Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:40

"Mən heç vaxt dini başa düşə bilməmişəm"


Alan Moore
Alan Moore

-

"Xoşbəxtlik yer üzündəki ən qəribə həbsxanadır".

"Dünyanı daha bir zibil filmlə çirkləndirməyə dəyərmi? Film çəkməyə hazırlaşan hər rejissor özünə bu sualı verməlidir".

"Seks yer üzündə ən möhtəşəm şeydir. Biz onun sayəsində varıq".

Çağdaş ingilis yazarı, komikslər müəllifi Alan Moore (Alan Mur) "Esquire" jurnalına öz həyat qaydalarını açıqlayır:

Mənim mövcud olub-olmamağım oxucunu narahat etməməlidir.

Mənə elə gəlir ki, istənilən işdə ən yüksək yerlərə qədər gedib çıxmaq, sonra da özünü o yerdən aşağı atmaq lazımdır.

Həyatın janrı yoxdur. O, dəhşət, melodram, faciə, komediya, elmi-fantastika janrlarının qarışığı olan kovboy detektividir, üstəgəl bir az da pornoqrafiyası var, əlbəttə əgər bəxtiniz gətirsə.

Mən komiks yazmağa başlayanda, “komiks müəllifliyi” peşəsi ən gərəksiz peşə idi. Əgər istəyim məşhurluq olsaydı, qaşqabaqlı, darıxdırıcı ingilis aktyorlarının yolunu tutardım.

Çoxları komiksləri uşaqlara xidmət edən bir sənət hesab edir və guya komikslər insanı axmaqlaşdırır. Ancaq müasir filmlərdən fərqli olaraq, komikslərin böyük əksəriyyətinin müəllifləri olduqca savadlı və incə zövq sahibi olan insanlardır.

Bu gün kinoda hər şeyə pulgirlər başçılıq edir. Onlar hamılıqla axmaq qabiliyyətsiz əclaflardır, istedaddan məhrumdurlar. “Qoruyucular”a (rejissor Zack Snyder-in Moore-un qrafik romanının motivləri əsasında çəkdiyi film) nə az, nə çox düz yüz milyon dollar pul xərclədilər, bu pulla zəlzələdən zərər çəkmiş Haitini tam bərpa etmək olardı.

Kitab, yoxsa kino – heç bu sualı müzakirə də etməyə dəyməz. Siz beyninizin saniyədə 24 kadr sürətiylə zorlanmasından zövq alırsınızmı?

Dünyanı daha bir zibil filmlə çirkləndirməyə dəyərmi? Film çəkməyə hazırlaşan hər rejissor özünə bu sualı verməlidir.

“Qeyri-adi centlmenlər liqası”ndan sonra (2003-cü ildə Alan Moore-un qrafik romanı əsasında çəkilmiş film), qərara aldım ki, daha heç vaxt adımın filmlərdə çəkilməsinə, kitablarımdan istifadə edilməsinə imkan verməyim.

Alan Moore
Alan Moore

Bəli, Hollivud kitablarımı eybəcərləşdirir, ancaq buna necə yanaşdığımı soruşanda hər zaman Raymond Chandler-i (kitabları əsasında bir neçə klassik film çəkilmiş, amerikan detektiv romanlar müəllifi) xatırlayıram. Ondan soruşmuşdular ki: “Reymond, yəqin Hollivudun əsərlərinizi korlamasından bezibsiniz?” Onda Chandler jurnalistin əlindən tutub kitab rəfinə tərəf aparır və deyir: “Mənim kitablarım hamısı burdadır, gördüyünüz kimi heç kim onları korlamayıb, hər şey qaydasındadır”.

Mən “V Vendetta deməkdir”ı yaradanda (1982-ci il) beynimin ən gizli köşəsində belə bir fikir vardı, kaş mənim ideyalarım dünyaya təsir edə biləydi. İndi getdiyim hər yerdə Guy Fawkes maskasıyla qarşılaşdıqca, elə bilirəm 20 il öncə yaratdığım surət bir yolla fantaziyalar aləmindən qaçıb, xəyal gerçəyə çevrilib.

Bir dəfə məndən soruşmuşdular ki, niyə ilk kitabımın ilk bölümünü belə uzun yazmışam. Axı burda anlaşılmayacaq nə var, qoy bütün axmaqlar elə ilk oxudan kitabdan bezib onu kənara atsınlar.

Əgər tamaşaçılar nə istədiklərini bilsəydilər, tamaşaçı yox, rejissor olardılar.

Yalnız o filmlərdən xoşum gəlir ki, ona xərclənmiş hər qəpik ekranda görülsün.

Mədəniyyət həyatda nələrin edilməli olduğunu təkrarlamaqdan başqa bir şey bilməyən zombidir.

Çox az insanın ağlına ideyalar ilham pərisinin diktəsilə gəlir. Bütün yerdə qalanlar, həmçinin mən özüm də sadəcə işləyirik.

Sənətkar həqiqəti demək üçün yalandan istifadə edir, mən özüm də ortaya çoxlu yalanlar atıram. Amma siz bu yalanın içində mütləq hansısa həqiqətləri tapacaqsınız.

Səksənlərin ortalarında bir amerikan şirkəti mənə MKİ-nin tarixindəki qaranlıq məqamlar haqda komikslər kitabı sifariş verdi. Bu, təqribən 2-ci Dünya Müharibəsindən başlayaraq həmin dövrə qədər olan müddəti əhatə etməli idi. Orda Vyetnam müharibəsi zamanı heroin qaçaqmalçılığı, Latın Amerikasındakı qarışıqlıqlar vaxtı kokain qaçaqmalçılığı, Kennedinin öldürülməsi və digər epizodlar verilməliydi. Bütün bunları araşdırdıqdan sonra, özüm üçün bir şeyi aydınlaşdırdım: müxtəlif konspiroloji nəzəriyyələrin tərəfdarları, sadəcə hər şeyi daha rahat izah etmək üçün o nəzəriyyələrə inanırlar. Həqiqət isə odur ki, dünya tamamilə idarəolunmaz bir xaosdur. Nə illüminatlar var, nə yəhudi bank lobbisi, nə yad planetlərdən gələnlər, həqiqət bütün bunlardan daha dəhşətlidir. Dünya kimsə tərəfindən idarə olunmur, o, nəzarətdən çıxıb dərə boyu yuvarlanır.

Kainatla bağlı bütün müşahidələrimiz son nəticədə elə özümüzün özümüzlə bağlı müşahidələrimizdir.

Alan Moore
Alan Moore

Hər kəs dünyanın yaranmasını öz nəzər nöqtəsindən izah etməyə çalışmalıdır. Biz hamımız fərqliyik, buna görə də mən heç vaxt dini başa düşə bilməmişəm.

Tanrının mövcud olduğunu əminliklə deyə biləcəyim yeganə yer insan şüurudur. O bütün əzəməti və dəhşəti ilə şüurda mövcuddur.

İdeya həmişə öz təcəssümündən daha vacibdir. Məsəlçün televiziya ideyası televizorun özündən vacibdir, çünki əşyaya çevrilən ideya predmetindən fərqli olaraq ölmür. Bir dəfə doğulan ideya əbədi olaraq yaşayır, çünki bütün ilahi şeylər kimi mücərrəddir. İdeyalar ölümsüz və gülləkeçirməzdir, belə ki, güllə onlara güllə atan adamın özünü öldürür.

Bu dünyada gözəl və tapıntı sayılacaq şeyləri ucdantutma məhv etmək olar, ancaq gözəllik və yaradıcılığı məhv etmək mümkün deyil.

Əgər işığı qadağan etsələr, ancaq cinayətkarlar hara getmək lazım olduğunu biləcəklər.

İnsanlar hökümətlərindən qorxmamalıdırlar. Hökümətlər xalqdan qorxmalıdır.

Bu həmişə belə olub: müharibəyə hazırlaşan dövlət daim şövq və populizm dolu nitqlərlə sülhün vacibliyindən danışır.

Satira ən qorxunc kabusdur. Elə bu yaxınlarda orta əsrlər hökmdarlarının niyə cadugərlər, yaxud əcinnələrdən deyil, məhz el şairlərindən qorxduğunu anladım. Deyək ki, sən cadugəri acıqlandırdın, o da səni lənətləndi. Nə baş verəcək? Beş-altı toyuğuna azar düşüb öləcək, südün çürüyəcək, ya da uşağın dovşandodaq doğulacaq. Bundan artıq heç nə. Amma şairi acıqlandırsan, o sənə qarşı lənətlə deyil, satirayla çıxış edəcək. O səni xalqa ağıldankəm, gombul, qarınqulu kimi tanıdacaq və bir müddət sonra yaxın adamlarının, qohumlarının hətta özünün də gözündə elə görünəcəksən. Qarşına xüsusi istedadlı şair çıxsa, hətta sən öləndən otuz il sonra da sağlığında ağıldankəm əclafın biri olduğunu danışacaqlar.

Əgər tam azad olmaq istəyirsənsə iki şeydən yaxa qurtarmalısan: büdrəmək qorxusundan və birinci olmaq ehtirasından.

Mən uşaq olanda dalğalarla oynamağı çox sevirdim. Onlar mənə instinktlərə və qorxuya təslim olmamağı öyrətdi. Sənə doğru gələn böyük dalğanı görəndə, onun ağuşuna atılmalısan, əks təqdirdə o səni də içinə alıb geriyə sürükləyər, sonra da sahil qayalarına çırpa bilər. Təhlükənin üstünə yerimək instinktlərin əleyhinə olsa da, sən dalğanın altında qalırsan, az sonra o keçir və görürsən ki, sağ-salamatsan.

Mənə elə gəlir, bizim heç birimiz uşaqlıqda arzuladığımız dünyada yaşamırıq.

Biz həyatla ancaq zahirdə təmasda olub, dəyişirik. Daxildə isə ölənə kimi necə varıq, eləcə də qalırıq.

Seks yer üzündə ən möhtəşəm şeydir. Biz onun sayəsində varıq.

Təntənəylə dəfn etmək istədiyim bir ifadə var: “adi insan”. Cəfəngiyyatdır! “Adi” insan deyə bir şey ola bilməz.

Heç vaxt Northamton-dan köçmək istəməməyimin bircə səbəbi var, buranın əhalisi mənə məşhur adam kimi yanaşmır. Onlar üçün mən elə həmin uzunsaçlı oğlanam.

Həyatda təsadüf deyilən bir şey yoxdur, yalnız təsadüfilk illüziyası var.

Xoşbəxtlik yer üzündəki ən qəribə həbsxanadır.

Çevirdi: Namiq Hüseynli

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG