Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:54

Robert Cekuta Azərbaycanda insan haqları, enerji və təhlükəsizlikdən danışdı


Robert Cekuta
Robert Cekuta

-

Sentyabrın 17-də ABŞ Senatın Xarici Əlaqələr Komitəsində Azərbaycan və Ermənistana səfir postlarına namizədlərin dinləmələri keçirilib.

NARAHATLIQ DOĞURAN SAHƏ

Azərbaycanda səfir vəzifəsinə namizəd Robert Cekuta deyib ki, Azərbaycan çox çətin bir qonşuluq şəraitində yaşayır:

«Bu ölkə təhlükəsizlik və sabitliyi qoruyub saxlamalıdır. Ancaq bunu yalnız hüquq, hüququn aliliyi, insan haqları və fundamental azadlıqlar daxil olmaqla, demokratik prinsiplərə güclü şəkildə sadiq qalmaqla həyata keçirmək olar. Bu, administrasiya üçün, eləcə də siz və sizin Konqresdəki həmkarlarınız üçün narahatlıq doğuran bir sahədir. Təsdiqlənərəmsə, azərbaycanlılarla, onların istədiyi və layiq olduğu güclü demokratiya və iqtisadiyyatın qurulması üçün fasiləsiz olaraq işləyəcəyəm».

«Enerji və təhlükəsizliklə bağlı əməkdaşlığımızı davam etdirdiyimiz kimi, Azərbaycan hökuməti ilə demokratik institutların və proseslərin irəli aparılması, hüququn aliliyinin gücləndirilməsi üçün də işləməliyik», Cekuta sözlərinə əlavə edib.

ENERJİ MARŞRUTLARININ ŞAXƏLƏNDİRİLMƏSİ

Dağlıq Qarabağ Münaqişəsinə dair Robert Cekuta deyib ki, ancaq danışıqlar yoluyla əldə olunan həll regiona uzunmüddətli sülh və sabitlik gətirə bilər:

«Bakı-Tbilisi-Ceyhan kəməri və Cənub Dəhlizi Azərbaycanın qlobal enerji təhlükəsizliyinə sadiqliyinin güclü simvoludur, bizim Avropa bazarları üçün enerji marşrutlarını və mənbələri şaxələndirmək cəhdlərimizin əsas elementidir. Təsdiqlənərəmsə, enerji marşrutlarının şaxələndirilməsi və mühüm enerji infrastrukturunun mühafizəsinin gücləndirilməsi üçün Azərbaycanla işi davam etdirəcəyəm», Cekuta deyib.

ERMƏNİSTANIN NARAZILIQ DOĞURAN QƏRARLARI

Ermənistanda səfir postuna namizəd Richard Mills deyib ki, ABŞ-ın Ermənistan siyasətinin məqsədi qonşularla sülh şəraitində yaşayan, azad və çiçəklənən Ermənistanın olmasıdır:

Richard M. Mills
Richard M. Mills

«Bu məqsədə nail olmaq Ermənistana bu sahələrdə köməkdən keçir – demokratiyanın gücləndirilməsi və korrupsiya ilə mübarizədə, iqtisadiyyatın liberallaşdırılmasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yoluyla, Minsk qrupu prosesilə həllində, qonşusu Türkiyə ilə, erməni xalqının əzablarının tam, səmimi və ədalətli etiraf olunaraq barışmasında».

«Biz Ermənistanın bəzi son qərarlarından narazılığımızı aydın bildirmişik. BMT Baş Assambleyasında Ukraynanın suverenliyi və ərazi bütövlüyü əleyhinə Rusiya ilə birlikdə səs verməsi də bu qərarlar içindədir. Ancaq ABŞ hökuməti Ermənistanla güclü ikitərəfli münasibət saxlamaq öhdəliyinə sadiq qalır».

ABŞ ERMƏNİSTANIN YANINDA OLACAQ

Richard Mills-in sözlərinə görə, Ermənistanın ötən ilin sentyabrında AB ilə azad ticarət zonasına dair danışıqları dayandırmaq və Rusiyanın rəhbərlik etdiyi Avrasiya İqtisadi Birliyinə qoşulmaq qərarı onu göstərib ki, Ermənistanın regional təcridi azaldılmalı, iqtisadi və təhlükəsizlik baxımından müstəqilliyi gücləndirilməlidir.


Cənab Mills Türkiyə-Ermənistan barışığına doğru cəhdlərin də vacib olduğunu vurğulayıb:

«Çünki Birləşmiş Ştatlar və dünya gələn il, 20-ci əsrin ən pis vəhşiliklərindən biri, 1.5 milyon erməninin qırğınının 100 illiyində erməni xalqı ilə həmrəy olacağıq. Bu faciəvi ildönüm yaxınlaşarkən, vacibdir ki, Türkiyə Ermənistanla faktların tam, səmimi və ədalətli etirafı istiqamətində işləsin və iki ölkə məhsuldar münasibətə başlaya bilsinlər».

XS
SM
MD
LG