Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:04

Canlı aləmi qoruyan qızlar cavab gözləyir, müstəntiq «ezamiyyətdən qayıdım...» deyir


Lada Penkova
Lada Penkova

-

Sumqayıt polisində döyüldüklərini bildirən, «Alyans» Canlı Aləmi Mühafizə Birliyinin könüllüləri Aytən İsmayılova və Lada Penkova şikayətlərinin araşdırılmamasından gileylənirlər.

«BƏLKƏ POLİSLƏR BİZİ DÖYƏNDƏ BİR YERİMİZ PARTLAYAYDI?»

Aytən İsmayılova deyir ki, sonuncu dəfə oktyabrın 20-də Sumqayıt Şəhər Prokurorluğuna yazılı izahat veriblər. Şikayətçi qızın sözlərinə görə, daha sonra bir neçə dəfə müraciət etsələr də, araşdırmanın nəticələrini öyrənə bilməyiblər:

«İki həftədir döyülmüşük, 10 gündür ki, izahatımızı alıblar. İzahatı alanda dedilər ki, tezliklə araşdırıb məlumat verəcəyik. İndi bu haqsızlar nə bizi qəbul edirlər, nə də telefonlarımızı açırlar. Yəqin, şikayətimiz polisdəndir deyə, ört-basdır etmək istəyirlər. Deyəsən, onlar da polisin tərəfinə keçiblər. İstəyirəm ki, müraciətimizi prezident və onun həyat yoldaşı Mehriban xanım da oxusun. Oxuyub göz yumacaqlarsa, deməli, onlar da belə istəyir. Biz qadınıq. Bəlkə polislər bizi döyəndə bir yerimiz partlayaydı? Bəlkə zərbələrdən öləydik? Kim cavab verəcəkdi o zaman?».

MÜSTƏNTİQ: «EKSPERTİZANIN NƏTİCƏSİ İLƏ MARAQLANA BİLMƏMİŞƏM»

Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Faiq Nadirovun AzadlıqRadiosuna bildirdiyinə görə, qızların şikayəti əsasında araşdırma davam edir:

«Heç kimin tərəfini tutmuruq. Hələlik, araşdırma bitməyib. Gəlib dedilər ki, bizi döyüblər. Biz də aydınlaşdırmaq üçün onları ekspertizaya göndərdik . Hələlik, ezamiyyətdəyəm deyə, ekspertizanın nəticəsi ilə maraqlana bilməmişəm. Bu günlərdə işə qayıdıb, maraqlanacağam».

Lada Penkova və Aytən İsmayılova oktyabrın 16-da Sumqayıt 4-cü Polis Bölməsində döyüldüklərini bildirmişdilər. Bölmənin rəis əvəzi Fərəməz Bağırov AzadlıqRadiosuna müsahibəsində qızların bu iddiasının gerçəyi əks etdirmədiyini söyləmişdi.

XS
SM
MD
LG