Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:30

O uşaq 20-30 ildən sonra Məşədi İbadı canlandıracaq…


Musiqili Teatrda «Məşədi İbad»ın premyerası – 26 oktyabr 2014
Musiqili Teatrda «Məşədi İbad»ın premyerası – 26 oktyabr 2014

-

Həftəsonu yağışlı-küləkli keçsə də, tamaşanın premyerasına xeyli adam gəlmişdi.

Doğrusu, buna yaman sevindim.

Demək, Məşədi İbad yazılışından 100 il ötəndən (əslində, 104) sonra da diqqət çəkir.

Niyə də olmasın?

BU TAMAŞA MİLLİ KİMLİK SÖHBƏTİDİR

«O olmasın, bu olsun» tamaşası sanki milli kimliyimizdir.

Ruhu şad olsun Üzeyir bəyin!

Cəmi 25 yaşında millətin mentalitetini nə gözəl duyub!

Komediyadakı hər bir obraz canlıdır, bizimkidir, doğmadır, ən gülməlisi (ya ağlamalısı?) hələ də yan-yörəmizdədir.

QOÇAQ, SƏN KİMİN ADAXLISISAN ?

Məşədi İbadı hər addımda görmürükmü: Puluna güvənib ürəyi istədiyinə çatanı…

Qəzetçi Rzanı – əlini arxasına qoyub yazdığı məqaləyə pul istəyən jurnalisti… Ya da intelligent Həsəni... Belələri indi hətta yuxarı eşelonlarda var. Öz dilində heç nə danışa bilmir, di gəl, dövləti idarə edir...

Ya Həsənqulu bəyi? Yazdığından bir şey anlamadığınız o qədər jurnalist var ki! Üstəlik, o da əlini açıb rüşvət tələb edir.

Qoçu Əsgəri – etiraf edək, – ölkədə saymaqla bitməz Qoçu Əsgərlər...

Rüstəm bəyi – gözünün ağı-qarası tək qızını pula satanı heç görmədiniz?

Hambalı – illərdir cavan ömrünü Qul bazarlarında keçirənləri xatırlayın.
Yaxşı, bəs Gülnazla Sərvəri necə? Lap onları da, seyrək də olsa, görürük, deyilmi?

Niyə seyrək? Ətrafınıza baxın. Yeni evlənənlərə nəzər salın. Çoxu seçimində «o olmasın, bu olsun» prinsipi ilə davranmırmı?

Hambalı – illərdir cavan ömrünü Qul bazarlarında keçirənləri xatırlayın.
Hambalı – illərdir cavan ömrünü Qul bazarlarında keçirənləri xatırlayın.

MİLLİ MENTALİTETİMİZİN FOTOŞƏKİLİ

Odur ki, fikrimcə, sənət tariximizdə heç bir əsər Azərbaycan mentalitetini bu komediya qədər tam ifadə edə bilmir! Bəlkə də bilməyəcək!

Bu – bizik, bizim rəsmimizdir, daha dəqiqi, bu bizim fotoşəkilimiz, surətimizdir, Xanımlar və Cənablar!

Hərdən öz şəklimizə, öz sifətimizə nəzər salmağın nəyi pisdir?

TEATRA GƏLİN!!!

Odur ki, teatra gəlməkdən çəkinməyin.

Həftə sonları mütləq teatrlara baş çəkin.

Filmi dönə-dönə seyr etsəniz də, tamaşaya baxmanın öz ləzzəti var.

Canlı musiqi, orkestr, dirijor, aktyorlar, yeni səhnə quruluşu – əzbərdən bildiyimiz komediyanı yenidən dinləməyə qətiyyən mane olmur, əksinə dada dad qatır.


TƏZƏ MƏŞƏDİ – DOĞRUDAN DA TƏZƏDİR!

Üstəlik, yeni Məşədi İbad – Şövqü Hüseynov obraza elə bu günün baxış bucağından yanaşır. Onun ifasında bu məşhur obraz yeni çalarlar qazanır, Məşədi İbad sanki bizim müasirimizdir. Aktyor Məşədi İbadı 1956-cı ildə çəkilən filmin formalaşdırdığı qəlibləşmiş obrazdan çıxarmağı bacarır. Bu, çox önəmlidir.

«ARŞIN MAL ALAN» – SEVGİ UÇUŞU...

«Həftə sonum xoş keçdi» – deyə bilərəm. Tamaşanı bəyəndim. Amma bir istəyim var. Tamaşada rejissor (Cənnət Səlimova) yeni texnologiyadan bir az xəsisliklə yararlanıb. Halbuki, bir neçə il öncə bu teatrın «Arşın mal alan» tamaşasında fərqli atmosfer vardı. Aktyorlar sevir-sevilir, hətta sevgi qanadlarında uçur, tamaşaçını da uçururdular!

Ülvi Hüseynov
Ülvi Hüseynov

TAMAŞADA ÇOXLU UŞAQ VARDI... GƏLƏCƏYİN MƏŞƏDİSİ DƏ ONLARIN İÇİNDƏ...

Bir nüans da diqqətimi çəkdi. Adətən, axşam tamaşasına uşaqlar buraxılmır. Amma bu premyerada çoxlu uşaq vardı və onların qəhqəhəsi tamaşaya ayrı ovqat qatırdı.

Bax, bu balaca oğlan da tamaşanı seyr edənlərdəndi. Həm də, elə-belə tamaşaçı deyildi. Məşədi İbadın «oğlu» idi. Fasilədə tamaşa haqqında ağıllı fikirlər səsləndirirdi. Onu çox bəyəndim. İnanın, uzağı 20-30 ildən sonra Məşədi İbadı həmin uşaq – Ülvi Hüseynov canlandıracaq. Onun şəklinə baxın. O, gələcəyin Məşədi İbadıdır...

BU KİŞİ BİZİ NƏDƏN BELƏ TANIYIB?

Təəssüf! Belə getsə, biz dəyişməyəcəyik. 100 il əvvəlki problemlərimiz 100 il sonra da aktual qalacaq... Bu komediyaya həmişə ehtiyac duyacağıq. Və hər əsrdə o böyük Kişini – Üzeyir bəyi sayqıyla anıb yaratdıqlarına heyran qalacağıq. «Bu kişi bizi nədən belə tanıyıb, necə belə dəqiqliklə ifadə edib?» soruşacağıq.

Cavabını bilsək də...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG