Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:36

«Naxçıvan həqiqətləri»ni dilə gətirən Sirab sakini polisə çağırılıb


Qadir Quliyev
Qadir Quliyev

-

Naxçıvanın Babək rayon Sirab kənd sakini Qadir Quliyev polisin onu təqib etdiyini bildirir. Deyir ki, bir neçə gündür zəng vurub, müxtəlif bəhanələrlə ondan şöbəyə gəlməyini tələb edirlər.

«İKİ GÜNDÜR ƏL ÇƏKMİRLƏR»

Qadir Quliyev bundan öncə də bir neçə dəfə polisə çağırıldığını deyir. Şikayətçinin bildirdiyinə görə, hər dəfə polisdə çağırıldığı məsələyə görə yox, Naxçıvandakı qanunsuzluqlar haqda mətbuata verdiyi açıqlamalara görə sorğu-sual olunub.

Qadir Quliyev sonuncu dəfə polisdə olanda, mətbuatla əlaqəni kəsməyəcəyi təqdirdə həbs olunacağı ilə bağlı xəbərdarlıq aldığını deyir:

«Xəbərdarlığa baxmayaraq, Naxçıvan həqiqətləri haqda mətbuata açıqlamaları davam etdirmişəm. İndi yenə iki gündür əl çəkmirlər ki, polisə gəlməlisən. Həm də öz kəndimizin yox, qonşu kəndin sahə rəisi zəng edir. Çağırış vərəqəsi istəyirəm, telefonda üstümə qışqırırlar. Oktyabrın 31-də bir neçə dəfə zəng vurublar. Səbəbini soruşdum, dedilər ki, hərbi komissarlıq səni axtarır, ona görə. Soruşdum ki, 60-a yaxın yaşım var, komissarlığın nə işi var mənimlə? İkinci də, komissarlıq axtarırsa, bunun polisə nə dəxli var?».

«DEYİRLƏR ÖZÜN GƏLMƏSƏN, ZORLA APARARIQ»

Qadir Quliyev deyir ki, bir gün sonra - noyabrın 1-də ona zəng vurub, bu dəfə Babək rayon Polis Şöbəsi rəisinin onunla görüşmək istədiyini bildiriblər:

«Səhər yuxudan durandan telefonum susmur. Hər dəfə müxtəlif nömrələrdən zəng edirlər. Bu dəfə də şöbənin özündən zəng vurub deyirlər ki, komissarlıq məsələsi deyil, guya, rəisin mənimlə işi var. Axı, rəisin mənimlə nə işi ola bilər? Deyirlər özün gəlməsən, gəlib keçən dəfəki kimi zorla aparacağıq. Mən də ehtiyat edirəm ki, getsəm, həbs edəcəklər, getməsəm də gəlib zorla aparacaqlar. Görün Naxçıvanda haqq sözdən nə qədər qorxurlar ki, bu üsula əl atırlar. Burada mənim kimi sözünü deyə bilən 1-2 nəfər ola, ya olmaya. Hamını didərgin salıblar Naxçıvandan. Məni də bu cür susdurmaq istəyirlər».

Qadir Quliyev deyir ki, sonuncu dəfə Naxçıvan Ali Məclisinin sədr müavini Mirhəşim Seyidovun qohumlarının özbaşınalığından mətbuata şikayət edib. O ehtimal edir ki, polisə də məhz bu səbəbdən çağırılır.

«POLİSLƏ YEKƏ-YEKƏ DANIŞIB, RƏİSİN ACIĞINA GƏLİB»

Sirabla qonşu Məzrə kənd sahə müvəkkili Anar Qurbanov Qadir Quliyevi zəng edərək polisə çağırdığını təsdiqlədi:

«Hərbi komissarlıq məsələsidir. Zəng edirik, gəlmək istəmir. Başqa polislər də zəng edib, onlarla yekə-yekə danışıb. Bu da rəisin acığına gəlib. Deyib ki, çağırın onu mənim yanıma. O da gəlmək istəmir. Biz nə etməliyik?».

Sahə müvəkkili Qadir Quliyevə polisə çağırılması ilə bağlı sənəd təqdim edib- etmədikləri ilə bağlı suala aydınlıq gətirmədi.

Şəxsi təsərrüfatı olan Qadir Quliyev əkin-biçin işlərində rastlaşdığı əngəllərlə bağlı bu ilin əvvəlindən AzadlıqRadiosuna da məlumatlar verib. O buna görə bir neçə dəfə hüquq-mühafizə orqanlarına çağırıldığını da söyləmişdi.

XS
SM
MD
LG