Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:03

Naxçıvanda həbs olunun cəbhəçinin xanımı: «İstəyirlər zorla yazdırsınlar ki...»


Naxçıvanda 2 ay həbs cəzası alan AXCP fəalı Hicran Qasımov
Naxçıvanda 2 ay həbs cəzası alan AXCP fəalı Hicran Qasımov

-

Gözlə

No media source currently available

0:00 0:04:31 0:00
Direct-ə keçid

Naxçıvanda 2 ay həbs cəzası alan AXCP fəalı Hicran Qasımova ailəsi ilə görüşə icazə verilmir. Bu haqda AzadlıqRadiosuna onun həyat yoldaşı Səadət Qasımova məlumat verib. Səadət Qasımovanın sözlərinə görə, görüş üçün bir neçə dəfə Naxçıvan Daxili İşlər Nazirliyinə müraciət etmək istəsələr də, onları nazirliyin binasına buraxmayıblar:

«SANKİ BİZ TƏHLÜKƏLİ TERRORÇUYUQ»

«Bizi heç nazirliyin həndəvərinə də qoymurlar. Bir neçə dəfə getmişik, bizimlə görüşmək istəməyiblər. Ona hansı maddə ilə cinayət işi açdıqları haqda da məlumat vermirlər. Həm də istəyirik ki, bu haqda məlumat alaq. Dünən qərara gəldik ki, 70 yaşlı qayınanamla binanın qarşısındakı parkda gözləyək, bəlkə müstəntiqi görərik. Polislər gəlib bizi parkdan zorla çıxardılar. Dedilər ki, nazirliyin təhlükəsizliyi baxımından binadan 100 metr aralıda durmalısınız. Sanki biz təhlükəli terrorçuyuq. Təhlükəsizliyi düşünürlərsə, o zaman nazirliyin 10 metrliyində parkı niyə salıblar? Məcbur qaldıq, təcridxanaya getdik. Təcridxanada da görüş üçün nazirliyin icazəsini istədilər. Bizdən yalnız yemək və geyim götürdülər».

Səadət Qasımova deyir ki, görüşə bilməsələr də şahidlər vasitəsilə həbs olunduğu gün həyat yoldaşının başına gələnləri öyrənə biliblər:

«SƏRNİŞİNLƏR YOL BOYU HAKİMİYYƏTİ TƏRİFLƏMƏYƏ BAŞLAYIBLAR»

«Hələlik təhlükəsizlikləri baxımından şahidlərin adını çəkmək istəmirəm. Hadisə baş verən gün Hicran qonşu Kırna kəndindəki dükanlardan birinə mal aparırmış. Malı götürəndə 2 nəfər xahiş edib ki, yolüstü onları da götürsün. Maşında 2 nəfərlik yer boş qaldığından Hicran götürüb onları. Sərnişinlər yol boyu hakimiyyəti tərifləməyə başlayıblar, Hicran buna etiraz edib və öz arqumentləri ilə onların fikirlərinə qarşı çıxıb. Aralarında yüngül mübahisə də olub. Yolda həmin adamlar düşüblər».

Səadət Qasımova deyir ki, həyat yoldaşı təsadüfü sərnişinlərin hərəkətlərindən şübhələnib və dərhal maşınında axtarış aparıb:

«O, ƏLİNƏ TORBA GEYİNƏRƏK, MAŞINDAN TAPDIQLARINI ÇIXARIB»

«Hicran Kırna kəndində malı boşaldandan sonra maşını axtarıb. Baxıb ki, arxa oturacağın altında bir bıçaq və qara torbada nə isə var. O, əlinə torba geyinərək, kənd sakinlərinin gözü qarşısında maşından tapdıqlarını çıxarıb və zibil qutusuna atıb. Bundan sonra geri qayıdıb. Elə, yolda saxlayıb, polisə aparıblar. Hicran bütün olanları izahatında da yazıb. Bunu vəkili də təsdiqlədi. Görünür, boynuna başqa şeylər qoymaq istəyirlər deyə, həbslə bağlı bizə məlumat vermək istəmirlər. İstəyirlər zorla yazdırsınlar, sonra desinlər ki, filan cinayəti törədib».

AXCP Culfa rayon Təşkilatının fəalı Hicran Qasımovun noyabrın 3-dən yoxa çıxdığı bildirilirdi. Bundan bir neçə gün sonra onu polisin saxladığı və haqqında 2 aylıq həbs qəti-imkan tədbirinin seçildiyi bəlli oldu. Ailəsi onun siyasi mənsubiyyətinə görə, şərlənərək həbs olunduğunu düşünür.

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən isə onun həbsi ilə bağlı hər hansı açıqlama verməyiblər.

Hicran Qasımov hazırda Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Kəngərli rayonunda yerləşən təcridxanasında saxlanır.

Ailənin iddialarına münasibət öyrənmək üçün Azadlıq Radiosunun əməkdaşı dəfələrlə muxtar respublika DİN-i ilə əlaqə saxlasa da oradan hər hansı cavab almaq mümkün olmayıb.

XS
SM
MD
LG