Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:56

«Prezidentə teleqram vurdum, başçı ərimi həbsə atdı»


Amaliya Əliyeva
Amaliya Əliyeva

-

“Bizi polis maşınına yığıb icra hakimiyyətinə - başçının otağına gətirdilər. Birinci mərtəbədən başçının otağına qədər polis düzülmüşdü. Otaqda da xeyli polis və rayon polis rəisinin müavini vardı”.

Saatlı rayonunun Mollavəzli kənd sakini Amaliya Əliyeva AzadlıqRadiosunun “Qaynar xətt”inə danışır ki, bir hasar problemi ailəni əməlli-başlı işə salıb. Deyir icra başçısı onu küçə söyüşləri ilə təhqir edib, həyat yoldaşı Vahid Əliyevi isə döyərək 15 sutkalıq həbs etdirib.

HASAR MÜBAHİSƏSİ, BAŞÇININ OTAĞI, POLİS ŞÖBƏSİ...

Şikayətçinin sözlərinə görə, icra başçısını qəzəbləndirən səbəb prezidentə məktub yazması olub:

“Qonşumla hasar mübahisəmiz vardı. Mən tikirdim, o rayon icra hakimiyyətinə şikayət edib sökdürürdü. Bu yaxınlarda yenə hasarı tikdik. İcra hakimiyyətinin işçiləri tökülüşüb sökdülər. Qonşunun həyəti ilə aramız açılan kimi mal-qarası həyətimizə doluşdu, hər şeyin altını üstünə çevirdilər, ot tayalarını yararsız hala saldılar, kiçik dananı da basıb öldürdülər. Dəfələrlə icra hakimiyyətinə getdik ki, gəlib sökdükləri hasarı tiksinlər. Heş binaya yaxın da buraxmadılar, hər dəfə qapıdan qovulduq. Mən də vəziyyəti belə görüb ölkə başçısına teleqram vurdum”.

Sentyabrın 13-də rayondakı poçt şöbəsinə girib teleqramı ölkə başçısına yollamaq üçün təqdim edib. Qəbz alıb evə yenicə dönüb ki, qapıda yerli icra nümayəndəliyinin və icra hakimiyyətinin işçiləri peyda olub:

"POÇTDAN GÖNDƏRİLƏN TELEQRAMLAR BAŞÇININ STOLUNUN ÜSTÜNƏ GEDİR"

“Teleqramı yollamağımdan heç yarım saat keçməmişdi. Evimin qapısından təzə girmişdim ki, gəldilər. Dedilər sən nə karəsən ki, başçı dura-dura ölkə rəhbərinə şikayət edirsən. Onda başa düşdüm ki, rayondan göndərilən şikayət teleqramları, məktubları göndərilən ünvana yox, başçıya gedirmiş. Məni xəbərdarlıq etdilər ki, bir də belə şey etməyim. Mən də dinc dayanmadım, sabahı gün şikayətimi ölkə başçısına başqa rayonun poçt şöbəsindən yolladım”.

Üstündən 5 gün keçir, yerli icra hakimiyyətinin və yerli polisin işçiləri Amaliya Əliyevanın yaşadığı ünvana tökülüşür:

“Dedilər, durum düşün qabağımıza, başçı çağırır. Biz getmək istəmirdik. Bilirdik ki, başçı arxamızca bu qədər polis yollayıbsa, demək bizi xoş niyyətlə çağırmır. Yoldaşımın əl-ayağından tutub polis maşınına basdılar. Məni də yanında oturtdular, gətirdilər icra hakimiyyətinə. Binaya daxil olandan ta başçının kabinetinə kimi dəhliz polislərlə dolu idi. Prezidentə vurduğum bir şikayət teleqramı rayonun bütün polisini ayağa qaldırmışdı. Yaxşı mənada yoxhaaa, bizi cəzalandırmaq üçün…”

POLİSLƏRƏ GÖSTƏRİŞ VERDİ Kİ, "APARIN BUNU"

Şikayətçinin deməsinə görə, başçı onu da, həyat yoldaşı Vahid Əliyevi də prezidentə teleqram vurduqlarına görə əməllicə danlayır. Sonra da otaqdakı polislərə göstəriş verir ki, Vahid Əliyevi polis şöbəsinə aparıb “ağıllandırsınlar”.

Şikayətçi:

“Biz nə qədər başçıya başa salmağa çalışdıq ki, sizə dönə-dönə müraciət etdik, faydası olmadı, ot tayalarımız, danamız əlimizdən çıxdı. Məcbur qalıb prezidentə yazdıq. Həyat yoldaşım gördü ki, başçı gözünü yumub ağzını açıb, bizi dinləmək belə istəmir və hey bizə söyür. Dedi, dur çıxıb gedək. Elə bunu demişdi ki, başdı lap qəzəbləndi, polislərə əmr etdi ki, tutun bunu atın içəri. Yoldaşımı əl-ayağından yapışıb apardılar. Elə bil əməliyyat keçirib əlisilahlı, qatı cinayətkar tutmuşdular. Başçı da arxalarıyca çıxdı. 1-ci mərtəbədən səsləri gəlirdi. Başçı ərimi döyürdü. Mən 1-ci mərtəbəyə qaçmaq istəyəndə itələyib başçının otağına saldılar”.

Amaliya Əliyeva bir də polis şöbəsində - yoldaşının saxlandığı təcridxanada onu görüb:

“ Ərimi aparandan sonra məni də başqa maşına mindirib polis şöbəsinə apardılar. Dedilər bu saat sənə də həbs verdirəcəyik. 6 saata yaxın bir otaqda saxladılar. Axırda ssə-küy saldım ki, ya məni həbs edin, ya da buraxın çıxıb gedim. Nə vaxta qədər burada oturmalıyam? Gedib rəislə məsləhətləşib gəlib otaqdan açıb buraxdılar. Şöbədən çıxanda polsi işçilərindən birindən xahiş etdim ki, heç olmasa kənardan ərimi görüm. Sağ olsun, məni tutulanların saxlanma yerinin qapısına gətirdi, nəfəsciyi açdı, ərimi gördüm. Bir küncdə yıxılıb qalmışdı. Dedi, Amaliya, başçı məni orda o ki var döydü, gətirdilər bura. Məhkəmə də 15 sutka verdi. Tərpənə bilmirəm, qabırğalarım, kürəyim sızıldayır”.

"BAŞDAN-AYAĞA ŞƏR-BÖHTANDILAR"

Amaliya Əliyevanın sözlərinə görə, həyat yoldaşının üz-gözündə də xəsarət izləri olub. Vahid Əliyev və o, həkim tələb etsələr də, onlara bildirilib ki, başçının göstərişi var – həkim çağırmaq olmaz.

Ailə imkansız olduğundan Amaliya Əliyeva vəkil tuta bilməyib.

Sentyabrın 18-də Amaliya Əliyeva Bakıya gəlib, baş prokuror Zakir Qaralova və ölkə başçısına müraciət edib.

Saatlı Rayon İcra Hakimiyyətindən “Qaynar xətt”ə şikayətlə bağlı bunları bildiriblər:

“Həqiqətən də Əliyevlər ailəsi hasar məsələsinə görə dəfələrlə icra hakimiyyətinə və polisə şikayət ediblər. Sentyabrın 17-də yenə icra hakimiyyətinə gəliblər. Vahid Əliyev orada polis əməkdaşı və icra nümayəndəsi ilə mübahisə edib. Heç bir döyülmə, təhqir olmayıb. Sadəcə, Vahid Əliyev qəbulda olanda əl-qol atmağa, müqavimət göstərməyə başladı. Polis də onu sakitləşdirib kənarlaşdırdı. Əvvəllər bu ailəyə icra hakimiyyəti tərəfindən dəfələrlə yardım göstərilib. Onlar şikayət etməyə vərdişdilər. Sizə danışdıqları da böhtandan başqa bir şey deyil”.

Rayon İcra Hakimiyyətindən bildirdilər ki, Vahid Əliyev Saatlı Rayon Polis Şöbəsində saxlanılır.

Saatlı RPŞ-nin rəis müavini Hacı Əhmədov isə bu barədə danışmaq istəmədi.

XS
SM
MD
LG