Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:46

Dərbəndin keçmiş meri ev dustağıdır


Qurban Qurbanov
Qurban Qurbanov

-

Gözlə

No media source currently available

0:00 0:03:14 0:00
Direct-ə keçid

Dərbənd rayon administrasiyasının sədri, Dağıstanda Azərbaycan diasporunun lideri Qurban Qurbanov oktyabrın 2-dən ev dustaqlığında saxlanır.

Bir neçə il öncə mer seçkisini qazanan Qurban Qurbanovun bu durum əhalisinin əksəriyyəti azərbaycanlı olan Dərbənd sakinlərinin narazılığını doğurub.

Dərbənddə yaşayan jurnalist Telman Tahirli buradakı son vəziyyəti AzadlıqRadiosuna danışır:

- Deyirlər ki, Qurban Qurbanov torpaq satıb, amma doğru deyil. Axı o bu torpaqları sata bilməzdi. Ən azı ona görə ki, həmin ərazilər Dərbənd rayonunun deyil, Dağıstan hakimiyyətinin balansındadır. Biz bu ittihamdan narazıyıq. Dağıstan rəhbərliyi Qurbanovu çağırıb deyib ki, vəzifəndən istefa ver, o da razılaşmayıb. Rəhbərlik Dərbənd rayonuna öz adamını təyin etmək istəyir. Burda yaşayan azərbaycanlılar da narazıdırlar ki, Dərbənd rayonuna azərbaycanlı rəhbərlik etməlidir. Qurban Qurbanov da azərbaycanlıların dayağıdır. Camaat da deyir ki, bizi tərk edib-getməyin. O da deyib, heç yerə getməyəcək. Bundan sonra ona iş açdılar, polislərlə, OMON-çularla gəldilər. Onun müavinlərinə deyirlər ki, ərizə yazın, işdən gedin.

- Müavinləri də azərbaycanlıdır?

- Birinci müavini ləzgidir, o birilər azərbaycanlıdır.

- Qurban Qurbanov nə zaman mer seçilmişdi?

- 2010-cu ildə. Bizdə hər 4 ildən bir seçkidir.

- Demək, Qurbanovun səlahiyyət müddəti bu il bitir. Yeni seçki gələn il olmalıdır?

- Olmalı idi, amma indi Dağıstan qanunvericiliyinə dəyişiklik edilib. Meri sakinlər yox, deputatlar seçəcək. Söhbət Dərbənd rayonu deputatlarından gedir. İndi onların da səlahiyyət müddəti bitir və öncə onlar seçiləcək, sonra yeni mer. Bu deputatlar hökumətin adamları olurlar. Əlbəttə, onlar da Dağıstan hökumətinin tərəfini tutacaqlar. Administrasiyaya da elə adamı qoyacaqlar ki, rayonu tanımayacaq, camaatın problemini bilməyəcək.

- Dərbənd məclisinin neçə deputatı olur?

- 25 nəfər.

- Bəs onların neçəsi azərbaycanlıdır?

- Məclisin 80 faizə qədəri azərbaycanlılardan ibarət olur. Çünki Dərbənd rayonunda əhalinin əksəriyyəti azərbaycanlıdır.

- Qurban Qurbanov öz namizədliyini yenidən verəcək?

- O, indi ev dustağıdır. İki gündür Dağıstan rəhbərliyi onun yerinə bir nəfəri qoyub. Amma camaat onu istəmir.

Rusiya Federasiyası İstintaq Komitəsinin Dağıstan bölməsi bu il sentyabrın 16-da Q.Qurbanovu vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirərək ona qarşı cinayət işi açıb.

İstintaqın versiyasına görə, Q.Qurbanov 2009-2013-cü illəri əhatə edən dövrdə Rusiya Federasiyası və Dağıstan Respublikasının torpaq qanunvericiliyini pozaraq, Dərbənd rayonunda dövlət mülkiyyətində olan 56 hektardan çox ərazini müxtəlif şəxslərə verib.

Oktyabrın 2-də həbs edilən Q.Qurbanov Dərbəndin azərbaycanlı icmasının lideri sayılıb. Daha öncə – 1962-ci ildən bəri rayona onun atası Səid Qurbanov başçılıq edib. Q.Qurbanovun qardaşı Maqomed isə Dağıstanın Bakıdakı nümayəndəsi olub. Ramazan Abdulatipov hakimiyyətə gələndən sonra onu işdən azad edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG