Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:06

"Nara bayram keçirirlər, bizsə acından qırılırıq"


Arxiv fotosu
Arxiv fotosu

“Dörd uşaqdan ikisi gözdən əlildir. Bizə əl tutan olmasa, acından qırılacağıq”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Göyçayın Bığır kəndindən 4 uşaq anası olan Almaz Fərzəliyeva yazır:

TÖVLƏDƏN DAXMA DÜZƏLDİBLƏR

“1958-ci ildə Göyçay rayonunun Bığır kəndində anadan olmuşam. Bu günədək də orda yaşayıram, əgər buna yaşamaq demək mümkündürsə... Ev olmadığından həyat yoldaşım və 4 uşağımla qaynımın həyətindəki tövlədə yaşayıram. Daha doğrusu, tövləni suvaqlayıb daxmaya oxşatmışıq. Rütubətli və soyuqdur. Darısqal olduğundan uşaqlar daxmada, mən və həyat yoldaşım isə həyətdə gecələyirik”.

Ailədə bir qız və bir oğlan həm gözdən əlil, həm də əqli zəifdilər. Ana yazır ki, kasıbçılıqdan heç birini müalicə etdirə bilmir. Eyni səbəbdən uşaqlar məktəbə də getmir. Valideynlər onları məktəb geyimləri, ayaqqabı və başqa ləvazimatlarla təmin edə bilmir.

ƏN ÇOX TƏLƏB OLUNAN YAVAN ÇÖRƏKDİR

Şikayətçi:

“Kənddə iş olmadığından yoldaşım işsizdir, dəfələrlə rayonun müxtəlif idarələrinə və dövlət orqanlarına müarciət edib, iş tapa bilməyib. Mən rayonun Sosial Müdafiə Mərkəzinə müraciət etsəm də, ünvanlı sosial yardım ala bilmirəm. O qədər şərtlər qoyurlar ki, adam özü yardım istəməkdən vaz keçir”.

Ana yazır ki, evdə uşaqların ən çox tələb etdiyi yavan çörəkdir ki, ailə başçısı süfrəyə qoymağa onu da tapmır:

“Əlil uşaqlarıma güclü qida lazımdır. Ancaq biz onlara yedizdirməyə bir tikə çörək də tapmırıq. “Çörək” deyib ağlaşırlar. Vallah, çox ağır vəziyyətdəyik. İcra Hakimiyyəti milyonlarla pul xərcləyib nara bayram keçirir, amma kəndlərdə bizim kimi yüzlərlə ailələr var ki, yavan çörəyin dadına-tamına həsrətdilər”.

Göyçay rayon İcra Hakimiyyəti ailəyə hər hansı yardım göstərə bilməz. Bunu "Qaynar xətt"ə həmin qurumdan bildiriblər. Qeyd ediblər ki, büdcədən icra hakimiyyətinə belə məsələlərə görə vəsait ayrılmır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Göyçay rayonundakı Mərkəzindən isə bildirdilər ki, Fərzəliyevlərlə eyni ünvanda qeydiyyatda olan ailə üzvlərinin (valideynlər və başqa ailə üzvləri) təqaüd və başqa gəlirləri olduğundan bu ailəyə ünvanlı sosial yardım düşmür.

XS
SM
MD
LG