Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:55

«Tənqidə «xoş gəldin» deməyi bacarmaq lazımdır» [Video]


AŞPA sədri: parlamentdə güclü müxalifət yoxdur
Gözlə

No media source currently available

0:00 0:04:39 0:00

AŞPA sədri: parlamentdə güclü müxalifət yoxdur

-

«Demokratiyada müxalifətə ehtiyac duyulduğu qədər də tənqidə ehtiyac var. Tənqidə «xoş gəldin» deməyi bacarmaq lazımdır».

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının prezidenti Anne Brasseur sentyabrın 24-də Bakıda keçirdiyi mətbuat konfransında dilə gətirib.

Həbsdəki jurnalist Hilal Məmmədovla görüşdən birbaşa konfrans zalına gələn AŞPA prezidenti öz səfər təəssüratını jurnalistlərlə paylaşıb.

Xanım Brasseur üçgünlük səfər boyunca prezident İlham Əliyev, parlament üzvləri, ədliyyə naziri, baş prokuror, Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti və vətəndaş cəmiyyəti təmsilçiləriylə görüşüb. Onun ötən səfərindən fərqli bir özəllik də odur ki, AŞPA prezidenti bu dəfə siyasi məhbuslarla da söhbətləşə bilib. Təbii ki, hamısıyla yox – REAL hərəkatının sədri İlqar Məmmədov, Müsavat başqanın müavini Tofiq Yaqublu və «Tolışi sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovla... Xanım Brasseur Bakı səfərinin nəticələrindən danışarkən də söhbətə elə Hilal Məmmədovun bir sözüylə başlayıb:

«Həbsdə olan Hilal Məmmədovla görüşdüm. Dedi ki, tənqid güzgü kimidir və bizlərdən hər birimiz həmin güzgüyə baxmaq iqtidarında olmalıyıq. Bu bizə düzgün istiqamətdə hərəkət edib etmədiyimizi göstərəcək».

Anne Brasseur vurğulayıb ki, Avropa Şurası hər hansı ölkəni yalnız tənqid xətrinə tənqid etmir. Bu tənqidlər problemlərin həll olunması üçün edilir. AŞPA prezidenti bu baxımdan Azərbaycanın da istisna olmadığını və Avropa Şurasına bütün üzv ölkələr kimi, Azərbaycanın da üzərinə götürdüyü öhdəliklərə əməl etməsi gərəkdiyini ayrıca diqqətə yetirib.

«AŞPA-ya üzv olarkən Azərbaycan öhdəliklər götürüb. AŞPA-nın təməl prinsipləri demokratiya, insan haqları və qanunun aliliyidir».

«BU ÖLKƏDƏ İNAM VƏ ETİMAD QALMAYIB»

Amma o, təəssüflə bildirib ki, Azərbaycan tənqidə o qədər də açıq deyil:

«Mən buraya dialoq üçün gəlmişəm. Dialoqun keçirilməsi üçün əvvəlcə iradə olmalıdır. Daha sonra digərlərinin fikrini dinləməyə hazır olmalı, başqalarına hörmət etməli, başqalarını anlamağa çalışmalısınız, onların fikrinə şərik olmasanız belə. Dialoq üçün ən önəmlisi, inam və etimaddır. Təəssüflər ki, bu ölkədə inam və etimadın az olduğunu, bəlkə də heç olmadığını görürəm... Bunun üçün vaxt və səbir lazımdır. Məndə səbir yoxdur. Ancaq heç bir ümid qalmadığını bilsəydim, buraya səfər etməzdim».

Anne Brasseur bu səfərində müxalifətlə görüşməsə də, ölkədə müxalifətin durumu barədə danışmaqdan da yan keçməyib. O, qanunların qəbulu ilə yanaşı, həm də hökumətə nəzarət etməli olan parlamentdə həqiqi müxalifətin olmadığını bildirib:

«Azərbaycan parlamentində güclü müxalifət yoxdur. Hər demokratiyada müxalifətə ehtiyac var. Parlamentin rolu təkcə qanunları qəbul etmək deyil, həm də hökumətə nəzarətdir. Parlamentin bu nəzarət mexanizmi yoxdursa, demokratiya lazımi səviyyədə işləməyəcək».

«BƏS KİŞİLƏR HARADADIR?»

AŞPA prezidenti Azərbaycanda QHT-lərin qeydiyyatı, seçki məcəlləsi, məhkəmə sistemi ilə bağlı qanunlara yenidən baxılmasını qaçılmaz sayır.

Dağlıq Qarabağ münaqişəsində Avropa Şurasının mövqeyinə gəlincə, Anne Brasseur hər bir üzv dövlətin ərazi bütövlüyünə təminat verilməsini vacib şərt saydığına diqqət çəkib. Amma Ukrayna hadisələrindən fərqli olaraq, o, Qarabağ münaqişəsinin çözümündə tərəflərin birgə müzakirəsinin önəmini vurğulayıb.

Anne Brasseur mətbuat konfransının sonunda yarıciddi-yarızarafat bir məqama da diqqət yönəldib – gender məsələsinə:

«İlham Əliyev iyunda AŞPA-da olanda onu kişilər müşayiət edirdi. Bu barədə fikrimi o zaman prezidentə bildirdim. Parlamentdə də müxtəlif siyasi partiya nümayəndələri ilə görüşdüm, hamısı kişi idi. Mətbuat konfransında isə bunun əksiylə qarşılaşdım. Bu dəfə belə sualı dəyişirəm ki, bəs kişilər haradadır?».

Anne Brasseur sentyabrın 21-dən Azərbaycanda səfərdəydi. Səfər sentyabrın 25-də başa çatıb.

XS
SM
MD
LG