Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:11

Maryam Mirzakhani də azərbaycanlı çıxmadı... Faciə!


Əli Əkbər
Əli Əkbər

-

Sevgiyə, tanınmağa, diqqətə, qayğıya, isti bir qucağa, nəvazişə susamış Azərbaycan insanı üçün, bilsəniz o qadının heç olmasa, heç olmasa ulu nənəsinin ögəy bacısının ərinin azərbaycanlı olmağı nə qədər vacib idi...

Əli Əkbər

SİZ HƏLƏ AZƏRBAYCANLI OLMAMISINIZ?

Birdən-birə azərbaycanlılaşdırılan, ertəsi gün isə azərbaycanlılığı özü tərəfindən təkzib edilən Stanford Universitetinin professoru, riyaziyyat “Nobel”i hesab olunan “Fields” mükafatını almış Maryam Mirzakhani haqqında Mirzə Xəzərin yazdığı qeydi oxudum: “Məşədi İbad demişkən, bu gəlini gətirəndə baxmazlar ki, bu kişidi, ya qadındı?”

Bu hadisəyə ironiya etməmək mümkün deyil, amma ürək ağrıdan hadisədir həm də.

Beynəlxalq “Fields” medalını almış iranlı qadının azərbaycanlı olma ehtimalı; bunun, qısa da olsa, sevinci bəsdir bizə.

Sevgiyə, tanınmağa, diqqətə, qayğıya, isti bir qucağa, nəvazişə susamış Azərbaycan insanı üçün, bilsəniz o qadının heç olmasa, heç olmasa ulu nənəsinin ögəy bacısının ərinin azərbaycanlı olmağı nə qədər vacib idi.

Başa düşmək çətin deyil.

Əzilmişliyi allah heç kəsə – nə fərdə, nə xalqa, nə dinə göstərməsin. Bəzi müsəlmanlar Jackson-u, Armstrong-u, hətta Göthe-ni müsəlman çıxardıqları kimi, azərbaycanlılar da Freddie Mercury-ni, hətta bir dəfə razqon götürüb, Leonardo da Vincini azərbaycanlı eləmişdilər.Qəddar Mirzakhani sevincin uzun sürməsinə imkan vermədi – kökündən baltaladı: “Azərbaycanlı deyiləm”. Elə bilirsiniz söhbət bununla qapandı? Yox. İmkan vermədilər. Cavabımız ağır oldu: “Köklərini, əslini danan nanəcib qadın! Lazım deyil bizə sənin azərbaycanlı olmağın. Zəncanlısansa deməli azərbaycanlısan. İstəmirsən özün bilərsən. Allah bəlanı versin. Qan qusasan...” Sonuncu qarğış mənim giperbolamdır (riyaziyyat termini yerinə düşdü).

Şerif. Bizim quyu
Şerif. Bizim quyu

Riyaziyyatçı xanımı “Azərbaycanlı dostlarım var, amma özüm azərbaycanlı deyiləm” deməyi də xilas etmədi. İndi biz sualı belə qoyuruq: “Bəs niyə deyilsən?”

Bizim ölkədə nə zaman düz-əməlli təhsil olacaq, gənclər gömrük və hüquqdan da başqa sahələrin olduğunu öyrənəcəklər? Onlara bunu deyən, xatırladan lazımdır. Xaricə gedənlər də “pul gətirən” ixtisaslara baş vurur, kimi dindirirsən maliyyə, bank işində oxuyur. Azərbaycanda bankçılıq sektoru onsuz da çox gözəl inkişaf edib.

Hökumətin basqısı ilə məhkəmə qərarı olmadan, müştərinin öz hesabına daxil olmasını əngəlləmək kimi qeyri-etik hərəkətləri (ağızları nədir hökumətə etiraz etsinlər) və yenə də sistemdən doğan, inkişafa mane olan, sağlam rəqabəti əngəlləyən faktorları nəzərə almasaq, Azərbaycandakı dörd-beş iri, özəl bank maksimum səliqəli işləməyə, yüksək səviyyəli xidmət göstərməyə çalışır.

Kompetent bir adam kimi sizə deyirəm. İndi sən bu bank işində nə edəcəksən, uzaqbaşı? Avropada qalsan belə, hər halda “Deutsche Bank”ın vitse-prezidenti olmayacaqsan.

Sən get Sorbonda gen mühəndisliyini oxu, Florida texniki institutunda aviasiya mühəndisliyini oxu, karyera qur özünə, adın çıxsın, mükafat al, azərbaycanlılar da sevinəndə buna haqları çatsın. Get sən al bu mükafatı, amma adın da Məmmədəli Pirvəliyev, Sərvinaz Dostəliyeva olsun. Konkret, dəqiq, şübhəsiz, sorğu-sualsız azərbaycanski ad və soyad!

Bu baş verməyincə, azərbaycanlılar Fistandustpur, Darbaqeyşi, Maheyzad kimi adları olan adamları əvvəl azərbaycanlı edib, sonra onlarla fəxr etməyə, yazıq görünməyə davam edəcəklər. Bu xalqa qürurunu qaytarmaq lazımdır.

Qürur qayıdana qədər isə, bizimkilər gərək heç olmasa ölüləri azərbaycanlılaşdırsın. Ermənilər belə edir. Yəni erməninin usta olduğu bir işdə, onları da atlayıb keçmək, bir addım öndə olmaq istəmək – bağışlayın, əcaib görünür. Freddie Mercury ilə yaxşı gedirdilər, hətta da Vinci-yə də eyvallah demək olardı. Amma bunlar gedib diri qadına ilişdilər ki, sən azərbaycanlısan.

Onu deyirdim axı. Xəbəriniz var ki, dəqiq elmlər gedib işinin dalıyca? Bunları seçənlər də uzaqbaşı üfüqdə orta məktəb müəllimliyi görürlər? Dəqiq elmlərdə işinin peşəkarı olan adamlar Azərbaycanda qalmırlar, əgər özəl sektorda özlərinə yüksək məvacibli təyinat tapmayıblarsa. Onların da faiz nisbətini yəqin ki, təsəvvür edirsiniz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG