sevil massivi
Sevil massivi

-

«Hardasa 2 il əvvəl olardı. Bir gün zəng vurdum «Sevil massivi» MTK-nın ofisinə, torpaqlarla maraqlandım. Mənim nömrəm onların telefonunun yaddaşına düşmüşdü. Şərtləri öyrəndim, sağollaşdım. Üstündən 3 gün keçdi, gündə bir incəsəsli qız zəng vururdu, hər zəngdə də şərtlər yumşalırdı».

AzadlıqRadiosunun "Qaynar xətt"inə danışan Əmralı Hüseynov özünü “Sevil massivi” MTK tərəfindən aldadılan payçılardan biri kimi təqdim edir. Deməsinə görə, 2 il əvvəl elə "incə qızların səsləri" onu tikinti aparılan massivə yaxın ofisinə çəkib aparıb. 20 sot torpaq sahəsinə görə azı 16 min manat xərci çıxıb. Əlqərəz, aldadıldıqlarını iddia edən payçıların sırasındadır:

ADAMLARIN BİR HİSSƏSİNİN PULU QAYTARILIB, ÇOXU İSƏ GÖZLƏYİR

"Abşeron rayon icra hakimiyyətinin rəhbərliyi bizi aldadır, get-gələ salır. Adamların bir hissəsinin pulu qaytarılıb, ancaq böyük hissəsi hələ də gözləyir. Deyirlər, pul yoxdur. Abşeron Rayon İcra Hakimiyyətində pulların notarial qaydada qaytarılması üçün komissiya yaradılıb. Komissiyanın üzvlərindən biri icra hakimiyyətinin Xırdalan şəhəri üzrə nümayəndəsi Fikrət Orucovdur. O da hərəyə bir vəd verir".

Əmralı Hüseynovdan fərqli olaraq Mais Əfəndiyevə aldığı torpağın sənədi də verilib. Ancaq indi bu sənəd heç nəyə yaramır:

"Deyirlər, apar sıx suyunu iç... Heç nəyə yaramır... Etibarsızdır... O sənədi Hökməli bələdiyyəsi pulla düzəltdirib adamlara paylayıbmış. Biz nə biləydik ki, bu boyda saxtakarlığa gedə bilərlər..."

Mais Əfəndiyevin vaxtilə torpağa görə ödədiyi və indi tələb etdiyi məbləğ 32 min manatdır.

XEYİR İŞ ÜÇÜN EV TİKİRMİŞ...

Səfər Məmmədovun isə işi daşdan çıxır:

"Mən torpaqda ev tikdirirdim. Oğluma toy edib ora köçürəcəkdim. Tikinti yarımçıq qaldı. İndi deyirlər ki, əvvəl torpaq alanların pulları ödəniləcək, sonra torpaq üzərində tikilisi olanların... Yəni mən hələ çox gözləməliyəm. Ayrıca komissiya təşkil olunmalıdır, tikiliyə çəkdiyim xərc hesablanmalıdır və sair... Bir sözlə, başağrısı..."

Xırdalan şəhər icra nümayəndəsi Fikrət Orucov bildirib ki, bu iş üzrə istintaq yekunlaşmadan, məhkəmə olmadan zərərçəkmişlərin vəsaiti icra hakimiyyəti və bələdiyyə hesabına ödənilir. Lakin vətəndaşlar necə deyərlər, səbrsizlik edirlər. Hamı pulunu tez almaq istəyir. Bu isə mümkün deyil.

"Sevil massivi" MTK-dan torpaq sahəsi alıb zərərə düşənlər pullarının geri qaytarılması tələbi ilə bir neçə dəfə aksiya keçiriblər. Sonuncu aksiya noyabrın 14-də Abşeron rayon icra hakimiyyətinin binası qarşısında baş tutub. Aksiyaçılar oradan Hökməli bələdiyyəsinə yürüş ediblər. Orada onları pullarının tezliklə qaytarılacağına arxayın ediblər.

Bu ilin iyul ayında "Sevil massivi" MTK-nın təsisçisi Aynur Zeynalov və həmin kooperativin direktoru Elçin İsmayılov həbs ediliblər. Hökməli kəndinin bələdiyyə sədri Mirnemət Mirsadiyev isə işindən azad olunub. İstintaq orqanı onları qanunsuz sahibkarlıqda, vergi ödəməkdən yayınmaqda və rüşvət almaqda ittiham edir.

XS
SM
MD
LG