Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:02

Lənkəranın Gəgiran kəndində Xruşşov dövründə yaşadıqlarını düşünürlər...


Gəgiran kəndi
Gəgiran kəndi

-

Havaların isti keçməsi Azərbaycanın Aran bölgələri bir yana, dağlıq ərazilərində yaşayanlar üçün də problemlər yaradır. Dağlıq ərazilərdə də içməli su çatışmır. Meyvə bağları susuzluqdan yanır. Kənd yollarını maşın keçəndə toz-duman basır. Lənkəran rayonunun Gəgiran kənd sakini Əli Axundov da sözə su problemindən başlayır:

«LƏNKƏRANIN KƏNDİNDƏN LƏNKƏRANA 5 MANATA, LƏNKƏRANDAN İRANIN ƏRDƏBİL ŞƏHƏRİNƏ 3 MANATA GETMƏK OLUR»

«Burda su yoxdur, elə bil Ərəbistan çölləridir. Xalqın qadınları su növbələrinə durur. Yol yoxdur. Lənkəranın kəndindən Lənkərana 5 manata, Lənkərandan İranın Ərdəbil şəhərinə 3 manata getmək olur. Lənkərandan Bakıya 300 kilometrdir. O da 5 manatdır. Ancaq aktlar yazırlar ki, Gəgirana yol çəkilib. Gəgirana yol çəkməyiblər. Burda yaşayan 2000 insanın vəziyyəti çox çətindir».

Kəndin digər sakini İslam Əliyev deyir ki, müstəqillikdən 20 ildən çox keçməsinə baxmayaraq sovet dövründən qalmış problemlərin içində çapalayırlar. O qeyd edir ki, Azərbaycan varlı ölkə olsa da onlar ehtiyac içində yaşayırlar. Dağ kəndlərindəki ağır yaşayış cavanların burdan köçməsinə səbəb olur:

«BU KƏNDDƏ SU YOXDUR, YOL YOXDUR, MARŞRUT YOXDUR, HƏKİM YOXDUR. AZƏRBAYCAN BAYRAĞI YOXDUR»

Kənd sakini
Kənd sakini

«Əhalinin hamısı gedib Bakıda işləyirlər. Burda iş yeri yoxdur. 300 təsərrüfat var bizdə. Xahiş edirik, icra başçısından ki, bizi ayırsın. Su üçün 6 saat yol gedirsən. Su yoxdur, yol yoxdur, marşrut yoxdur, həkim yoxdur. Azərbaycan bayrağı bu kənddə yoxdur».

Sakinlərdən Kamal Xalıqov isə kənd təsərrüfatının bərbad vəziyyətindən danışır. Onun deməsinə görə, kənddə adambaşına 9 sot torpaq düşüb. Kamal Xalıqov deyir ki, bu qədər torpaqla yaşamaq qeyri-mümkündür. Onun sözlərinə görə, kənd təsərrüfatında bütün işlər əl əməyi ilə görülür, texnika yoxdur:

«BİZ KHRUSHCHEV (XRUŞŞOV) VAXTINDA NECƏ YAŞAMIŞIQSA, İNDİ DƏ ELƏ YAŞAYIRIQ»

«Hər yerdə yenilik var. Biz Xruşşov vaxtında necə yaşamışıqsa, indi də elə yaşayırıq. Nə traktor var, nə maşın var. Heç nə yoxdur».

Lənkəran
Lənkəran

Kamal Xalıqovun sözlərinə görə, 2-3 gündür 70-ə yaxın sakin suya və yola görə kəndin mərkəzində toplaşır. Kənd ərazi nümayəndəsinə xəbər göndərsələr də hələ gəlib onlarla görüşməyib. K. Xalıqov deyir ki, kəndin mərkəzindəki çayxana da fəaliyyətini dayandırıb:

«BİZDƏ ÇAYXANA İŞLƏMİR»

«Bizdə çayxana işləmir. Sadəcə gərək pulun ola çayxanada oturasan».

İCRA NÜMAYƏNDƏSİNİN DEDİKLƏRİ...

Gəgiran ərazi nümayəndəsi İsmayıl Cəfərov da rayonun iki kəndində içməli su ilə bağlı çətinliklərin olduğunu etiraf edir. Onun sözlərinə görə, Gəgiran kəndi də bu kəndlərdən biridir. Ərazi nümayəndəsi deyir ki, kəndə içməli suyun verilməsi ilə bağlı layihə hazırlanıb və dövlət proqramına salınıb. Suyun çəkilişi isə 2015-ci ildə nəzərdə tutulub. O deyir ki, bu məsələ ilə bağlı kənd sakinləri ilə görüş keçirdib. Rayon icra hakimiyyəti başçısı da kənddə olub. Nümayəndənin fikrincə, kəndlərin problemlərini aradan qaldırmaq üçün hər zaman iş görülür.

XS
SM
MD
LG