Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:59

Ömür boyu bir yerdə, həbsxanada ayrı...


Hüquq müdafiəçisi Leyla Yunus və onun əri, tarixçi Arif Yunus
Hüquq müdafiəçisi Leyla Yunus və onun əri, tarixçi Arif Yunus

-

Yazının müəllifi Daisy Sindelar

Leyla və Arif Yunus ilk dəfə 1970-ci illərin sonunda, Bakı Dövlət Universitetinin tarix fakültəsinin tələbələri olanda, professorlardan birinin təşkil etdiyi qonaqlıqda tanış olublar.

Axşam düşməyə başlayanda Arif Leylaya onu metroya qədər ötürmək istədiyini deyib. Bu qızda onu cəlb edən nəsə vardı. Bir həftədən sonra Arif artıq Leylanın anasıgilin qapısını döyərək evlənmək istədiyini bildirib.

Dinara Yunusova deyir ki, nənəsi belə qəfil təklifdən özünü itirib.

«Azərbaycanda qızın razılığını almaq üçün onun valideynlərinin yanına adətən yaşlılar gedirlər. Amma atam özü gəlib – deyir 28 yaşlı Dinara Yunusova, - Nənəm əvvəlcə tutulsa da, sonra bildirib ki, «bu Leylanın öz həyatıdır, qoy özü də həll etsin». Mənim anam atamı universitetdə hətta həmin qonaqlıqdan əvvəl də görmüşdü və yəqin ki, ondan xoşu da gəlirdi».

Bundan az sonra onlar evləniblər. Bu münasibətlə keçirilən kiçik toy mərasimində yalnız yaxın dostlar iştirak ediblər. Doqquz il sonra Dinara doğulub.

«ONLAR AZƏRBAYCAN VƏ ERMƏNİSTAN ARASINDA SÜLH OLMASINI İSTƏYİBLƏR»

​Arif tezliklə nüfuzlu yazıçı və tarixçi, Leyla isə görkəmli insan haqları fəalı və hökumətin kəskin tənqidçisi kimi tanınıblar. Onların hər ikisi Azərbaycanla qonşu Ermənistan arasında barışıq əldə edilməsinə hüsn-rəğbət bəsləyiblər.

Dinara xatırlayır ki, o uşaq ikən çox vaxt atası ilə anasının gec saatlaradək tarix barədə ehtiraslı mübahisələrinə və ya Leylanın 1995-ci ildə yaradılmış Sülh və Dermokratiya İnstitunun rəhbəri kimi fəaliyyəti barədə söhbətlərinə qulaq asa-asa yuxuya gedərmiş.

Bəzən onlar divanda əyləşib İkinci Dünya Müharibəsindən bəhs edən sovet filmlərinə baxar, bəzən də Vladimir VysotskyBulat Okudzhava-nın mahnılarını dinləyərmişlər.

Leyla Yunus və qızı Dinara Yunus
Leyla Yunus və qızı Dinara Yunus

«Mahnı oxumağı bacarmasalar da, - deyir Dinara, - hər ikisi oxumağı sevərdilər. Onları ayrı görmək mümkün deyildi».

İndi isə bu cütlük 36 illik birgə həyatlarında ilk dəfə olaraq əsl ayrılıq sınağına atılıb. Hər ikisi fırıldaq və xəyanət ittihamları ilə həbsxanadadırlar. Tərəfdarları bu ittihamların saxta olduğunu və onların uzun illərin fəallığına və Bakı - Yerevan arasındakı sülh cəhdlərinə görə cəzalandırıldıqlarını bildirilər.

58 yaşlı Leyla və 59 yaşlı Arif iyulun 30-da həbs ediliblər və onlara qarşı Ermənistanın xüsusi xidmətlərinə casusluq etmək ittihamı irəli sürülüb. İddia edilir ki, onlar xaricdən aldıqları yardım pulları ilə Azərbaycan vətəndaşlarını casusluq üçün ələ almağa çalışıblar. Human Rights Watch beynəlxalq insan haqları təşkilatı bu ittihamların «tamamilə qondarma» olduğunu bildirib.

Leyla Yunus Bakı Təcridxanasında həbsdədir. Onun həbs olunduğu gün Arifə də ev dustaqlığı cəzası kəsilib, lakin az sonra, avqustun 5-də onu da həbs edərək əvvəlcə Kürdəxanı həbsxanasına salıblar, oradan isə işgəncələrə və insan haqlarının pozulmasına görə ad çıxarmış Milli Təhlükəsizlik Nazirliyinin həbsxanasına köçürüblər.

Onların həbsləri neftlə bəslənən İlham Əliyev rejiminin müxalifət üzərinə geniş hücumu əsnasında baş verib. Bu arada daha iki fəal – hüquqşünas İntiqam Əliyev və demokratiya kampaniyaçısı Rəsul Cəfərov həbs olunublar. Üçüncü şəxs – İlqar Nəsibov avqustun 21-də Naxçıvanda qəddarlıqla döyülərək ölümcül hala salınıb.

ARİF VƏ LEYLA YUNUSUN ADLARI 100-DƏK SİYASİ MƏHBUS SİYAHISINA SALINIB

Yunusların, Cəfərovun və İntiqam Əliyevin adları Azərbaycanda saxlanan 100-dək siyasi məhbusun yenicə nəşr olunmuş siyahısına daxil edilib.

Ən acınacaqlısı budur ki, bu siyahıya dair hesabatı elə onların özləri – Yunuslar və Cəfərov tərtib etmişdi.

Ölkəsi hazırda Avropa Şurası Nazirlər Kabinetinə sədrlik edən İlham Əliyev Azərbaycanda hər hansı siyasi məhbusun olduğunu qətiyyətlə danır. Tənqidçilər deyirlər ki, Qərb, ölkənin nəhəng enerji sərvətinə görə Əliyev rejiminin insan haqlarını kobud şəkildə pozmasına göz yumur.

Bu arada Yunusların səhhəti barədə narahatlıqlar artır. Leyla Yunus diabetdən əzab çəkir və xüsusi pəhrizə ehtiyacı var. Arif Yunusun ürəyi xəstədir. O bu ilin əvvəlində Leyla Yunusla ölkəni tərk edərkən hava limanında saxlandıqdan sonra həbsxanaya düşüb. O vaxt onların ölkəni tərk etmələri də yasaqlanıb.

Son beş ili siyasi sığınacaq aldığı Hollandiyada yaşayan Dinara üçün valideynlərinin həbsi barədə xəbər işgəncə olub. O deyir ki, atası ilə avqustun 5-də, o, həbs edilməzdən bir neçə saat əvvəl telefonla danışıb.

Arif Yunus və qızı Dinara Yunus
Arif Yunus və qızı Dinara Yunus

«O çox narahat idi. Ürəyinin xəstəliyinə, qan təzyiqinin yüksəkliyinə baxmayaraq, mənə deyirdi ki, hər şey qaydasındadır, - deyir Dinara, - O dedi ki, yatmağa gedir və mənə sabah zəng edəcək. Ertəsi gün qəzetlərdən oxudum ki, onu içəri salıblar».

Yunusların vəkilləri deyirlər ki, onlar lazımi tibbi qayğıdan məhrum ediliblər, onların bir-biri ilə kommunikasiyası da qadağan olunub. Ötən həftə ərinə yazdığı qəm dolu açıq məktubunda Leyla Yunus saxlandığı kameradakı ağır şəraitdən, zorakı kamera yoldaşlarının təzyiqlərindən şikayətlənir, lakin bildirir ki, «ən çətini sənin yanında ola bilməməyimdir».

Dinara valideynlərini arvadları ilə birlikdə həbs edilmiş Aleksandr Solzhenitsyn-ə və başqa sovet dissidentlərinə bənzədir. «Biz bu barədə kitabları bir yerdə oxumuşuq və birlikdə həbs olunanların nə hiss etdiklərini təsəvvür etməyə çalışmışıq» – deyilir məktubda.

«MƏKTUBU ÜRƏK AĞRISIZ OXUMAQ ÇƏTİNDİR»

Dinara deyir ki, bu məktubu ürək ağrısız oxumaq çətindir. Ələlxüsus da biləndə ki, valideynləri təqsirli bilinsələr, aylarla, bəlkə də illərlə həbsxanada olacaqlar.

«Anam heç vaxt atamdan ayrı olmayıb, - deyir Dinara, - Hətta mən atamla Skype-da danışanda da arxadan onun səsini eşidirdim. O tez-tez atamı çağırır və deyirdi: «Arif bura gəl, köməyinə ehtiyac var». Anam onsuz heç nə edə bilmirdi. İndi isə anam səhhəti belə vəziyyətdə olan atamı bir daha görə bilməyəcəyindən qorxur. Qorxur ki, son vidalaşma üçün də onu görə bilməsin».

Dinara deyir ki, böyüdükcə, anasının üzərinə düşən təzyiqi daha yaxşı dərk edirmiş:

«Atam və anam mənə heç vaxt nə düşünməyi öyrətməyiblər. Lakin mən onların söhbətlərinə qulaq asırdım. Sonralar böyüyəndə onların bəzi işlərə dair sənədlərini tərcümə edirdim. Mən onda başa düşdüm ki, anam nə kimi çətinliklərlə üzləşə bilər».

«BU İŞDƏ SONADƏK VARIQ, BURADA QALIB İNSAN HAQLARI UĞRUNDA MÜBARİZƏNİ DAVAM ETDİRƏCƏYİK»

Leyla Yunus və Arif Yunus
Leyla Yunus və Arif Yunus

Lakin o deyir ki, valideynləri onun ölkədən getməsinə çalışsalar da, özləri Azərbaycanı heç vaxt tərk etmək istəməyiblər. Onlar deyiblər ki, «biz bu işdə sonadək varıq, burada qalacaq və insan haqları uğrunda mübarizəni davam etdirəcəyik». Bütün bunlara baxmayaraq, onlar xoşbəxt ailə həyatını qoruyub saxlaya biliblər, dəniz kənarına gəzintiyə çıxıblar, Joy adlı itlərini gəzdiriblər və arabir tanqo dərslərinə də gediblər.

«Əgər onlarla danışmaq imkanım olsaydı, onları nə qədər çox sevdiyimi söyləyərdim. Deyərdim ki, onlarla fəxr edirəm, - bildirir Dinara, - Ümid edirəm ki, tezliklə onları bağrıma basa biləcəyəm. Belə valideynlərimin olması mənə ilahi bir hədiyyədir. Tale mənə bundan daha gözəl bir ailə verə bilməzdi».

Yazını Zülfüqar Rüfətoğlu tərcümə etdi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG