-
Sentyabrın 17-də AMEA-nın Əsas binasında Seyid Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunmuş «Söz mülkünün Şəhriyarı» adlı tədbir keçirilib.
AMEA-nın yaydığı xəbərə görə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, AMEA Nizami adına Ədəbiyyat İnstitutu, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin Mədəniyyət Mərkəzi və Xəzər Universitetinin təşkilatçılığı ilə keçirilən xatirə günündə Azərbaycan alimləri ilə yanaşı, iranlı şəhriyarşünaslar, İraq, Qırğızıstan və Tacikistanın Azərbaycandakı səfirliklərinin nümayəndələri də iştirak ediblər.
Öncə şairin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra çıxışlar başlayıb.
İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pak Ayin tədbirin təşkilatçılarına təşəkkürünü bildirib və tədbirin iki dövlət arasında münasibətlərin nümunəsi olduğunu vurğulayıb.
Sonda Seyid Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş filmlər nümayiş olunub və Əməkdar artist Sahib Paşazadənin rəhbərlik etdiyi muğam üçlüyünün ifası dinlənilib.