-
Oktyabrın 3-də saat 19.00-da Beynəlxalq Muğam Mərkəzində görkəmli Azərbaycan xanəndəsi Keçəçioğlu Məhəmmədin (Məhəmməd Məşədi Xəlil oğlunun—(1864-1940) anadan olmasının 150 illiyinə həsr edilmiş yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, tədbirdə Xalq Artistləri Səkinə İsmayılova, Zabit Nəbizadə, ifaçılar Qocaq Əsgərov, Güllü Muradova, Səbinə Ərəbli, Elnur Zeynalov, Aytən Məhərrəmova, Vüsalə Musayeva və başqaları çıxış edəcəklər.
Xəbərdə deyilir ki, Qarabağ muğam məktəbinə mənsub ən böyük sənətkarlar sırasında mühüm yer tutan Keçəçioğlu Məhəmməd milli musiqinin tarixi köklərə malik qədim ənənələrini layiqincə yaşadıb, xüsusən klassik muğamların bənzərsiz və unudulmaz ifaçısı kimi Azərbaycanın çoxəsrlik mədəniyyət xəzinəsinə qiymətli töhfələr verib.