Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 05:19

«Rəqabət Məcəlləsi quyunun dibinə düşüb»


Azerbaijan -- Rashid Sherif's cartoon (world property)
Azerbaijan -- Rashid Sherif's cartoon (world property)

-

Gözlə

No media source currently available

0:00 0:06:48 0:00
Direct-ə keçid

Azərbaycan öz iqtisadiyyatının rəqabət qabiliyyətinə görə 144 ölkə arasında 38-ci yerdədir. Dünya İqtisadi Forumunun sentyabrda yaydığı Qlobal Rəqabətlilik Hesabatında belə deyilir.

Bu hesabat hər bir ölkədə iqtisadiyyatın rəqabət qabiliyyətini və əhalinin rifahını müəyyənləşdirən amillərin qiymətləndirilməsinə əsaslanır.

Sözügedən hesabat Azərbaycanda birmənalı qarşılanmayıb. Nazirlər Kabinetinin sabiq şöbə müdiri Oqtay Haqverdiyev belə hesabatlara şübhəsini gizlətmir.

Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov fərqli düşünür. O, həmin hesabatdakı sıralamada Azərbaycanın Çexiya ilə eyni qiymət almasına normal baxır:

«Bu qiyməti Dünya İqtisadi Forumuna daxil olan şirkətlər müəyyənləşdirir. Söhbət böyük bir qrupdan gedir. Azərbaycan da 144 ölkə arasında 38-ci yerdədir. Bu, əlbəttə, irəliləyişdir və rəqabətə davamlılığı göstərir. Belə davamlılığı müəyyənləşdirən 12 göstərici var. Orda siyasi, iqtisadi sabitlik, korrupsiya ilə mübarizə, səhiyyə və təhsilin vəziyyəti, maliyyə vəsaitlərinə çıxış imkanları analiz edilir. Sonra cədvəl əsasında reytinq müəyyənləşdirilir. Azərbaycan bu yöndə hələ çox işlər görməlidir. Amma ümumən normal qiymətdir».

Oqtay Haqverdiyev əksər reytinq göstəricilərinin müxtəlif məqsədlərə xidmət etdiyini düşünür:

«Bütün reytinqlər, – hamısı yox təbii ki, bəzi istisnalar var, – hansısa məzhəbə qulluq edir. Bizdə yüksəksəviyyəli korrupsiya varsa, necə rəqabət ola bilər? Korrupsiya və monopoliya olan, rəqabət mühiti olmayan yerdə rəqabət necə mümkündür? Klanların, qrupların əlindədir hər şey. Bu mühitdə nə rəqabət? Özləri özləri ilə rəqabət aparacaqlar? Mən işləyən zamanlarda da bu cür qurumlarla mübahisə etmişəm. O qədər inanmaq düz olmaz».

Vahid Əhmədov
Vahid Əhmədov

Deputat Vahid Əhmədov da Azərbaycanda korrupsiya və inhisarçılığı danmır, amma bunların aradan qaldırılması yönündə islahatlar aparıldığını vurğulayır. Onun fikrincə, görülən işlər ölkə haqda rəyi dəyişdirir. Bu da hesabatlarda əksini tapır.

BELƏ MÜHİTDƏ RƏQABƏT MƏCƏLLƏSİNİN QƏBULUNU KİM İSTƏYƏR?

Azərbaycan parlamenti bir neçə ildir «Rəqabət Məcəlləsi» adlı qanun layihəsini müzakirəyə çıxarıb. Hətta Milli Məclis ikinci oxunuşda qanunu qəbul edib. Amma layihənin bəxti açılmır ki, açılmır. Qanun hələ də tam şəkildə bəyənilmir. Beynəlxalq qurumlar bununla bağlı Azərbaycan hökumətinə dəfələrlə müraciət etsələr də, Vahid Əhmədov deyir ki, Rəqabət Məcəlləsi elə bil quyunun dibinə düşüb:

«2007-ci ildə prezident Məcəlləni Milli Məclisə göndərib. Biz müzakirə və ikinci oxunuşda qəbul etmişik. Avropa Birliyi ilə də müzakirə aparmışıq. İctimai müzakirələr də, Məcəllə üzərində müəyyən dəyişiklik də gedir. Mən və həmkarım Əli Məsimli parlament komitəsinin son iclasında bu məsələni bir də qaldırdıq. Deyildi ki, İqtisadi İnkişaf Nazirliyində bu məsələyə baxılır. Biz demirik ki, Məcəllə qəbul olunan kimi inhisarçılıq aradan qalxacaq, amma Azərbaycanda iqtisadiyyatın azad rəqabət şəraitində olması, sahibkarlara azad, bərabər şərait yaradılması üçün bu qanun qəbul olunmalıdır».

Oqtay Haqverdiyev
Oqtay Haqverdiyev

Oqtay Haqverdiyev deyir ki, Rəqabət Məcəlləsinin qəbul edilməməsi iqtisadiyyatın inhisara götürülməsindən qaynaqlanır:

«Misal üçün neft sənayesini, neft-qaz və reklam bazarını götürək, – hamısı öz aralarında bölünüb. Holdinqlər var ki, hərəsində restoranlardan tutmuş istehsal sahələrinədək 10-15 müəssisə birləşib. Hamısı hansısa oliqarxa bağlıdır. Belə mühitdə Rəqabət Məcəlləsinin qəbulunu kim istəyər? Belə bir qanun, təbii ki, kimlərəsə təsir göstərəcək, yəni lap ağını çıxara bilməyəcəklər. Gör neçə ildir o qanun əldən ələ gəzir? Belə bir vəziyyətdə rəqabət mühiti yaratmaq mümkün olmayacaq».

«LAP QANUN DA QƏBUL OLUNSA, İŞLƏMƏYƏCƏK»

Oqtay Haqverdiyevin bu qənaətini Azərbaycandakı əksər iqtisadçılar bölüşür. Onlar yaxın vaxtda Rəqabət Məcəlləsinin qəbul ediləcəyinə, qəbul olunsa da, onun işlək olacağına inanmırlar. Ekspertlər misal olaraq göstərirlər ki, ölkədə korrupsiya əleyhinə qanun, proqram qəbul edilsə də, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin başçılığı ilə Komissiya, Baş Prokurorluq yanında korrupsiya əleyhinə mübarizə ilə bağlı İdarə yaradılsa da, bu yöndə ciddi mübarizə getmir:

«Bu yaxşıdır və guya Azərbaycan hakimiyyətinin korrupsiya ilə mübarizə aparmağa siyasi iradəsi var. Deyirlər ki, bir hərbi komissarı, professoru 50 manat rüşvət alanda tutduq. Böyük layihələrdən söhbət getməlidir, milyardların fırlandığı layihələrdən. Lap qanun da qəbul olunsa, işləməyəcək».

Toralf Pilz
Toralf Pilz

Yeri gəlmişkən, Milli Məclisin İqtisadi siyasət Komitəsinin üzvü Vahid Əhmədov sözügedən qanunun nə zaman qəbul ediləcəyini bilmir.

Avropa Birliyinin Azərbaycandakı missiyasının rəhbəri vəzifəsini icra edən Toralf Pilz bir il öncə ölkədə biznes mühitinin yaxşılaşdırılması yönündə bəzi problemlərin həllinin, o cümlədən Rəqabət Məcəlləsinin qəbulunun vacibliyini vurğulamışdı:

«Bunlara, məsələn, korrupsiya, vergi dərəcələri, peşə hazırlığı olmayan işçi qüvvəsindən istifadə, maliyyə və vergi mənbələrindən sui-istifadə kimi hallar daxildir. Biz hökumətin bu problemlərin mövcudluğunu etiraf etməsinə, onlara qarşı mübarizə strategiyasını hazırlamasına müsbət yanaşırıq – məsələn, neft gəlirlərindən kəskin asılılığın aradan qaldırılması istiqamətində. Bu strategiyanın uğuru Rəqabət Məcəlləsinin tez bir zamanda qəbulundan da asılıdır. Potensial xarici investorlar belə bir addımı yüksək qiymətləndirər və onlar Azərbaycana gəlişən dünya bazarının ciddi bir hissəsi kimi baxmağa başlardılar. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmaq istiqamətində cəhdlər göstərsə, inkişaf edən bir bazar kimi öz mövqeyini daha da gücləndirərdi».

XS
SM
MD
LG