Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:12

Ağacları kim kəsir?


Arxiv fotosu
Arxiv fotosu

“Ağır texnika ilə qəflətən hücuma keçdilər...”

Söhbət hər səhər gözümüzü açanda ilk eşitdiyimiz xəbərdəki kimi, cəbhə xəttində baş vermiş düşmən hücumundan getmir. Söhbət qəflətən həyətlərə, məhəllələrə olunan “basqın”lardan gedir. Ağır texnikaları isə ağacları kəsən dəzgahlar, traktorlar, ekskavatorlar, yük maşınlarıdır. İki gündür ki, Sumqayıtdakı 1-ci məhəllənin Azərbaycan prospektinə düşən hissəsində “müharibə” gedir. Məhəllə sakinləri ilə onlara adı-soyadı bəlli olmayan bir şirkətin əraziyə “hücum edən” əməkdaşları arasında...

"2 AY ƏVVƏL HƏYƏTDƏN BELƏ QOVULDULAR"

Məhəllə sakini Əfqan Hacıyev:

“Deməli, 2 ay əvvəl bu məhəlləyə adamalar gəldi, mötəbər bir yerin adından dedilər ki, guya həmin qurum burda 210 yerlik uşaq bağçası tikəcək. Halbuki, məhəllənin sağında da, solunda da uşaq bağçası var. Biz məəttəl qaldıq ki, hər iki tərəfimizdə uşaq bağçası ola-ola həyətin içindəki ağacları kəsib üçüncüsünü tikməyə nə ehtiyac var? Dedilər, pul ayrılıb, işə başlanmalıdır, vəssalam”.

Əraziyə ekskavator və traktorlar gətirilib. Ağacları kəsib katlavan qazmaq istəyəndə sakinlər necə deyərlər, sinələrini ağır texnikaların qarşısına veriblər:

“Qadınlar neft götrürdülər ki, bir ağaca əl vursanız, özümüzü yandıacağıq. Ara qarışdı, gətirdiklərini də götürüb çıxıb getdilər. İki ay idi ki, polislər məhəlləni üzük qaşı kimi əhatəyə almışdılar. Biz də göz-qulaqda idik ki, həyəti qazmaq istəyənlər qayıdıb gəlsələr müqavimət göstərək. Dünən gəlib çıxdılar”.

"ASFALTDA KATLAVAN QAZDILAR"

Baş verənlərin gerisini məhəllənin başqa sakini Məryəm Əliyeva danışır:

“Lapdan həyətə girdilər. Mane olmaq istədik. Polislər bir qadını döyüb apardılar. Aləm bir-birinə qarışdı. Telekanallara zəng vurduq ki, gəlib çəksinlər, dedilər, ərizə ilə müraciət edin. Ərizə vaxtı idi? Polis dedi, hünəriniz varsa, yaxın durun, hamınızı maşına doldurub şöbəyə apararıq, biriniz də geri qayıtmazsınız. Hamımızı sürüyüb ortalıqdan çıxartdılar, 3 ekskavator girdi həyətə, qaz ki, qazasan. Asfaltda katlavan qazdılar, su xətlərini dağıdıb tökdülər. Gecəyə qədər susuz qaldıq”.

Beləcə, mötəbər bir yerin adından istifadə edərək guya uşaq bağçası tikənlər qazıntı işlərini davam ediblər. Özü də hadisə Sumqayıt şəhər icra hakimiyyətinin bir addımlığında baş verir. Hətta icra hakimiyyətinin qarşısındakı küçə də bərbad vəziyyətə düşüb.

Avqustun 1-də adı, amalı hələ də bəlli olmayan şirkətin işçiləri və fəhlələr yenə həyətə gəliblər. Yenə polis işçilərinin əhatəsində... Bu dəfə ağaclar kəsilməliymiş. Çünki qazılan katlavanın bir hissəsi yaşıllığa düşürmüş. Ancaq elə üçüncü ağacı böyrü üstə qoyublar ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sumqayıt üzrə şöbəsinin əməkdaşları başlarının üstünü kəsdiriblər.

Həyət sakinləri:

Gördük icra hakimiyyətindən səs çıxmır, polis özü bunları himayə edir, ümidimiz qaldı bircə ekologiya şöbəsinə. Sağ olsunlar, zəng vurduq, gəldilər. Onlar gələn kimi iki ay burada keşik çəkmiş polislər də aradan çıxdılar. Adı bəlli olmayan şirkətin fəhlələri də qaçdılar, maşınlar da yoxa çıxdı. Bircə ekskavatoru apara bilməyiblər”.

İndi sakinlər məhəllənin giriş-çıxışını nəzarətdə saxlayırlar, növbəylə həyətdəki ağacların keşiyini çəkirlər... Qəflətən hücum ola bilər...

Əlaqədar qurumların isə araşdırmasına ehtiyac var: Sənəd-filan təqdim etmədən, adlarını belə söyləmədən adamların kompakt yaşadıqları ərazilərə girərək fikirlərini nəzərə almadan dağıdıcılıqla məşğul olan bu şirkətlərin arxasında kimlər dayanır?

XS
SM
MD
LG